Rasim Məmmədov haqqında hökm qüvvədə qaldı

Rasim Məmmədov. Foto: Rasim Məmmədovun yaxınlarının arxivindən

Apelyasiya şikayətləri təmin olunmadı

İyunun 6-da Bakı Apelyasiya Məhkəməsində “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri, 2 il 6 aydır həbsdə olan Rasim Məmmədov haqqında qərar elan olunub. Qərara əsasən, Rasim Məmmədov haqqında hökm dəyişib. Onun üzərindəki 14 illik azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ay azaldılıb və 13 il 9 ay olub. Bu haqda qərarı Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb. Rasim Məmmədov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılıb.

Həmin hökmə əsasən, “Baku Steel Company”nin keçmiş rəhbərinin özü və yaxınlarının adlarına olan bir çox əmlakı da müsadirə olunmuşdu. Bu səbəbdən həmin əmlakların sahibləri, o cümlədən Rasim Məmmədovun ailə üzvləri, hətta əmlakları müsadirə edilən şirkətlərin əməkdaşlıq etdiyi xarici şirkətlər belə, hökmdən maraqlı şəxs qismində apelyasiya şikayəti vermişdi. Onların heç birinin apelyasiya şikayətləri təmin olunmayıb.

Şikayətçilər arasında Britaniyanın “Baumant Sales” LLP şirkəti də vardı. Maraqlı şəxs qismində apelyasiya şikayəti verən bu şirkət “Baku Non Ferrous And Foundry Company”nin əmlaklarının müsadirəsilə bağlı hissədə hökmün ləğvini istəyirdi. Bu şirkət iddia edir ki, “Baku Non Ferrous And Foundry Company”nin əmlaklarının müsadirə olunması onun maraqlarına toxunur. Çünki ona 15 milyon 689 min 324 dollar kredit borcu var.

Müsadirə olunan əmlaklar arasında bağ evləri, mənzillər, torpaq sahələri, obyektlər və s. var. Həmçinin Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən “Baku Oxford School”un əmlakı da müsadirə olunan əmlaklar arasındadır. Bu məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə üzərinə həbs qoyularkən bu əmlak 22 milyon manat qiymətləndirilib.

“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın saxta və absurd olduğunu deyir. Onun sözlərinə görə, zavodu öz pulu ilə yaradıb, indi onu öz əmlakını mənimsəməkdə ittiham edirlər. O vurğulayıb ki, prezidentə barəsində yalan məlumatlar çatdırıblar.

Rasim Məmmədov birinci instansiya məhkəməsində bildirmişdi ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə  müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

Ana səhifəSiyasətRasim Məmmədov haqqında hökm qüvvədə qaldı