Rüfət Səfərovun son sözü: “Mən niyə bu gün buradayam?”

Rüfət Səfərov. İllüstrasiya: Meydan TV

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun məhkəmədə son sözü:

Hörmətli məhkəmə!

Hörmətli dövlət ittihamçısı!

Hörmətli və əziz vəkillər!

Hörmətli və əziz dostlarım, məsləkdaşlarım!

Hazırki prosesin hüquqdan, qanundan, normadan yox, sırf ictimai-siyasi münasibətlər sistemindən qaynaqlandığı heç kəsə sirr deyil. Faktdır ki, istintaqın bütün mərhələlərində cinayətin mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri bir kənara atıldı. Obyektivlik, qərəzsizlik və ədalətlilik gözlənilmədi. Xüsusilə də, qanunçuluq və hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri plintusun dibinə endirildi.

Bəli, təsdiq edirəm ki, saxlanıldığım gün, yəni 3 dekabr 2024-cü il tarixində cinayət hadisəsi baş verib. Qanunsuz olaraq tutulmuşam, həbs edilmişəm. Bilə-bilə yalan ifadələr, yalan rəylər verilib, ədalətsiz qərarlar çıxarılıb. Bu mənada, əməliyyatçılar, saxta zərərçəkmişlər və şahidlər, müstəntiq, prokuror, hakimlər, ekspert cinayət məsuliyyətinə cəlb edilməli, qanun qarşısında cavab verməlidirlər. Yerlər səhv düşüb. Hansısa əməlimdə cinayət tərkibi, cinayət hadisəsi olmasa da, 1 il 6 aydır ki, “dələduz”, “xuliqan”, “qəsdən sağlamlığa az ağır zərər vuran” damğası ilə cəmiyyətdən, ailəmdən, yaxınlarımdan, işimdən-gücümdən təcrid olunmuşam.

Ədalətsizliyin, hüquqi nihilizmin təntənəsidir. Qanun adı altında siyasi zorakılıq aktıdır.

Burası qorxulu Bakı, təməl insan haqlarının qaranlıq zülmətə qərq edildiyi vahiməli Azərbaycandır.

Hörmətli məhkəmə!

Söz yox, həm ibtidai, həm də məhkəmə istintaqı dövründə dəyərli vəkillərim Elçin Sadıqov və Rövşanə Rəhimli irəli sürülən ittihamların saxta, əsassız və puç olduğunu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun surətdə meydana qoydular, yüksək peşəkarlıqla onsuz da alt-üst olan ittiham aktını “üst-alt” etdilər.

Vəkillərimin yekun müdafiə nitqlərini ayaqüstə alqışlayıram.

Bəyan edirəm:

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyi olan hazırki şər işin zorakı, makiavelist siyasətə dəxli olduğuna görə məcburam ki, çıxışımı, məhkəməyə xitabımı, ictimaiyyətə müraciətimi dövrün politik reallıqları kontekstində qurum, Azərbaycanın daxili siyasətinə geniş surətdə toxunum. Dərhal qeyd edirəm ki, sıradan bir vətəndaş olaraq vətənimizin dörd divarı arasında saxlanılan 400-ə yaxın siyasi və vicdan məhbusu ilə eyni səfi bölüşdüyümə görə bəlli mənada şikayətçi deyiləm.

Hazırda olmalı olduğum yerdən kənarda olsa idim, narahat olardım.

Hörmətli məhkəmə, çıxışımın növbəti hissələrində detallara varacam, lakin hələlik bu suala cavab verməyə tələsirəm: Mən niyə bu gün buradayam? Hansı səbəblər məni hakimiyyətin hədəfinə çevirib?

Əlbəttə, bilənlər bilirlər, amma bilməyənlər üçün bu suallara məzmunlu cavab verməkdən ötrü bəzən 11 il əvvələ, bəzən 28 il əvvələ, bəzən 23 il əvvələ qayıtmalı olacağam ki, fəaliyyətimi izləyənlər sahibi olduğum dünyagörüşün, mənimsədiyim ideoloji dəyərlərin, ictimai-hüquqi görüş dairəmin yaşını, tarixini və formalaşma mərhələlərini aydın bilsinlər.

Mən, Rüfət Səfərov hakim partiyanın qurucularından birinin, ilk illər partiya siyasətinin formalaşmasında bilavasitə rolu olan şəxsin, 5 il Milli Məclisdə deputat kimi fəaliyyət göstərən siyasətçinin, 7 il Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqəli işlərinə məsul olan polkovnik Eldar Sabiroğlunun övladıyam. Böyüyüb boya-başa çatdığım evin bütün otaqlarını mərhum dövlət başçısı Heydər Əliyevin, hazırki dövlət başçısı İlham Əliyevin portretləri bəzəyib – əlbəttə, ailə başçısının şəxsi və siyasi iradəsi əsasında. Fəqət ailədaxili siyasi tərbiyələndirmənin təsiri altına düşmədim – ta gəncliyimin ilk illərindən bəri.

Etiraf edirəm, açıq müqavimət göstərməyə, müstəqil fikir ifadə etməyə cəsarətim çatmasa da, evdən gizlin surətdə ilkin addımlar atmağa çalışmışam. Təsəvvür edin, 1998-ci ilin oktyabrında atam Heydər Əliyevin seçki qərargahının mətbuat katibi, ictimai vəkili olduğu halda, mən müxalifətdən olan namizəd Etibar Məmmədovun Füzuli Meydanında təşkil olunmuş mitinqinə qatıldım və dövr etibarilə ədalətli çıxışçıların nitqlərini alqışladım. Evə döndükdə yalan söylədim ki, yoldaşlarımla birlikdə “Nizami” küçəsində gəzirdik. Cəmi 17 yaşım vardı.

2003-cü ilin oktyabrında  “Qələbə” meydanında baş tutan mitinqlərdə prezidentliyə namizədlər İsa Qəmbəri, Etibar Məmmədovu birbaşa dinlədim, natiqlərin demokratik çağırışlarını böyük entuziazmla alqışladım. 15 oktyabrda İsa Qəmbərə səs verdim. 16 oktyabrda evdə oturub, bərk kövrəldim. 22 yaşım var idi. Amma çox narahat idim. Üstəlik, qorxurdum ki, evdən bilsələr, böyük problemlər yaşayacam. 2005-ci ildə baş tutan parlament seçkilərində “Azadlıq” blokuna səs verdim. Üç-dörd uşaqlıq dostumdan da xahiş etdim ki, deputatlığa namizəd Arzu Səmədbəyliyə səs versinlər. Lakin təşkil olunan kütləvi tədbirlərdə birbaşa iştirak etməkdən qorxdum.

O zaman Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas idim. Paralel olaraq, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü idim. Risk həddini keçə bilmədim.

Amma nə edə bildim?

Narıncı qalstuku taxdım, işə getdim. Həmin dövrdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların hazırlanması fakültəsinin qiyabi şöbəsində təhsil alırdım. Narıncı qalstuku taxıb, bəzi dərslərə də qatıldım. Məni müxalifətçi kimi tanımadılar, “partizanlıq” edirdim. Görünür, qalstuka təsadüfi geyim tərzi kimi baxıblar. O zamanlar 24 yaşım vardı.

Nəhayət, sonuncu dəfə 2013-cü ildə seçki qutusuna yaxınlaşdım.

Zərdab Rayon Prokurorluğunda müstəntiq idim. Səhər-səhər seçki məntəqəsinə getdim, professor Cəmil Həsənliyə səs verdim, xidməti kabinetimə döndüm. Sual oluna bilər:

Bu seçki təcrübələrimi sadalamaqda nə məna var?

Sözümün məhvəri budur ki, özümü qanandan, siyasi mühiti öz səviyyəmdə qavrayandan bəri demokratik çağırışlara, vətəndaş cəmiyyəti, hüquqi dövlət ideyasına şüurlu surətdə “hə” demişəm. Plüralistik toplumu, müstəqil təsisatları, media quruluşlarını əngəlləyən, azad seçkiləri tanımayan, məhkəmə-hüquq sistemini icra hakimiyyətinin yedəyinə, hüquq mühafizə orqanlarını repressiv vasitələrə çevirən idarəçilik və sistemə “yox” demişəm.

Açığı söyləyim ki, hakimiyyət orqanlarında çalışdığım dövrlərdə bir neçə dəfə özümü publik şəkildə ifadə etməyə çalışmışam. Yazmışam, sonra silmişəm, yazmışam, yenə silmişəm, paylaşmamışam. Uzun müddət özümü psixoloji olaraq hazırlamışam. Xəyalən təzyiqlər, həbslər, işgəncələr yaşamışam, özümə bir sözdən ibarət sual vermişəm:

“Dözəcəksən?”

Cavab müsbət olduqdan sonra qəti addım atıb, etirazımı, açıq fikirlərimi, daşıyıcısı olduğum ideyaları cəmiyyətlə bölüşmüşəm. Bu 20 dekabr 2015-ci il tarixdə olub.

Yaxınlarımı, ailə üzvlərimi, valideynlərimi, dostlarımı, iş yoldaşlarımı, bir sözlə, bir bəşər övladını qabaqcadan xəbərdar etmədən bəyanat yayıb, ölkədə cövlan edən özbaşınalıqlara, dərəbəyliyə, ədalətsizliyə, bərabərlik hüququnun yerli-dibli qara torpağa quyulanmasına, korrupsiyanın öz apogeyinə çatmasına, hüquq mühafizə orqanlarının iş fəaliyyətində işgəncələrin, qeyri-insani rəftarların, ləyaqəti alçaldan davranışların çoxalmasına, məxləs, avtoritar üsul-idarəetməyə etiraz atributu olaraq istefa vermişəm.

Bundan dərhal sonra xəyalən yaşadığım təqiblər, zorakılıqlar, həbslər, işgəncələr günün reallığına çevirilib.

İstefamdan iki həftə sonra o zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olan Kamran Əliyev mətbuat konfransı çağırdı, məni “korrupsioner” kimi Azərbaycana təqdim etdi. Həbs olundum. Təkrar rüşvət almada ittiham etdilər. Bir həftə sonra isə dövlət başçısı İlham Əliyev müdaxilə etdi, heç kimin gözləmədiyi halda ev dustaqlığına buraxıldım. O dövrdə, yəni 10 il qabaq özümə belə bir sual ünvanladım:

“Nə etməli?”.

Cavab belə oldu ki, “Azərbaycan hakimiyyətinin idarəçilik mexanizmindən, rəsmi Bakının daxili hüquq siyasətinin fəlsəfəsindən bəhs edən “Hüququn qətli” adlanan məqalələr toplusu ilə fərqlənməli, “Azadlıq” qəzetinin köməyi ilə illərdən bəri yığılıb qalmış ictimai-siyasi hüquqi düşüncələrimi cəmiyyətlə bölüşməliyəm”.

Yaxşı xatırlayıram, uzun illər beynimə və qəlbimə hakim olan qorxu hissi bir günün içində dabanlarımın altında idi. Həmin dövrdə saxta cinayət işinin istintaqı ilə məşğul olan müstəntiq söyləyirdi:

“Rüfət, 6-7 vərəqlik cinayət işini seyfin bir kənarına atmışam. Xahiş edirəm, sakit otur, cinayət işinə xitam verim, sənin də canın qurtarsın, mənim də”.

Doqquz aylıq ev dustaqlığı dövründə ictimai fəal, müstəqil hüquqşünas kimi hakimiyyətin son dərəcə sərt xarakter almış hüquq siyasətini tənqid etdim. Ədalət üçün deyim ki, hökumət də buna dözürdü, məni yenidən istintaq təcridxanasına qaytarmırdı. Bu vəziyyət sabiq səhiyyə naziri Əli İnsanovun həbsdə ikinci dəfə əsassız ittihama məruz qalmasınadək davam etdi.

“Azadlıq” radiosuna geniş müsahibə verib, İnsanovun pozulmuş hüquqlarını müdafiə etdim, dövlət başçısı İlham Əliyevin qərarını tənqid etdim. Dövr etibarı ilə hökumətlə ifrat düşmənçilik münasibətlərində olan İnsanovun müdafiəsində olduğuma görə barəmdə yenidən sərt qərar verildi.

Həmin müsahibədən cəmi iki gün sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsi məni 9 il müddətinə azadlıqdan məhrum etdi. 3 il 9 saylı cəzaçəkmə müəssisəsində saxlanıldım. Həbs həyatını maneə bilmədim, əksinə, tutduğum yolun davamı saydım.

Məhbəs dövründə insan haqlarının ağır durumunu özündə əks etdirən məqalələr və müsahibələrlə çıxış etdim. Hakimiyyətin cavab tədbirləri xeyli sərt oldu. Ard-arda 4 dəfə “karsa” atıb, it zülmü verdilər. Xüsusi təyinatlılar saxlanıldığım 9 saylı cəzaçəkmə müəssisəsinə daxil olub, saatlar ərzində işgəncə tətbiq etdilər. Yaxşı xatırlayıram, “Qırmızı Xaç”-ın Azərbaycan nümayəndələri təcili surətdə mənə baş çəkməsəydi, Allah bilir, sonrakı aqibətim necə olacaqdı…

Hörmətli məhkəmə, ən ağır işgəncələr altında “kars”da saxlanılarkən özümə belə bir sual ünvanlamağa macal tapmışam:

“Peşmançılıq varmı?”

İçimdən gələn səs belə səslənib:

“Qəti!”

O səs indi də canlıdır, ayaqdadır.

O səsi ya Tanrı, ya da özüm susdura bilmərəm.

Tanrının köməyi ilə o səsi ayaqda tutmaq əzmindəyəm.

Əlbəttə, elə həbs illərində fikirləşdim ki, azadlığa çıxacağım təqdirdə dostlarla birlikdə hüquq müdafiə təşkilatı yaradıb, insan haqları sahəsində prinsipial iş ortaya qoymaq günün tələbidir – hər nə qədər böyük risklər vəd etsə də.

Beləliklə, “Müdafiə Xətti” insan haqları təşkilatı yaradıb, hüquqi landşaft, siyasi iqlim barədə həftəlik bülletenlər və rüblük hesabatlarla fərqləndik. İnsan haqları sahəsində ixtisaslaşan beynəlxalq və regional təşkilatlarla, Bakıda xidmətdə olan diplomatik korpuslarla əməkdaşlığa başladıq. Hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin İnsan Hüquqları Komitəsi, Penitensiar Xidmət və Ombudsman Aparatı ilə açıq və şəffaf dialoq içində olduq, tənqid və təkliflərimizi birbaşa çatdırmaq imkanımız oldu. Ağırlaşan repressiv şəraitin azca da olsa səngiməsinə töhfə verə biləcəyimizə ümid etdik.

Bu müddət ərzində çoxsaylı maddi əsaslı təklifləri geri çevirdik, cəmiyyətin bilməyəcəyi siyasi münasibətlər sistemindən uzaq durduq. Təşkilat olaraq rəsmilərlə bütün təmas və dialoqlarımızı dərhal ictimailəşdirdik. 2022-ci ilin payızında başlayan növbəti repressiv, lakin daha amansız mərhələdə bir neçə dəfə xəbərdarlıq aldım ki, fəaliyyətimi dayandırmasam, tezliklə həbsxana qapılarını yenidən döyməli olacağam. Həqiqətən də xeyli fikirləşdim, götür-qoy etdim, yekunda bu nəticəyə gəldim ki, nəyin bahasına olursa-olsun, hüquq-müdafiə fəaliyyətini davam etdirməliyəm.

“Müdafiə Xətti” insan haqları təşkilatı yaradılarkən cəmiyyətə elan etdiyimiz Manifestin müddəa və prinsiplərinə riayət etməliyəm, ictimai öhdəliklərə sadiq qalmalıyam. Belə bir durumda, insanların, vətəndaşların, məsləkdaşların, dostların işgəncə altında olduğu bir şəraitdə susub, kənara çəkilməyin böyük qəbahət olduğunu bəşəriyyətin böyük adamı Martin Lüter Kinq belə ifadə edir:

“Biz başa düşməliyik ki, sistemin ədalətsizliyini passiv şəkildə qəbul etməklə bu sistemlə əməkdaşlıq etmiş olur və bununla da onun şər əməllərinin iştirakçısına çevrilirik. Şər əməl dedikdə ilk növbədə ağlımıza qəddarlıq və dəhşətli cinayətlər gəlir. Lakin vəziyyət başqalarına fəal yardım tələb edərkən göstərilən fəaliyyətsizlik də şər əməl ola bilər”.

Bu mənada, həbs olunduğum günədək yalnız bir dəfə tənqidi kənara qoydum. Bu, 44 günlük Vətən müharibəsi dövrünü əhatə etdi.

Hörmətli məhkəmə!

Diqqətinizə çatdırıram ki, hüquq müdafiə fəaliyyətini rəsmiləşdirdikdən dərhal sonra Baş Prokurorluğa dəvət olundum. Təhdid dolu xəbərdarlıq edildim. Üstəlik, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rəsmi Facebook səhifəsində YAP-çı gənclər dəyərli həmkarım Oqtay Gülalıyevin aqibətini xatırlatdılar. Bir neçə dəfə polis əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb, sərt xəbərdarlıqlara məruz qaldım. Bir aylıq inzibati həbs həyatı yaşadım. Lakin bütün bu təqib və təzyiqləri, məhrumiyyət və maneələri ruhən, əqlən yolun davamı bildim.

Azərbaycan ictimaiyyətini inandırmaq istəyirəm ki, əgər 2024-cü ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri “Müdafiə Xətti”nin insan haqları sahəsindəki fəaliyyətini qiymətləndirib, beynəlxalq mükafata namizəd kimi təqdim etməsəydi, ABŞ-nin dünya ölkələrindəki bütün səfirləri təqdimata müsbət rəy verməsəydilər və Dövlət Katibi təmin etməsəydi, 10 dekabr Vaşinqtonda baş tutacaq mükafatlandırma mərasiminə dəvət olunmasaydım, səfər çərçivəsində ABŞ senatorları və konqresmenləri, Ağ Evin, Dövlət Departamentinin yüksəkçinli vəzifəli şəxsləri ilə təmaslarım gözlənilməsəydi, Azərbaycan hökuməti, daha konkret desək, dövlət başçısı İlham Əliyev həbsimə rəvac verməyəcəkdi. Çünki həbsimdən əvvəl bir ay ərzində iki dəfə ölkəni sərbəst surətdə tərk edib, geri dönmüşdüm.

Yeri gəlmişkən, mənim hazırki hakimiyyətə, dövlət rəhbərliyinə, nazirlərə, komitə sədrlərinə və s. münasibətdə qəti şəxsi qərəzim olmayıb, yoxdur. Əslində hazırki sistemin bir hissəsi olmaqdan, hakim siyasətin tezisləri ilə razılaşmaqdan ötrü subyektiv və münbit zəmin qarşısında olmuşam. Bir az kobud səslənsə də deyim ki, yaltaqlıq etmək üçün əlimdə “legitim” əsaslarım olub. Belə ki, 1999-cu ildə atam Eldar Sabiroğlu 42 yaşında dərinləşmiş infarkt keçirəndə mərhum dövlət başçısı Heydər Əliyev müalicə işinə birbaşa nəzarət edib, Moskvadan peşəkar kardioloqların Bakıya gətirilməsinə göstəriş verdi. Daha sonra atamı Londona göndərib sağalmasına kömək etdi.

Bundan başqa, cəmi 6 il əvvəl mən qərara gəlmişdim ki, ikiotaqlı mənzilimi satım, ağır parkinson xəstəliyindən əziyyət çəkən atamın əməliyyat xərclərini ödəyim. Təxminən 50 min dollar pula ehtiyac var idi.

Günün birində Prezidentin köməkçisi Anar Ələkbərov atama zəng vurub bunları dedi: 

“Eldar müəllim, səhhətinizin ağırlığı barədə məlumatlıyıq. Rəhbərliyin göstərişi ilə əməliyyat xərclərini, müalicə işlərini üzərimizə götürürük”. 

Xatırlayıram, atam cavab verdi ki, “Anar müəllim, təşəkkür edirəm. Mən heç kimi narahat etməmişəm. Heç Rüfət məndə bir üz də qoymayıb ki, prezidentə müraciət edim”. Cavab belə oldu ki, “bu zəngin, məsələnin Rüfətə aidiyyəti yoxdur. Sizin xidmətləriniz nəzərə alınıb”.

Beləliklə, ölkə rəhbərliyinin göstərişi ilə son dərəcə ağır vəziyyətdə olan atamın beyin əməliyyatı İstanbul şəhərində baş tutdu.

Bəli, bu, bir faktdır ki, həmin cərrahi müdaxilə olmasaydı, çox yəqin ki, bu gün sevimli atam heç həyatda olmayacaqdı. Əlbəttə, 6 il əvvəl əməliyyatdan dərhal sonra geniş surətdə müsahibə verdim, burada dediklərimi müsahibədə detallarınadək söylədim, müraciət etməməyimizə baxmayaraq, ölkə rəhbərliyinin münasibətini yüksək qiymətləndirdim, öz və ailəm adından təşəkkür etdim. Bununla belə, hakim siyasəti, repressiv aparatı, hüquqazidd üsul-idarəni tənqid etməyə davam etdim.

Bunları uzun-uzadı söyləməklə onu demək istəyirəm ki, insan haqları fəalı kimi fəaliyyətimi qurarkən şəxsi motivləri tamamilə bir kənara qoyub, ictimai maraqları üstün tutmağı boynumun borcu bilmişəm. Bu fikrə düşməyimi daşıdığım duyğular diqtə edib.

Nə mənada?

Təbii, insan duyğular toplusudur: sevinc, fərəh, rahatlıq, hüzur, xoşbəxtlik hissi hər bir insanın can atdığı dünyadır. Əzab, iztirab, üzüntü, məhrumiyyət, məyusluq, məşəqqət dolu həyatdan insan övladı yan keçməyə çalışar, düz də edər. Amma burada incə, lakin çətin məqam var. Nitqimin əvvəlində altını cızdığım kimi, çox təəsüf ki, bu gün Azərbaycanda hüquqsuzluq meydan sulayır, böyük əksəriyyət sosial-iqtisadi məngərədə sıxılır. Azərbaycanlılar xoşbəxt deyillər. Açığı, bir də onda ayıldım ki, məhz belə bir mühitdə xoşbəxt olmağı, bəxtəvərlər sinfinin dar çevrəsini özümə tam yasaq etmişəm. Əksəriyyət kimi indiki halda əzablı həyat yaşamağa hazıram. Bu mənada, məsləyinin prinsiplərini, işinin mahiyyətini anlayan “Müdafiə Xətti” insan haqları təşkilatı məhrumiyyətlərdən uzaq durmaqla necə hamını əhatə edə bilər ki?

Biz, “Müdafiə Xətti”nin ictimaiyyətə elan olunmuş proqram və manifestinə uyğun olaraq, vətəndaşlıq, sosial və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq, müdafiə işlərini qurub, hətta hakimiyyət orqanlarında çalışan insanların pozulan hüquqlarını diqqətdə saxlamışıq.

Hörmətli məhkəmə!

Mən sizdən heç nə xahiş etmirəm, bir istəyim yoxdur. Çünki yəqin bilirəm ki, xüsusilə, siyasi ağırlığa malik proseslərdə Azərbaycan hakimləri hüquqi iradələrini repressiv icra hakimiyyəti orqanlarına kirayəyə verirlər.

Bu gün Prezident Administrasiyasının hansısa vəzifəli şəxsinin, ya da hüquq mühafizə orqanlarının hansısa generallarının əmri ilə əsassız ittiham irəli sürə, saxta məhkəmə istintaqı apara, az sonrasa barəmdə 8-9 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxara bilərsiniz. Lakin hüquqi təbiətiniz elədir ki, mənə və məsləkdaşlarıma münasibətdə vicdansız əmrləri verən vəzifəli şəxsin özünü günün birində “uf” demədən dörd divar arasına göndərə bilərsiniz. Azərbaycan məhkəmə-hüquq təcrübəsi belə nümunələrlə zəngindir. Hazırki fikirlərimi ölkəmizin hüquqla bir araya sığmayan kəskin və sərt siyasi ab-havası diktə edir və bu boz mühit 30-cu illərin stalinizminin “troykası”nın iş üslubunu xatırladır. Lakin deyəsən, biz azərbaycanlıların durumu daha ümidsizdir. Ötən məhkəmə iclaslarının birində indi deyəcəyim hissəyə ötəri toxunmuşdum. Baxın, bütün dövrlərin ən amansız diktatoru Stalinin hüquq sistemində xidmət edən müstəntiqlər, hərbi prokurorlar tapılıblar ki, qanunsuz təlimatları, insan ömrünü məhv edən siyasi əmrləri icra etməkdən yayınsınlar. Bunun bədəlini öz həyatları ilə ödəsələr belə… O müstəntiqlər, hərbi prokurorlar vicdanlarının, daxili inamlarının səsinə “edam zəngi”nin cingiltiləri altında qulaq asıblar.

Azərbaycanın cinayət qanunvericiliyində cəza növləri arasında ölüm hökmü olmasa da çox təəsüf ki, bir müstəntiq, bir prokuror, bir hakim adını burada qeyd edə bilmirəm ki, o, qanunsuz göstərişi icra etməkdən yayınsın, vicdanının səsinə qulaq versin. Qulaq demişkən, Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinləyərkən bir qulağını əli ilə qapayır və ondan nə üçün belə etdiyini soruşanda deyir: “Bu qulağımı müttəhim üçün saxlayıram”. 11 ildir ki, Azərbaycanın polis idarələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssissələrinə aparılıb-gətirilirəm, saysız-hesabsız müstəntiqin, prokurorun, hakimin qarşısına çıxarılıram, pozulan hüquqlarımı qorumağa çalışıram, gərəkirsə yüksək səslə ədalət istəyirəm, amma eşidilmirəm, qulaq asmırlar. Vicdansızlıq və Allahsızlıq edirlər. Əvəzində, səsimi ölkə dışındakı Avropa İnsan Haqları Məhkəməsinin adil hakimləri eşidirlər, ədalətli qərarlar verirlər. Bu ağır, lakin dözülməz şərtlər altında mübarizə aparırıq, danışırıq, düşünürük və deyirik: nə yaxşı ki, istibdad rejimləri insan zəkasını buxarlaya biləcək zəncirləri hələ də ixtira edə bilməyiblər. Lakin bu istiqamətdə də bir pis xəbər var. Bu günlərdə dünya şöhrətli azərbaycanlı alim Rafiq Əliyevin çıxışını dinləyirdim. Rafiq müəllim deyir ki, texnologiyanın hazırki inkişaf tempi 5-10 ildən sonra insan qəlbini oxuyub öyrənəcək maşınları ortaya qoyacaq. Belə olan halda Corc Oruellin “1984” romanından bizə tanış olan “Fikir Polisi” praktik olaraq Azərbaycan Daxili İşlər Nazirliyinin struktur bölməsinə çevriləcək. 10 milyonluq həbsxanalar inşa etməyə çalışacaqlar, çünki qorxan və nifrət edən ürəklər asanlıqla oxunacaq. Bəli, hazırki hakimiyyət, sistem öz ömrünü uzatmaqdan ötrü bütöv xalqı da dörd divar arasına göndərmək istəyər. Buna nail olarmı? Qərarı Azərbaycan xalqı verəcək!

Bəri başdan bir insan haqları fəalı olaraq Azərbaycan hakimiyyətinə böyük mütəfəkkir Didronun xəbərdarlığını xatırladıram:

“Xalqa tənqid və şikayət etmək ixtiyarı verilməlidir. Gizli nifrət açıq nifrətdən təhlükəlidir”.

“Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçilərindən biri, mövcud hakimiyyətin fəaliyyət üsullarını davamlı və haqlı olaraq tənqid edən vətəndaş kimi ümid etmək istəyirəm ki, Azərbaycanda xalq suverenliyi, hüququn üstünlüyü, qanunun aliliyi uğrunda mübarizə ocağı sönməyəcək, közərəcək. Bir nəfər də olsa, azərbaycanlı tapılacaq ki, o közü sönməyə imkan verməsin. Mən saxlanıldığım kamerada o bir nəfər azərbaycanlı barədə düşünərkən yadıma 5 iyun 1989-cu ildə Pekində demokratik dəyişikliklər tələbi ilə keçirilən mitinqləri dağıtmaq üçün Tyananmen meydanına göndərilmiş 17 tanka qarşı əliyalın və tək çıxan çinli tələbə düşür.

Fürsətdən istifadə edib, keçmiş həmkarlarımı, prokurorluq orqanlarında xidmət edən əməkdaşları ədalətsizliyin dibinə yuvarlanmamağa dəvət edirəm, “Lüsifer effekti” kitabının məşhur müəllifi Filip Zimbardodan bir sitat gətirmək istəyirəm. Stenford həbsxana təcrübəsinin müəllifi Zimbardo qeyd edir ki, “tək adamın etiraz etməsini sistem sayıqlama və ya dəlilik elan edə bilər. İki nəfəri sistem maniyanın qurbanı adlandıra bilər, lakin üç nəfər olanda sizi ciddi qəbul edəcəklər”. Bu iqtibasdan sonra qeyd edirəm ki, 11 il qabaq təkbaşına qərar verib, prokurorluq orqanlarından ayrılanda Baş Prokurorluğun kabinetlərində gedən söz-söhbətlər qulağıma gəlib çatmışdı ki: “Səfərova fikir vermək lazım deyil. O, dəlidir, ruhi problemləri var”.

Yeri gəlmişkən, sovetlər dövründə də hakim idarələri, rəsmi ideologiyanı tənqid etdiklərinə görə saysız-hesabsız dissidenti ruhi-əsəb dispanserlərinə, dəlixanalara təcrid edirdilər. Amma niyə uzağa getdim?! Elə günümüzdə də oxşar təcrübələr yaşanır. Azərbaycan məhkəmələri sifariş əsasında siyasi tənqidçiləri bəzi hallarda “dəli” elan edib, ruhi-əsəb diaspanserinə göndərirlər. Bu mənada, mən deyəsən şükür etməliyəm ki, hazırki məhkəmə prosesinə dəlixanadan deyil, istintaq təcridxanasından etap olunmuşam.

Hörmətli məhkəmə!

Nitqimi vacib saydığım təşəkkürlərlə yekunlaşdırmaq istəyirəm:

Mən özümə borc bilirəm ki, vəkillərim Elçin Sadıqova, Rövşanə Rəhimliyə dərin təşəkkürümü bildirim. Çox sağ olun, dəyərli vəkillər!

Mən özümə borc bilirəm ki, ibtidai və məhkəmə istintaqı dövründə demək olar, hər həftə Bakı İstintaq Təcridxanasında mənimlə görüşən dəyərli vəkil Fəxrəddin Mehdiyevə minnətdarlıq edim.

Mən özümə borc bilirəm ki, ibtidai istintaq dövründə müdafiəmdə olan dəyərli vəkillərə – Cavad Cavadova, Bəhruz Bayramova, Aqil Layıca təşəkkür edim!

Heç şəksiz, hazırda məni dinləyən insanlara, dostlara, məsləkdaşlara, illərin mübariz siyasətçilərinə, fədakar jurnalistlərə, siyasi təyziqlər nəticəsində vətəni tərk edib, mühacirətdə fəaliyyətlərini davam etdirən media mənsublarına, ictimai-siyasi fəallara, hüquq müdafiəçilərinə, bir sözlə, bütün dəstək verənlərə, bunu lazım bilməyənlərə dərin minnətdarlığımı ifadə edirəm! Bu məndən ötrü əvəzsiz və unudulmazdır.

Maddi əsasların, ifrat praqmatik siyasətin, enerji daşıyıcılarının, karbohidrogen resursların, iqtisadi-ticari maraqların universal vətəndaş azadlıqlarını, idealist dəyərləri Yer kürəsinin lazımsız bir bucağına tulladığı şəraitdə insan haqları sahəsindəki problemləri mötəbər tribunalarda beynəlxalq gündəliyə daşımağa çalışan xarici siyasətçilərə, hüquqçulara minnətdarlığımı bildirirəm.

Eyni zamanda, fürsətdən istifadə edib, son iki ildə iki dəfə barəmdə hüquqi və ədalətli qərar çıxaran Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinə təşəkkür edirəm. Avropa Məhkəməsinin hakimləri təpədən-dırnağadək siyasiləşmiş, hüquq deyilən anlayışı tapdaq altına salan Azərbaycan hakimlərinin hökmlərini tanımayaraq, haqqımda bəraət veriblər, ədalətli məhkəmə araşdırma hüququnun, azadlıq hüququnun, yığıncaqlar azadlığının pozulduğunu elan ediblər.

Nəhayət, əziz ailəmə, sevimli atama, anama, bacıma, həyat yoldaşıma, 9 yaşlı oğluma minnətdarlığımı ifadə edirəm.

Yekunda Mark Tullius Siseronun “Tuskulan söhbətləri” adlı əsərindən bir sitat gətirmək istəyirəm:

Oğlunu döyüşə göndərəndən sonra onun ölüm xəbərini alan lakoniyalı qadın demişdi:

“Onu elə ona görə doğmuşdum ki, qorxmadan vətəni uğrunda ölümə gedə bilsin.”

Mən çox istəyirəm ki, əziz anam Tahirə Səfərova hökmdən sonra sual verən insanlara həm də bunları desin:

“Mən Rüfəti ona görə doğmuşam ki, haqqı pozulanların müdafiəsində, haqsızların qarşısında dursun. Qorxmasın!”

Yaşasın azad, demokratik və hüquqi Azərbaycan!

Rüfət Səfərov

1 iyun 2026-cı il

Ana səhifəXəbərlərRüfət Səfərovun son sözü: “Mən niyə bu gün buradayam?”