Qul incəsənəti

Onlar bizə niyə nifrət edirlər?

Source:

Şəxs olaraq, nifrəti həzm eləmək bəlkə də asandır. Fikir verməzsən, keçib gedər. Partiya, siyasətçi olaraq, nifrətə tuş gəlmək dözüləndir. Nifrət edənlə yanaşı, rəğbət bəsləyən də tapılacaq. Yazar olaraq, nifrət qazanmaq, bəzən hətta lazımdır. Sənə insanlar həm nifrət etməli, həm sevməli, ən vacibi isə, oxumalıdırlar. Ümumiyyətlə, heç kimin nifrətinə səbəb olmayan yazar, uğurlu yazar sayıla bilməz.

Amma xalq olaraq, nifrətə tuş gəlmək, çox ağırdır. Xüsusilə bu nifrət sənə verilən təhsildə, sənin mədəniyətinə, incsənətinə münasibətdə özünü büruzə verirsə. Bizə bir xalq olaraq, nifrət eləyirlər. Ən pisi də budur ki, xalq olaraq, bizə bizi idarə edənlər nifrət edirlər. Bizi idarə edənlər bizim dilimizdə danışmır, dilimizdə çıxan mətbuatı oxumur, bizi özlərinə yaraşdırmırlar.

Prezident ailəsi başda İlham Əliyevin özü olmaqla rusdillidir. Bu ailə incəsənətdən başı çıxmağa, bilavasitə incəsənəti müdafiə eləməyə və sənətin dostu olmağa iddialıdır. Onların təşkil elədikləri, qonaq getdikləri, sponsorluq elədikləri festivallar və bütün bu həngamə mənə İranın mərhum şahı Məhəmməd Rza Pəhləvinin ailəsini xatırladır. Eyni yanaşma, eyni məntiq, eyni addımlar. Əllərindəki pullarla incəsənt adamlarını deyil, incəsənətin özünü satın almaq istəyirlər. Yəni Alim Qasımovu deyil, birbaşa muğamı, Tahir Salahovu deyil, birbaşa təsviri incəsənəti, Anarı deyil, ədəbiyyatı satın alıblar.

Satın alıblar, halbuki ürəklərinin dərinliyində musiqiyə də, təsviri sənətə də, ədəbiyyata da nifrət edirlər. Çünki incəsənətdə azadlıq var. Yaradıcı adamın azadlıq eşqi böyük olur. Əlində qələm olan adam təhlükəlidir. Buna görə də, onlar yatırımı ən məddah musiqiyə, ən mövqesiz təsviri sənətə, ən xəyanətkar qələmlərə eləyirlər.

Bununla da, musiqinin, sənətin, ədəbiyyatın dostu adını qazanmağa çalışırlar. Bəli, bu ailənin üzvləri zövqlü, incəsənət dostu, hətta lazım gələrsə incəsənət adamı kimi təqdim olunmağa iddialıdır. Mark Zaxarovun «Sadə möcüzə» filmində kral öz qızının incəsənətə, ədəbiyyata marağından danışır: «Təsəvvür eləyin, divarın bu tayında intriqalar, tökülən qanlar, kəsilən başlar, amma bütün bunların mənim qızıma dəxli yoxdu, o bunlardan xəbərsiz, divarın o tayında şeir yazır, şairlərlə söhbət eləyir…»…Bu təsvir sizə heç nəyi xatırlatmır ki?

İndi təsəvvür edin, özlərinin incəsənət dostu, incəsənətə yaxından yaxın təqdim eləyən, zövq və sənət ikonası kimi təqdim olunmağa iddialı adamlar Azərbaycan kimi bir ölkədə nələr çəkirlər. Mənə həmişə elə gəlir ki, azərbaycandillilərə həqarətlə yanaşır, bizləri bir növ «çuşka» hesab edir, mmükün qədər təmasdan qaçırlar. Bunu prezidentin regionlara səfərləri zamanı üzündəki ifadədən, heç vaxt azərbaycandilli mətbuata müsahibə verməməsindən, bu mətbuatı oxuduğunu ifadə edən heç bir çıxışını eşitməməyimizdən, özünü və ailəsinin həftə səkkiz mən doqquz çıxdığı xarici səfərlərdən, şirkətlərini xarici ölkələrdə qurmağından, xaricdəki mülklərindən, bir sözlə özünə və ailəsinə xaricdə gələcək hazırlamasından hiss olunur.

Mənə həmişə elə gəlir ki, prezident və ailəsi novruz bayramında kosa ilə yumurta döyüşdürməyə, paxlava yeməyə məcbur olanda əzab çəkirlər. Hansısa qızıldiş aşıq onların qabağında ayaqlarını cütləyib, saz çalıb, mədhiyyə oxuyanda əzab çəkirlər. Üst-başından kir yağan uşaqları, qocaları qucaqlamalı olanda əzab çəkirlər. Əyalət şairlərinin barələrində yazdıqları bəsit, zövqsüz, yaltaqlıq və ucuzluqla dolu şeirlərini dinləməli olanda əzab çəkirlər.

İlahi, nə günahın sahibi olasan ki, özünə aşağı yeri Nobel mükafatçısı ilə söhbət eləməyi yaraşdırrakən, əyalət şairinin ucuz mədhiyyəsinə qulaq asasan? La-Skalada oturub, klassik incəsənət incilərinin danını çıxarmalı ikən, sazda sənə «nanay-nanay» oxusunlar? Yüksək, ali dəyərlər, incə zövq barədə söhbət eləməli ikən kosa ilə yumurta döyüşdürəsən, meyxanaya qulaq asasan?

Üstəlik, bütün bunlar azmış kimi, xalq da hələ bir səndən narazı olsun? Onlara çörək verəsən, sazlarına qulaq asasan, kosaları ilə yumurta döyüşdürəsən, amma yenə də səndən narazı qalsınlar, mitinq-piket keçirsinlər, etiraz eləsinlər, hələ üstəlik, səs də verməsinilər?

Bəs, nədədir, bu nifrətin göstəricisi? Efiri işğal edən şou-biznes, təhsilin şikəst hala salınması,  bu xalqın övladlarına nifrətin, onları təhsilli, sərbəst düşünə bilən, kölə olmayan adamlar kimi görmək istəməmək bu nifrətin əlamətidir. Onlar bizə Rəqsanəni, Aygünü, Namiqi, Elgizi layiq görürlər. Uşaqlarımızın əlində kitab görmək onların ürəyini bulandırır. Düşünürlər ki, axı bu «çuşkalar» kimdi ki, hələ bir təhsil də alsınlar, kitab da oxusunlar?

Bəli, onlar bizim mədəniyyətimizə nifrət edirlər. Ölkədə qələmini, fırçasını, aktyorluğunu xəyanətə alət eləmyən yazarların, rəssamların, aktyorların məhrumiyyət içində yaşaması bu xalqın mədəniyyətinə nifrətin əlamətidir.

Onlar heç vaxt mədəniyyətin, incəsəntin dostları ola bilməzlər. Çünki onlar bu ölkənin insanlarını qullara çevirmək istəyirlər.

Qulların isə mədəniyyəti, incəsənəti olmur.

Ana səhifəMənim FikrimcəQul incəsənəti