Azərbaycanda zəlzələ olub, dağıntı qeydə alınmayıb

Foto: arxiv

Zəlzələ episentrdə 6 bala yaxın olub

Talış dağlıq zonasında 5.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, ilkin məlumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində olub. Yeraltı təkanlar 19 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 3-5 bala qədər hiss olunub. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Lənkəran rayonunda qeydə alınan zəlzələdən sonra afterşoklar – xırda təkanlar ola bilər.
Yetirmişli “Report”a açıqlamasında güclü təkanın artıq geridə qaldığını, əhalinin təşvişə düşməməsini deyib.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb. Bu barədə FHN-nin Mətbuat Xidmətindən bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 kilometr şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 kilometr dərinlikdə 5.2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.

Ana səhifəSosialAzərbaycanda zəlzələ olub, dağıntı qeydə alınmayıb