Quberniyalar sisteminə keçirilərsə…

”Bu cür sistem yerli özünüidarəetməni inkar edir”

Source:


”Bu cür sistem yerli özünüidarəetməni inkar edir”

Ötən həftə Milli Məclisin büdcə müzakirələri zamanı deputatlar rayonların ləğv olunaraq quberniyalar sisteminə keçilməsini də gündəmə gətirdilər. Onlar təkliflərini büdcənin yükünün azalması və daha çevik idarəetmə sisteminin yaradılması ilə əlaqələndirdilər.

Konkret olaraq, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı rayonların ləğv olunmasını, quberniya tipli çevik idarəçilik sisteminə keçilməsini təklif edib.

ASDP sədri, deputat Araz Əlizadə bu təklifi hələ 2003-cü ildə irəli sürdüyünü bildirdi:

Araz Əlizadə foto sosial şəbəkə

“Həmin il öz layihəmi hazırlayarkən, Azərbaycanın tarixi inzibati bölünmə formasını nəzərə alaraq, xanlıqlar dövründə olduğu kimi, Gəncə, Quba, Lənkəran, Şirvan və başqa adlarda quberniyaların yaradılmasını təklif etmişdim. O zaman məni “topa tutdular”. Bunun separatçılığa yol açacağını bildirdilər. İndi isə həmin məsələnin əhəmiyyətini anlayıb, həyata keçirməyə çalışırlar. Sözsüz ki, bu bölgünü dəstəkləyirəm və həyata keçirilməsinə ümid edirəm”.

Siyasi icmalçı Elxan Şahinoğlu isə təklifi təhlükəli hesab edib. O, bu barədə öz “Facebook” səhifəsində münasibətini sərgiləyib:

“Aydındır ki, 2017 iqtisadi baxımdan ağır il olacaq, idarəetmədə struktur islahatları aparılmalı, xərclər azaldılmalıdır. Ancaq, doğrusu, icra hakimlərinin ixtisar olunaraq idarəetmənin bölgələr üzrə ayrılması, quberniyaların yaradılması ideyasından ehtiyat edirəm. Təklif bir qədər keçmişə – xanlıqlar anlayışına qayıdışa bənzəyir və qorxuram ki, bu cür islahatlar mərkəzdənqaçma meyllərini gücləndirə bilər. Məsələn, hansısa vilayət iqtisadi baxımdan daha çox inkişaf edib bir gün deyə bilər ki, kasıb vilayətlə bizi bir tutumayın, ölkə büdcəsinə daha çox pul veririk, ona görə bizim daha çox haqqımız olmalıdır. Bunun sonda nəyə gətirib çıxaracağı üzərində baş sındırmağa dəyməz”.

Elxan Şahinoğlu Meydan TV

O, fikirlərini inandırıcı etmək üçün Avropa ölkələrindən də misal çəkib: “İtaliyanın şimalı daha çox müstəqilliyə ona görə çalışır ki, daha az inkişaf edən cənuba pul ayırmasın. Və ya yaxın Ukraynanı götürək. Kiyev Donbasa həm də ona görə çox müstəqillik vermək istəmir ki, sabah qərb bölgələri də muxtariyyət tələb edəcək və ölkə büdcəsinə ianələr keçirməyəcəklər. İcra hakimlərinin ixtisarı vacibdirsə, ən yaxşısı onların yerinə bələdiyyə sisteminin gücləndirilməsidir. Ancaq bunun üçün azad və ədalət bələdiyyə seçkisi keçirmək lazımdır”.

İqtisadçı Qadir İbrahimli isə bu barədə ideyanı ilk dəfə özünün səsləndirdiyini söyləyərək deyib ki, onu narahat edən ideyaya bəzi “ekspertlərin” diletant yanaşmasıdır:

“Ay guya yenə xanlıqlar yaradılır, quberniyalar Car Rusiyasının məhsulu idi və s. Yaxşı olardı, 1988-ci il ritorikasından çıxasınız, vaxtınız olanda idarəetmə ilə bağlı kitablar oxuyun. Vilayətlərin yaradılması idarəetmə islahatlarının ən vacib şərtlərindən biridir. Hökumət bu addımı atacaqsa, bunu yalnız müsbət dəyərləndirmək olar. Mərkəzi hakimiyyətin səlahiyyətinin (Hüquq mühafizə və müdafiə funksiyaları istisna olmaqla) vilayətlərə verilməsi, yerli özünüidarəetmə imkanlarının artırılması regionların inkişafını stimullaşdıracaq”.

Qadir İbrahimli foto Meydan TV

“Təbii ki, vilayətlərin hansı əsaslarla yaradılacağı və hansı səlahiyyətlərə sahib olacağı ciddi müzakirələr mövzusudur. Ancaq ideyanın özü bütün hallarda pozitivdir”,-deyə qitisadçı fikrini yekunlaşdırıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-nin bu barədə sualına cavab olaraq bildirib ki, Azərbaycan kimi kiçik ölkə üçün 80 rayonun olması çoxdur:

“Bu, əlavə bürokratik aparat, əlavə məmur dəstəsi, dövlət büdcəsindən külli miqdarda vəsaitlərin ayrılması deməkdir. Eyni zamanda, bu cür sistem yerli özünüidarəetməni inkar edir və faktiki olaraq, regionların mərkəzdən idarə olunmasını gücləndirir. Normal bələdiyyələrin olmadığını nəzərı aldıqda, bu, vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Ona görə ölkənin vilayətlərə bölünməsi, bürokratik aparatın azalması, yerli özünüidarəetmənin güclənməsinə müsbət yanaşmaq olar”.

Ancaq Müsavat başqanı düşünür ki, hakimiyyət konseptual olaraq bu məsələ fərqli mövqe tutur, bir qayda olaraq yerli özünüidarəetmənin funksiyalarını məhdudlaşdırır, rayonların sayı artırılır və bürokratik aparatın tərkibi genişləndirilir: “Bu mənada təklifin cəmiyyətin sosial çətinliklərdən və yaranmış böhrandan yayındırmaq məqsədi daşıdığı qənaətindəyəm. Məncə, hakimiyyətin indiki şəraitdə yeni inzibati bölgü sistemini tətbiq etməyə siyasi iradəsi çatmayacaq və təklif müzakirə şəklində də qalacaq”.

Arif Hacılı, foto: Meydan TV

O, yerli özünüidarəetmə sisteminin inkişafının hər bir cəmiyyət üçün zəruri olduğunu söyləyərək əlavə edib ki, Azərbaycanda bu sistem fakiti olaraq mövcud deyil. Şəhərlərdə, rayonlarda, obalarda, kəndlərdə yerli özünüidarəetmə sistemi qurulmalıdır. Bunun üçün seçki qurumları yaradılmalı və onlar topladıqları vəsait hesabına fəaliyyət göstərməlidir. Hətta sovet dövründə formal olaraq rayon və kənd sovetləri vardı ki, problemləri müzakirə edirdilər. Azərbaycan unikal ölkədir ki, şəhərlərin merləri və ümumi bələdiyyələri yoxdur. Məsələn, Bakı şəhərinin bələdiyyəsi yoxdur. Yalnız ölkəni vilayətlərə bölməklə idarəetməni yaxşılaşdırmaq mümkün deyil, bu məsələlər kompleks həll olunmalıdır. Ona görə bir daha vurğulayıram ki, indiki idarəçiliklə hakimiyyətin pozitiv islahatlar aparacağı qeyri-mümkündür”.

Arif Hacılı başqanı olduğu partiyanın 2000 və 2003-cü illərdə yerli özünüidarəetməylə bağlı təkliflərini ictimaiyyətə təqdim etdiyini dedi: “Hətta qanun layihələri də zaman-zaman Milli Məclisə təqdim olunub. Sadəcə, hakimiyyət təkliflərimizi iqnor edib neqativ dəyişikliklərə üstünlük verir”.

Ana səhifəAnalitikaQuberniyalar sisteminə keçirilərsə…