Qubad İbadoğluya qarşı yeni ittiham irəli sürülüb

Qubad İbadoğlu. Foto: Meydan TV

Jalə Bayramova: “Bu addımla atama beynəlxalq dəstəyi azaltmaq məqsədi güdürlər”

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, iqtisadçı Qubad İbadoğluya qarşı yeni ittiham irəli sürülüb. İndi o, həm də Cinayət Məcəlləsinin 167-3.1-ci ( Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsilə ittiham olunur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi avqustun 25-də yeni ittihamı Qubad İbadoğluya elan edib.

Cinayət Məcəlləsinin 167-3.1 maddəsində 8 min manatdan 10 min manata qədər cərimə və ya 2 ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan öncə Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ittiham verilmişdi.

Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkili ittihamların heç birini qəbul etmir və onların saxta, əsassız olduğunu bildirir.

Qubad İbadoğlunun qızı Jalə Bayramova hesab edir ki, atasına qarşı yeni ittihamın dinlə əlaqəli olması təsadüf deyil. Onun fikrincə, bu addımla ADR sədrinə beynəlxalq dəstəyi azaltmaq məqsədi güdürlər:

“Xarici təşkilatların Qubad İbadoğlu ilə bağlı artan dəstəyini gördükcə, onu dinə bağlamaq istəyirlər. Bunun məqsədi sadəcə beynəlxalq dəstəyi azaltmaqdır. Lakin Qubad İbadoğlunun evində “tank” da peyda olsa, bu, heç bir beynəlxalq təşkilatın dəstəyini azaltmayacaq…”.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətQubad İbadoğluya qarşı yeni ittiham irəli sürülüb