İlham Əliyev və Mehriban Əliyeva Füzuli-Şuşa yolunda

Mənbə: Azərtac

Başlıq: İlham Əliyev və Mehriban Əliyeva Füzuli-Şuşa yolunda

Qubad İbadoğlu: Şəffaflığa görə Şuşaya çəkiləcək yolda xarici şirkətlər və banklar da iştirak etsin

"Bəlli deyil ki, hansı yollar yenidən çəkiləcək, hansılar isə bərpa ediləcək"

Füzulidən Şuşaya yol çəkilir. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da var.

Şuşa noyabrın 8-də, 27 il sonra işğaldan azad edilib.

Məlumata görə, Şuşaya çəkiləcək yolun uzunluğu 101,5 kilometr olacaq. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, indiki ayrılan vəsaitdən hər kilometrə orta hesabla 500 min manata qədər vəsait düşür.

O, bu vəsaitin 101 kilometrlik yola az olduğunu düşünür: “Vəsait yolun Əhmədbəyli-Füzuli-Hadrut hissəsində işlərin aparılmasına kifayət etsə də, Xocavənd ərazisindəki mürəkkəb relyef hər kilometr üçün daha çox xərc tələb edəcək. Böyük ehtimalla həmin ərazidə çoxlu tunellər və körpülər tikiləcək. Təəssüf ki, Füzulidən sonrakı marşrut barədə açıqlama verilmir”.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Meydan TV

İqtisadçı deyir ki, ən rasional və qısa məsafə Qırmızı Bazar qəsəbəsindən keçən yol ola bilər. Həmin yol təxminən 70-80 kilometrdir. Amma açıqlanan məlumatda yolun uzunluğu 101,5 kilometr göstərir: “Yəni yol Qırmızı Bazardan deyil, çox güman ki, bu marşrutla aşağıdakı yaşayış məntəqələrindən keçəcək - Əhmədbəyli -Füzuli- Tağaverdi- Çanaqçı-Daşaltı-Şuşa. Bu, o deməkdir ki, Bakıdan Şuşaya yolumuz təxminən 350 km olacaq. Yolların vəziyyəti yaxşı olarsa, 4-5 saata çata bilərik”.

Deputat Vüqar Bayramov isə deyir ki, Şuşa işğal müddətində baxımsız şəhərə çevrilib. Lakin artıq Şuşaya həyat qayıdır: “Hətta Şuşada Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramının icrasına başlanılır. Bu o deməkdir ki, şuşalılar kiçik ailə biznesləri kimi öz doğma şəhərlərinə qayıda biləcəklər. Şuşada sahibkarlığın inkişafı ilə bağlı digər proqramların da icrasına başlanılması gözlənilir. Bu, o deməkdir ki, çox yaxın zamanlarda Şuşa şəhəri ölkəmizin ən çox inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək”.

Deputat bildirir ki, böyük turizm potensialı olan Şuşa şəhərinin sürətlə inkişaf edəcəyi gözlənir.

Vüqar Bayramov

Vüqar Bayramov

Mənbə: Meydan TV

Qubad İbadoğlu deyir ki, yol çəkilişi ilə bağlı məlumat çox azdır: "Ən azından bəlli deyil ki, hansı yollar yenidən çəkiləcək, hansılar isə bərpa ediləcək. Əhmədbəylidən Füzuliyə gedən bir yol var. Məncə, yol işlək vəziyyətdə olsa da yararsızdır. Füzulidən isə Qırmızı Bazar istiqamətinə müəyyən yol infrastrukturu qurulmuşdu. Amma indi o yolun vəziyyətinin necə olması açıqlanmır. Məndə olan məlumata görə, o yolun bir hissəsi bərpa ediləcək, bir qismi isə yenidən çəkiləcək. Təbii, yeni çəkiləcək yollar daha çox pul aparacaq. Üstəlik, həmin yollar relyefi çətin ərazilərdən keçəcək. Yəni körpülərə, tunellərə ehtiyac olacaq. Bu da əlavə vəsait deməkdir”.

İqtisadçı düşünür ki, 50 milyon manat 101 kilometr yolun çəkilişinə kifayət etməyəcək. Çox güman əlavə vəsaitlər ayrılacaq: “İlin sona çatmasına az qalıb. Düşünürəm ki, ayrılan vəsait bu ilin büdcəsindən götürülüb. Gələn ilin büdcəsindən də vəsait nəzərdə tutulacaq. Üstəlik, yolun çəkilməsinə 1 il, 1 il yarım vaxt lazımdır. Bəlkə, hələ 2022-ci ilin büdcəsindən də bu yola vəsait ayrıldı. Növbəti illərin büdcəsindən nə qədər vəsait ayrılması öncədən bilinməyəcək. Ancaq ayrılanda və xərclənəndə məlumatlı olacağıq. Çünki bizdə investisiya xərcləri büdcədə ümumi göstərilir. Hara, nə qədər ayrılması məsələsi Prezidentin səlahiyyətindədir”.

Qubad İbadoğlu deyir ki, işi hansı şirkət icra edəcək, bu işdə təcrübəsi varmı – bu da başqa mövzudur: “Şirkət diqqətli seçilməlidir. Çünki yol dağlıq ərazilərdən keçəcək. Tunellər, körpülərin tikilməsinə ehtiyac yaranacaq və burada istifadə üçün yeni texnikalar lazım ola bilər. Bəlkə də, o texnikalar bizdə yoxdur. Çünki biz indiyə qədər relyefi belə çətin olan ərazilərdə yol çəkməmişik. Əsasən düzənlik, dağətəyi yerlərdə yol çəkən şirkətlərimiz var. İndi bu yolu çəkən şirkətlər xaricdənmi dəvət ediləcək, vəsaitlər dövlət büdcəsi hesabınamı təmin ediləcək, yoxsa bunun üçün kredit alınacaqmı, bilinmir”.

Qubad İbadoğlu bu işdə xarici şirkətlər və bankların da iştirakını arzulayır. O deyir, bu həm də şəffaflıq məsələlərinə müsbət təsir edər: “Məsələn, deyək ki, Avropa Yenidənqurma İnkişaf Bankı, yaxud Asiya İnvestisiya İnfrastruktur Bankı, Asiya İnkişaf Bankı və s. Bunların infrastruktur sahəsində təcrübələri çoxdur. Bu iş həmin banklar vasitəsilə görüləcəksə, hesab edirəm ki, maliyyə, risklər və məsuliyyətlər də bölüşər, şəffaflıq artar. Təklif edərdim ki, işi birlikdə görsünlər. İndiki halda isə Azərbaycanda bu işi yüksək keyfiyyətdə, şəffaf görüləcəyini sanmıram. Həm də bu sahədə lazım olan avadanlıqların bizdə olmadığını düşünürəm”.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb. Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Azərbaycan Ordusu 289 km² ərazisi olan Şuşa şəhərini noyabrın 8-də işğaldan azad edib. Bu barədə məlumatı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı açıqlayıb.

1930-cu ildə yaradılmış Şuşa rayonu Kiçik Qafqazın Qarabağ silsiləsində yerləşir. 2016–cı ildəki hesablamalara görə, Şuşanın 32.8 min nəfər əhalisi olub. Ərazisinə bir şəhər və 31 kənd daxildir.

Mərkəzi Şuşa şəhəridir. Rayon 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Şəhərin işğal tarixi 8 maydır. Şuşa əhalisi Azərbaycanın müxtəlif rayonlarında yaşayır.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pxbz9b

Ən çox baxılan