Turist sayı nəyin hesabına artır?

Qafqaz turizmi. Mənbə: Sotnikov Misha/shutterstock

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir

Bu ilin ilk üç ayında Azərbaycana 513,5 min əcnəbi gəlib.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz çoxdur.

171 ölkədən gələn turistlərin çoxu – 28,7 faizi Rusiyadan gəlib. İkinci yerdə 19,3 faizlə Türkiyə, üçüncü yerdə 10,3 faizlə İran gəlir.

Sonrakı yerlərdə Hindistan (7,2 faiz), Gürcüstan (4,8 faiz) Qazaxıstan (3,2 faiz), Səudiyyə Ərəbistanı və Pakistan (hər biri 2,4 faiz), Birləşmiş Ərəb Əmirlikləri (2,1 faiz), Özbəkistan (1,8 faiz), Türkmənistan və Küveyt (hər biri 1,5 faiz), Ukrayna (1,4 faiz), Belarus (1,2 faiz) gəlir.
Son dönəmlər Rusiya, Ukrayna və Belarusdan qonşu ölkələrə gedənlərin sayı artıb. Səbəb müharibə və qoyulan sanksiyalardır.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Mütəxəssislər düşünür ki, İran, Rusiya, Gürcüstandan Azərbaycana gələnlərin çoxu turist yox, bu ölkələrdə yaşayan soydaşlardır. Onlardan çoxu Azərbaycandakı qohumlarını ziyarətə gəlirlər və bu say turizmin inkişafının göstəricisi deyil.

DSK bildirir ki, bu il Azərbaycana Çindən gələnlərin sayı ötən ilə baxanda 3,7 dəfə artıb.

Müvafiq olaraq Hindistandan və Qazaxıstandan gələnlərin sayı – 2,4, Bəhreyndən gələnlərin sayı – 2,1, Səudiyyə Ərəbistanından və Qırğızıstandan gələnlərin sayı 2, İspaniyadan və Filippindən gələnlərin sayı 1,9 dəfə, İtaliyadan gələnlərin sayı 1,8 dəfə, Omandan, Tacikistandan gələnlərin sayı 1,7 dəfə, Cənubi Koreya, İrandan, Türkmənistandan gələnlərin sayı 1,6 dəfə artıb.

Statistikaya görə, ötən illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq – 18,6 min nəfər olub.

Vüqar Bayramov
Foto: Meydan TV

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın olub. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir:

“Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Ölkənin quru sərhədləri 2020-ci il martın əvvəlindən bağlıdır – 4 ildən artıqdır.

Sərhədlərin bağlı qalması ilə bağlı daim COVİD 19 pandemiyası göstərilirdi.

Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizlik güclənib.

Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

Ana səhifəİqtisadiyyatTurist sayı nəyin hesabına artır?