Qubad İbadoğlu ev dustaqlığına buraxılmadı

Foto: arxiv

Partiya sədri deyib ki, istintaqdan yayınmaq niyyəti yoxdur

Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, eyni zamanda, London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunun ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə baxılıb.

Qapalı keçirilən məhkəmə iclasında Qubad İbadoğlu özü də iştirak edib.

O bildirib ki, qapalı şəraitdə saxlanması həm elmi fəaliyyətinə, həm də səhhətinə kəskin şəkildə mənfi təsir göstərir.

İbadoğlu deyib ki, istintaqdan yayınmaq niyyəti yoxdur. Nə vaxt istintaqa çağırılarsa, gələcək, çünki özü də bu işin başa çatdırılmasında və sonda bəraət almaqda maraqlıdır.

Vəkili Zibeydə Sadıqova məhkəməyə Qubad İbadoğlunun səhhətindəki problemləri təsdiqləyən tibbi sənədləri təqdim edib.

Vəkil vurğulayıb ki, müvəkkili şəkər, təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun kamera şəraitində saxlanması vəziyyətinin ağırlaşmasına gətirib çıxarır.

Müstəntiq isə Qubad İbadoğlunun həbsdən buraxılmasına etiraz edib. O vurğulayıb ki, bu halda istintaqın gedişinə mane ola bilər.

Hakim də qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib.

Məhkəmədən sonra vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək:

“Qubad İbadoğlu azadlıqda olanda davamlı dərman qəbulu ilə yanaşı, həm də gündə 10 kilometr gəzməklə, dietik yeməklərlə xəstəliyinə nəzarət edirdi. Təcridxanada belə imkanlar yoxdur. Bunları məhkəmənin diqqətinə çatdırdıq. Bundan başqa, Qubad İbadoğlu elm adamıdır. Çox narahatdır ki, elmi işləri, tədqiqatları yarımçıq qalıb. Deyir ki, heç vaxt bu qədər vaxt itkisinə yol verməyib. Onun buraxılması daha faydalı olardı…”.

Qubad İbadoğlu avqustun 15-16-da Çində keçiriləcək beyin mərkəzlərinin toplantısında Azərbaycanı təmsil etməliymiş.

Sənədləşmə işlərilə əlaqədar onun pasportu da səfirlikdə qalıb.

ADR sədrinin ailə üzvlərilə telefon danışıqlarına imkan verilsə də, həbs olunandan bu yana onlarla görüşə bilməyib.

Onun görüş hüququnun təmin olunması üçün rəsmi qaydada müraciət olunub.

Qubad İbadoğlu iyulun 23-də həyat yoldaşıyla birlikdə avtomobildə gedərkən saxlanılıb.

Həyat yoldaşı İradə Bayramovanın bildirdiyinə görə, saxlanılarkən o da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.

Qubad İbadoğlu həyat yoldaşından narahatdır. Həyat yoldaşı, qardaşıyla görüşmək istəyir. Bununla əlaqədar rəsmi qaydada müraciət etmişik”, – vəkil bildirib.

Nərimanov Rayon Məhkəməsinin qarşısı. Foto: “Facebook”

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur. Həmin məkan rəsmən onun adına olsa da, uzun illərdir ki, xaricdə yaşadığına görə ora gəlib-getmirdi.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətQubad İbadoğlu ev dustaqlığına buraxılmadı