Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

Bəhruz Bayramov, Qubad İbadoğlu və Zibeydə Sadıqova. Foto: vəkil Elçin Sadıqovun arxivindəndir

AŞPA deputatları deklarasiya qəbul etdi, Avropa Parlamenti iqtisadçının işini müzakirə edəcək

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, həbsdə olan professor Qubad İbadoğlu həbsdən buraxılıb. Aprelin 22-də Nərimanov Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Məhkəmənin qərarına əsasən, Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

İqtisadçı ev dustaqlığına buraxılmazdan öncə qızı Jalə Bayramova ictimaiyyətə çağırış edib. O, atasının sağlıq durumunun çox pis olduğunu bildirib.

Jalə Bayramova deyib ki, artıq Qubad İbadoğlunun səhhəti həddindən artıq pisləşib. Həbsxanaya məhkum edildiyi son 9 ayda atasının qan şəkəri düşmür və nəticədə ayaq dırnaqlarında qaralmalar var:

“Sol ayağında bir barmağında dırnaq bütövlüklə ətdən ayrılmaq təhlükəsindədir. Həbsxana şəraitində o, yaraya qulluq edə bilməz və əgər yara çirk versə, onun barmaq və ayağı amputasiya edilə bilər. Bundan əlavə atamın əllərində, xüsusilə ayaqlarında periferik sinirlərin zədələnməsi (polineyropatiya) baş verib və hamısı yüksək şəkərin fəsadlarıdır”.

Aprelin 22-də isə AŞPA-nın 26 deputatının imzası ilə Qubad İbadoğlunun azad olunması üçün deklarasiya qəbul olunub. Deputatlar tələb ediblər ki, Avropa İnsan Haqları Məhkəməsinin müvəqqəti tədbiri təcili icra edilsin, Qubad İbadoğlu və Azərbaycanda digər siyasi məhbuslar azad edilsin.

Avropa Parlamenti də Qubad İbadoğlunun məsələsini təcili müzakirəyə çıxarır. Avropa Parlamentinin aprelin 24-də keçiriləcək iclasının gündəliyinə Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsinə adekvat reaksiyanın göstərilməsi və onun həbsdən azad olunması məsələsi daxil edilib.

Açıqlanan gündəliyə uyğun olaraq qətnamə aprelin 24-də müzakirə olunacaq, ayın 25-də isə səsverməyə çıxarılacaq.

Qətnamədə professor Qubad İbadoğlu, fəal İlhamiz Quliyev, “AbzasMedia” və “Toplum TV”-nin əməkdaşlarının qanunsuz həbsləri məsələsi də əhatə olunub.

Ötən ilin sentyabrında da Avropa Parlamenti Qubad İbadoğlu ilə bağlı 8 bəndlik qətnamə qəbul edərək Azərbaycan hakimiyyəti qarşısında onun dərhal azad olunması tələbini qoymuşdu.

Ana səhifəSiyasətQubad İbadoğlu ev dustaqlığına buraxılıb