Renessansçılara gələn ölüm təhdiləri və bu təhdidlərin gürcü mediasında yer almasından, həmçinin, lazımi orqanlara çatdırılmasından çoxları xərbardardır. Hörmətli iman əhli. Axı sizin bəsirət gözünüz açıq idi. Bəs bilmirdinizmi, açıqlama verib bizi təhqir və təhdid edənlərin məscid adına yox, bir neçə fərdin işi olduğunu ictimaiyyətə çatdırmayanda xəbər başlığındakı sual boyunu qaldırıb nidaya çeriləcək?! Açıq danışın, bu təhdid və təhqirlər fərdlərin işidir, yoxsa məscidin?
Fərdlərin işidirdirsə, o zaman niyə açıqlama vermirsiniz ki, həqiqi islam bu deyil, sizing bizimlə bir işiniz yoxdur? Əgər fərdlərin işi deyilsə, o zaman niyə bizə qarşı qaralama kompaniyası aparırsınız ki, məscidimizi təhqir ediblər? Təhqir demişkən, gəlin sizə anladım, kim kimi, kim dini təhqir edib. Siz məlum obyektin ünvanımıza yağdırdığı dilə gətirilməsi mümkün olmayan təhqir və təhdidləri dininiz, məscid adına həqarət, hörmətsizlik və təhqir kimi dəyərləndirmirsiniz? İndi qərar verin, dini biz təhqir etmişik, yoxsa bu söyüş və təhdidləri ünvanımıza yazan dindarlar? Öz eybinizi niyə, nə ilə gizlətməyə çalışırsınız? Budur sizin İmam Əlidən və məsciddən öyrəndiyiniz ədalət?
Məlum obyekt bu təhqir və təhdidləri renessansçılara buna görə yazıbmış ki, renessansçılar gəncliyimizi pozurlar. Gənclərimizi kimin pozduğuna gənclər özü qərar verməlidir, nə biz, nə siz, nə də heç kim… Lap da tutaq ki, biz gəncləri pozuruq, sizin buna alternativ olaraq sunduğunuz dəyərlər toplusu hansıdır? Siz hansı dəyərlərlə onları yola gətirməyi iddia edirsiniz? Bizi təhqir etməklə, iyrənc söyüşlərlər, təhdidlə? Hər şeyi kənara qoyaq, o leksikon hansı dəyərə, hansı əxlaqa, hansı dinə yaraşır?
Karikatura…
Axı siz əllameyi dəhr, höccətil islam və muslimin idiniz… Axı İslam bütün dinlərin ən alisi, dəyərlərin ən ucası idi… Axı əsl elm də, sənət də onda idi… Axı Allah özü Quranda dinini qiyamətə qədər qoruyacağını iddia edir… Sizin bunlara imanınız yoxdur ki, bir karikaturadan qorxursunuz? Bir karikatura işinə ölümü, bu qədər söyüşü qataraq cəmiyyətin saf və təmiz duyğularına zərbələr endirirsiniz. Sənətlə mübarizə sənətlə olur.
Bunu dünyaya sülhü gətirdiyini iddia edən İslam da öyrətmədi sizə? Çəkdirin, karikaturaya qarşı bir karikatura çəkdirin. Şairiniz də var, rəssamınız da. Necə olur ki, güldən, bülbüldən, çoxdan köhnəlmiş didaktik mövzulardan rəsm çəkə bilir rəssamlarınız. Necə olur dindən danışmağa, Əliyevlər fondu üçün rəsm çəkib, hədiyyə etməyə rəssamınız vaxt və enerji tapır, ancaq iş dinə gələndə fırçası quruyur? Bir karikaturanın önündə bu qədər acizsinizsə, onu sənətlə deyil, qanla, təhqir və aqresiya ilə yox etməkdən başqa çıxış yolu görmürsünüzsə, gəncliyi öz elminizə, helminizə, doğruluğunuza necə inandıra bilərsiniz?
Savunduğunuz dini və məzhəbi ya yaxşı oxumamısınız, yaxud da üzdən, minbərlərdə şeyxlərdən əzbərləmisiniz… Konkret olaraq şiə məzhəbində üsyan və mübarizə simvolu bir qadın var: Zeynəb… Hansı ki, tez-tez təvəllüd və şəhadət məclislərini qurur, Kərbəlada mübarizə üçün hətta hicabının da açıldığını özünüz gün-axşama danışırsınız… Hanı, hardadır bu 30 ildə etdiyiniz təbliğat və maariflənmədə yetişdirdiyiniz Zeynəblər? Renesanslı xanımlara utanmadan təhqirlər yağdırırsınız ki, sizin ata -ananız yoxdurmu, çəkə…
Hanı, hardadır bu cəmiyyətdə sosial ədalətin, həqiqətin, dəyərlərin qorunması üçün cəhalətə, zülmə qarşı mübarizə aparan bircə dənə də dindar qadın? Göstərin! Hardadır, göstərin biz də görək… Yoxdur…! İndi iki-üç xanım ölkədə olan ədalətsizliklərə, haqsızlıqlara, məmur özbaşınalığına, cəhalətə qarşı bütün varlığıyla renessansda mübarizə aparırsa, siz də o məmurların, harınlamışların, cəhalətin maşası kimi onlara hər cür təhqiri, söyüşü, təhdidi rəva görürsünüzsə, buna necə vicdani və ilahi don geyindirək? Əgər xütbələrinizi özünüz deyib, özünüz qulaq asırsınızsa, danışdıqlarınız artıq özünüz üçün də köhnəlmiş və maraqsızdırsa, bunun günahını bu cəhalətə qarşı savaşan 5-6 gəncdə deyil, öz mütaliə dairənizin darlığında, təbliğ metodunuzun təsirsizliyində görün…
Ağalar… Məlum obyekt iddia edir ki, karikaturanı silməməyə ağalarımız qoymurmuş. Yazılarımızı da ağalarımızın sifarişi ilə yazırıqmış… Mən isə idia edirəm ki, ümumiyyətlə bu ağa sözünü Borçalı leksikonuna din adıyla siz gətirmisiniz, ən çox da siz işlədirsiniz. Bu ağa sözü leksikonumuzda çox kəlimələri kölələşdirdi, çox kölələri qəhrəmanlaşdırdı. Bizim heç bir ağamız yoxdur. Biz bütün ağalığa qarşıyıq. Mübarizəmiz də bunun uğrunadır.
İşə baxın, bu qətlimizə fərman verənlər bizi hətta erməni lobbilərinə işləməkdə də suçlayır. Qarabağ məsələsini toplumun zəif damarı kimi ortaya qatırlar. Çox gülməlidir. Soruşmaq ayıb olmasın, siz hansı dinə inanırsınız? İnandığınız dində millət ayrı-seçkiliyi var? Bizim üçün isə həqiqətin doğrudan da, milləti yoxdur!
Sizin mübarizə dairəniz o qədər cılızdır ki, sünni, şiə, vahabi bölgüləri bir yana, öz aranızda on yerə bölünübsünüz. O axund bu şeyxə söyür, bu axund o şeyxi söyür, dini və toplumu edibsiniz siyasət oyuncağı… Ölkədə olan heç bir ədalətsizliyə, zülmə, cəhalətə qarşı savaşda sizin heç kölgənizi də görmürük, ancaq ola sifarişlərlə sərhəddin o tayına, hətda okeanın o tərəfində olanlara qarşı mitinq keçirir, qəhrəmanlıq edirsiniz… İndi sizdən və bizi bu din və xalq düşməni kimi qaralamaq kampaniyasına start verənlərdən soruşuram: budurmu sizin cəmiyyətə, gəncliyə xilas kimi sunduğunuz dəyərlər toplusu, dindar elita?
Bizim heç kimin dini inancı, dəyərləri, seçimi ilə işimiz yoxdur. Əlbəttə, hamı öz inancında, yol seçimində sərbəstdir. Biz də elə bu azad ortamın yaranmasının təşkilinə idialıyıq. Ölkədə heç bir idealogiya diktaturası olmamalıdır. Ölkə, cəmiyyət o vaxt inkişaf edir, maariflənmiş hesab olunur ki, orada bir rəng yox, çoxlu rənglər və bu rənglərin azad seçimi olur. Biz ölkəmizi, cəmiyyətimizi rəngarəng görmək istəyirik. Siz deyirsiniz ki, təkcə yaşıl (yaşılın da adı yaşıldır, sizin simanızda, beş gündür social şəbəkələrdə yazdığınız söyüş isə qaraya daha çox oxşayır) olsun. Biz isə deyirik ki, yaşıl da olsun, ancaq qırımızı, narıncı, sarı, ağ, göy və.s (ideologiyalar) bütün rənglərin də azadlığının yanında… Çünki obyektivliyin, tolerantlığın, humanizmin, sağlam maarifləndirmənin əlifbası buradan başlayır…
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.