Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı, Qarabağ müharibəsi veteranı və II qrup əlil Vüqar Qədirliyə 2 il həbs cəzası verilib.
AXCP-nin məlumatına görə, hökm iyunun 30-da İmişli Rayon Məhkəməsində çıxarılıb.
Vüqar Qədirli ötən il dekabrın 12-də İmişli rayonunda saxlanılıb. Ertəsi gün məhkəmənin qərarı ilə onun barəsində Cinayət Məcəlləsinin qanunsuz silah saxlama ilə bağlı maddəsi üzrə həbs qətimkan tədbiri seçilib.
AXCP isə Vüqar Qədirlinin irəli sürülən ittihamla heç bir əlaqəsinin olmadığını bildirir. Partiya bildirir ki, Qarabağ müharibəsi veteranı olan fəal siyasi fəaliyyətinə görə saxta ittihamla həbs edilib.
Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.