Qətldə şübhəli bilinən ər iki il əvvəl şiddətə görə cəza alıb

Foto: Meydan TV

Əfsanə Məmmədova xəsarət aldığı üçün məhkəməyə müraciət edib, sonra bağışlayıb

Martın 24-də günorta saat 2 radələrində Goranboy rayonunda 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova qətlə yetirilib. O, xəstəxanaya aparılarkən yolda keçinib.

37 yaşlı qadının ölümünə görə həyat yoldaşı Mehman Süleymanov tutulub. Goranboy Rayon Prokurorluğundan Meydan TV-yə verilən məlumatda bildirilir ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov həyat yoldaşını qətlə yetirməkdə ittiham olunur.

Hadisə Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında baş verib. İddia edilir ki, Mehman Süleymanov idarə etdiyi “Land Rover Discovery” markalı avtomobillə Əfsanə Məmmədovanı vurub, ardınca isə bıçaqla ona xəsarət yetirib.

Prokurorluğun məlumatına görə, Mehman Süleymanov və arvadı Əfsanə Məmmədova 1 ildir ki, faktiki ayrı yaşayırdılar.

Meydan TV-nin əldə etdiyi başqa bir məlumata görə, onların birgə nikahdan üç övladı var. Məlumatda bildirilir ki, xeyli vaxtdır Əfsanə Məmmədova Dəliməmmədli şəhərində valideynlərinin yanında olsa da, Mehman Süleymanov mütəmadi uşaqlara baş çəkirdi. Martın 24-də onunla həyat yoldaşı arasında mübahisənin uşaqlara görə başladığı iddia olunur.

Meydan TV dəqiqləşdirib ki, cütlük arasında bundan əvvəl də qalmaqal olub. Mehman Süleymanov həyat yoldaşı Əfsanə Məmmədovaya xəsarət yetirdiyinə görə onun haqqında Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə Əfsanə Məmmədova həyat yoldaşıyla barışdığını, ondan şikayət və tələbi olmadığını deyib. Məhkəmənin hökmüylə 2019-cu ilin sentyabrında Mehman Süleymanova şərti cəza verilib.

Mehman Süleymanov sahibkarlıqla məşğul imiş. Onun bir sıra ticarət obyektlərinin olduğu bildirilir. Baş vermiş hadisə və irəli sürülmüş ittihama onun özü və ya yaxınlarının münasibəti məlum deyil.

Ana səhifəBölgəQətldə şübhəli bilinən ər iki il əvvəl şiddətə görə cəza alıb