Ölkədə rəsmi olaraq yüz minlərlə vətəndaşın işsiz olduğu bir vaxtda, Dövlət Məşğulluq Agentliyi (DMA) çıxış yolunu vətəndaşları xaricə göndərməkdə görür. Qurumun bir neçə aydır ki, “Azərbaycandan işçi qüvvəsinin ixracı layihəsi” çərçivəsində Sloveniya və Türkiyəyə işçi göndərmək üçün vakansiya elanlarına rast gəlinir.
Agentliyin elanlarından aydın olur ki, Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul həyata keçirilib. Təklif olunan işlər sırasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat və texniki xidmət işçisi kimi peşə və vəzifələr yer alır.
Türkiyə üzrə elan olunan vakansiyalarda isə əsasən xüsusi qulluq mərkəzlərində (“Bakım Evləri”) çalışacaq işçilər axtarılır.
Dövlət Məşğulluq Agentliyinin xaricdə məşğulluq imkanları ilə bağlı fəaliyyəti yalnız bu iki ölkə ilə məhdudlaşmır. Agentlik hazırda Almaniyada da iş imkanları ilə bağlı müzakirələr aparır.
Layihə bu ilin avqust ayından bəri gündəmə gəlsə də, xaricdə iş imkanlarının yaradılması istiqamətində ilk addımlar bundan əvvəl də atılıb. Məsələn, ötən il Türkiyənin hotelçilik və gəmiçilik sektorunda çalışmaq üçün 470-dən çox vakansiya elan edilmişdi.
Əvvəlki elanlarda vakansiyalar üzrə əməkhaqqının məbləği də göstərilsə də, bu il elan olunan “işçi ixracı” elanlarında maaşların konkret məbləği açıqlanmır. Yalnız ödənişin müvafiq ölkənin minimum əməkhaqqından az olmayacağı qeyd edilir.
Elanlara gələn rəylərdən isə aydın olur ki, xaricdə işləməyə getmək üçün insanlar arasında xeyli maraq var. Hətta müraciət edib növbəsini gözləyən insanlar da az deyil.
Əcnəbiyə vergi güzəştləri fonunda yerli işçinin “ixracı”
İndiyədək Azərbaycanda xaricdə iş imkanlarının yaradılması ilə əsasən özəl sektor məşğul olurdu. Bu istiqamətdə ixtisaslaşmış şirkətlər fəaliyyət göstərir. Agentliyin bu sahəyə daxil olması isə dövlət qurumunun özəl sektorla eyni bazarda rəqabətə girdiyini göstərir.
Dünyada bir dövlətin öz əmək qüvvələrinin hökumətlərarası razılaşma ilə başqa ölkələrə göndərilməsinə aid xeyli təcrübə var. Hökumətlər bu qərarı verərkən ölkələrin əmək bazarlarının imkanlarını və əhalinin məşğulluq vəziyyətini nəzərə alırlar. Məsələn, Hindistan, İndoneziya və Çin kimi böyük əmək potensialına malik ölkələr işsizliyin azaldılması və əhalinin gəlir imkanlarının artırılması məqsədi güdürlər. Bu ölkələrdən Rusiya və Avropa ölkələri kimi əmək qüvvəsinə ehtiyac olan bazarların müxtəlif sahələrinə, habelə mövsümi işlər üzrə işçilər göndərilir.
Azərbaycanın vəziyyətində isə məsələ bir sıra suallar meydana çıxarır. Hökumət ölkədə işsizliyin rəsmi olaraq aşağı səviyyədə olduğunu bildirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda işsizlərin sayı 280 min nəfərə yaxın olub. Rəsmi işsizlik səviyyəsinin isə 5,2 faiz təşkil etdiyi bildirilir. Əgər ölkədə rəsmi işsizlik səviyyəsi aşağıdırsa və hər il açılan yeni iş yerlərinin sayı artırsa, xaricə “işçi ixracı”nın əsas məqsədi nədir?
Digər tərəfdən, Vergi və Miqrasiya məcəllələrinə edilən dəyişikliklərə əsasən, yüksək ixtisaslı miqrantların Azərbaycanda işləmək imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Azərbaycandan kənarda yaşayan və ya qeydiyyatda olan əcnəbi vətəndaşların əmək müqaviləsi əsasında xaricdən əldə etdikləri gəlirlərin 2027-ci il yanvarın 1-dən başlayaraq 20 il müddətinə gəlir vergisindən azad ediləcəyi nəzərdə tutulur. Bununla paralel, gələn ildən etibarən yerli əhalinin əməkhaqqından tutulacaq gəlir vergisinin dərəcələrində əhəmiyyətli artım olacaq. Ekspertlərə görə, vergi dərəcələrinin artması əmək bazarında qeyri-rəsmi fəaliyyətin genişlənməsinə səbəb olacaq.
Bir tərəfdən yerli mütəxəssislərin xaricə getməsi və əmək bazarını tərk etməsi müzakirə olunur, digər tərəfdən isə xaricdə yaşayan yüksək ixtisaslı şəxslərin Azərbaycanda işləməsini stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq edilir.
Hökumətin “işçi ixracı” layihəsində məqsədi nədir?
Azərbaycanın dövlət səviyyəsində öz kadrlarını, işçi qüvvəsini xaricə işləməyə göndərməsini ölkədə iş yerlərinin az olmasının etirafı, habelə məşğulluq probleminin xaricə ötürülməsi kimi qiymətləndirmək olarmı?
İqtisadçı Toğrul Vəliyev Meydan TV-yə açıqlamasında məsələ ilə bağlı konkret səbəb göstərməyin çətin olduğunu deyir. Onun sözlərinə görə, bu tip proseslər adətən ölkələr arasında bağlanan müqavilələr əsasında həyata keçirilir:
“Yəni hansı ölkənin nəyə ehtiyacı varsa, işçi qüvvəsinə ehtiyacı varsa, müəyyən kvotalar ayrılır. Bu, çoxdan mövcud olan bir sistemdir. Artıq 40-50-ci illərdə dünyada belə bir sistem var idi. Vaxtilə türklər Almaniyaya, mərakeşlilər isə Belçikaya, Niderlanda, Almaniyaya və digər ölkələrə iş üçün belə getmişdilər”.
İqtisadçının fikrincə, Azərbaycan nümunəsində isə məsələyə fərqli yanaşmaq lazımdır:
“Məsələ burasındadır ki, Azərbaycanda indi bunun əsası yoxdur. Azərbaycandan kifayət qədər işçi Polşaya, Slovakiyaya gedir. Amma dövlət qurumu nədənsə Sloveniyanı seçib. Bu, bir az qəribədir”.
T. Vəliyev hesab edir ki, bu qərarın arxasında xüsusi səbəb axtarmaq əvəzinə, dövlət qurumunun öz fəaliyyətini genişləndirmək cəhdi kimi yanaşmaq mümkündür:
“Doğrusu, burada hər hansı bir səbəb axtarmaq üçün dərinə getməzdim. Sadəcə, bir sahə var, o sahədə dövlətin iştirakı yoxdur. Bu sektorda əsasən özəl şirkətlər və ya xidmətlər fəaliyyət göstərir.
Dövlət Məşğulluq Agentliyi də öz fəaliyyətini, ən azı nə iləsə məşğul olduğunu göstərməyə çalışır. Yəni “aktiv məşğulluq tədbirləri” dediyi tədbirlərdən əlavə, hətta real olaraq xaricdə iş tapır. Belə başa düşülür ki, Dövlət Məşğulluq Agentliyi ölkə daxilində iş tapmaq imkanlarının bir variant olmadığını görür. Ona görə belə bir üsula əl atıb ki, insanların onlara müraciət etməsini motivasiya etsin, stimullaşdırmağa çalışsın”.
Onun sözlərinə görə, xaricə göndərilən işçilərin sayı da hazırda kifayət qədər böyük deyil:
“Əslində, say baxımından da çox böyük rəqəm deyil. Əgər bu, Azərbaycanda iş yerlərinin azlığının etirafı olsaydı, burada say daha çox olardı. Yəni Azərbaycanda rəsmi olaraq 250 mindən çox işsiz insan var. Hələ əmək bazarının kənarında qalan insanların sayını əlavə etməsək belə. Yəni bu, daha çox sadə piar variantlarından biridir. Bəlkə də nə vaxtsa gələcəkdə bu istiqamət daha populyar ola bilər. Sadəcə olaraq, Dövlət Məşğulluq Agentliyi gördü ki, xaricə işçi ixracı ilə özəl şirkətlər məşğuldur. Belə vəziyyətlərdə adətən dövlət qurumları, dövlət şirkətləri də hər hansı məşhur özəl təşəbbüs istiqamətinə daxil olmağa çalışırlar, cəhd edirlər. Amma bunun necə alınacağı, alınıb-alınmayacağı tam bəlli deyil”.