Ülviyyə Aydınova və övladları

Mənbə: Foto: Meydan tv

Başlıq: Ülviyyə Aydınova və övladları

Qazax sakini: Səsim Mehriban xanıma çatsa, mənə kömək edəcək

31 yaşlı Ülviyyə Aydınova ağır xəstəlikdən əziyyət çəkir, müalicə üçün kömək istəyir

“Ağır xəstəyəm, müalicə oluna bilmirəm. Xəstəliyimə görə həyat yoldaşım da iki uşaqla atdı məni... Gəlib uşaqlarımla atamın qəzalı evinə sığınmışam. Atam da xəstədir, uşaqlarım acından ölməsin deyə, gedib orda-burda fəhləlik edir, bir tikə çörək gətirir. Fəhləlik işi də bir gün olur, beş gün olmur”.

31 yaşlı Ülviyyə Aydınova Qazaxın Canalı kəndində yaşayır. Meydan TV-yə danışır ki, bir müddət əvvəl vaskulit xəstəliyinə tutulub.

“Vaskulit” - qan damarının iltihabıdır. Bu xəstəlik damarda daralmalara, tıxanmalara, anevrizmalara, orqan yetməzliyinə gətirib çıxarır. Uzunmüddətli müalicə tələb olunur, vaxtında və davamlı müalicələrin alınmaması ölümlə nəticələnir.

“İki azyaşlı uşaqla evdən qovuldum”

Ülviyyə Aydınova deyir, xəstəliyi üzə çıxandan sonra ailəsi dağılıb:

“Çox işgəncə gördüm, döyüldüm, təhqir olundum, güclü stress yaşadım. Bunların nəticəsində xəstəliyə tutuldum, yorğan-döşəyə düşdüm, həyat yoldaşım və valideyni davamlı müalicələr almalı olduğumu anlayıb ən asan yolu seçdilər – uşaqlarımla birlikdə evdən qovdular. Sonra yoldaşım məhkəməyə müraciət etdi, məndən boşandı, 2 və 10 yaşlı qızlarımı mənə verdilər, 10 yaşlı oğlumu öyrətdilər, məhkəmədə dedi ki, anamı istəmirəm. Beləcə, uşağın birini əlimdən aldılar. İndi o uşaq da nənə qoltuğunda anasız əziyyət çəkir. İki uşağa görə 160 manat aliment alıram, heç uşaqların yeməyinə çatmır. Onun-bunun köməkliyi ilə böyük qızı məktəbə göndərirəm ki, təhsildən kənarda qalmasın. Atam gecə-gündüz iş axtarır ki, ac-susuz qalmayaq, mən isə müalicə ala bilmirəm. Günbəgün vəziyyətim ağırlaşır”.

Ülviyyə Aydınova əvvəllər 2 ay Bakıda – Respublika Klinik Xəstəxanasında, 5 ay Tbilisidə müalicə olunub. Bir müddətdir ki, pulsuzluqdan müalicələrini davam etdirə bilmir. Deyir, ən böyük arzusu sağalıb ayağa qalxmaq, övladlarını başına toplamaq, onların təhsilinə, gələcəyinə dəstək olmaqdır.

“Uşaqlarımın qayğısını çəkə bilmirəm”

Qazax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, vətəndaş müalicə üçün Səhiyyə Nazirliyinə, sosial durumuyla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə, həmin qurumlar ailənin tibbi, həm də sosial problemlərini qanun çərçivəsində həll edərlər:

“Təəssüf ki, bizim qurumda belə bir büdcə yoxdur ki, belə hallarda vətəndaşlara yardımçı olaq. Bu, bizim vəzifə və səlahiyyətlərimizə aid deyil. Ancaq müvafiq qurumlar var ki, ailəyə bu məsələlərdə yardım etməlidilər”.

Ülviyyə Aydınova isə deyir, ümidi Birinci vitse-prezidentə və xeyirxah insanlaradır:

“Mənim ümidim bir Mehriban Əliyevayadır, bir də xeyirxah insanlara... İstəyirəm ki, müalicəmə yardımçı olsunlar, ayağa qalxım, işləyim, balalarımı böyüdüm. Yataq xəstəsiyəm, balalarım ortalıqda qalıb, qız məktəbə gedir, nigaran qalıram, oğlum yanımda deyil, nə yeyir, nə içir, həyatı necə keçir, xəbər tuta bilmirəm. Yeriyə bilmirəm, belimdə güclü ağrılar var, müalicə olunmasam, balalarım yetim qalacaq. Üç uşaq anasına yatağa düşmək çox ağırdır, uşaqlarımın qayğısını çəkə bilmirəm”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yp5nba

Ən çox baxılan