Qazax sakini: “Dəzgah barmaqlarımı kəsdi, təzminat ödəmədi, işdən qovdu…”

Teymur Məmmədov. Foto: Meydan TV

Teymur Məmmədov işlədiyi sexin sahibindən şikayəçi olduğunu deyir

Qazaxın Xanlıqlar kənd sakini Teymur Fariz oğlu Məmmədov işlədiyi taxta sexinin sahibindən şikayətçidir.

Vətəndaş Meydan TV-yə deyir ki, 2017-ci il martın 26-da sahibkar Qalib Binnət oğlu Məmmədov iş saatı bitməsinə baxmayaraq, onu gecə saat 11-də işləməyə məcbur edib.

Nəticədə yorğun olan Teymur Məmmədovun sol əli dəzgahda ciddi xəsarət alıb.

“Hadisə gecə saatlarında olub. Qalib mənə zəng etdi ki, restorana “besedka” düzəltmək lazımdır. Etiraz etdim ki, həm gecdir, yorğunam, həm də bu mənim işim deyil. Cavabında məni işdən çıxarmaqla hədələdi. İşimi itirmək qorxusu ilə dediyini etməli oldum. Çünki aramızda heç bir əmək müqaviləsi bağlanmamışdı. Havada idim, hər an işdən qovula bilərdim. Çox yorğun olduğumdan barmaqlarım dəzgahın dişləri arasında qaldı, ağrıdan huşumu itirdim, ayılanda gördüm ki, evdəyəm. Həyat yoldaşım da qışqıra-qışqıra ağlayır”, – şikayətçi deyir.

O bildirir ki, hadisə nəticəsində sol əlinin bir barmağı tamamilə kəsilib, digər barmaqlar isə funksiyasını itirib:

Hadisə baş verən vaxt Qalibin əmisi oğlu Telman da sexdə idi. Huşumu itirəndən sonra o, məni sürüyərək, su kranının yanına gətirib, üzümə su vurub. Elə bu vaxt sexin digər işçisi Natiq gəlib, vəziyyəti belə görüb, Qalibə zəng edib ki, Teymur barmaqlarını itirib, xəstəxanaya aparmaq lazımdır. O da deyib ki, nə xəstəxana, evinə aparın. Həyat yoldaşımın hay-küyündən sonra Qalib məni əvvəlcə Qazax Müalicə Diaqnostika Mərkəzinə apardı”.

Şikayətçinin sözlərinə görə, Qazax Müalicə Diaqnostika Mərkəzində göstərilən ilk tibbi yardımdan sonra onu Bakıya, Travmatologiya və Ortopediya İnstitutuna aparıblar:

Təxminən bir ay orada müalicə olundum. Altı ay ərzində tez-tez həmin xəstəxanaya gedərək həkim müayinəsindən keçirdim. Xəsarət aldığım ilk gün Qalib mənə dedi ki, ondan şikayətçi olmayım. Əvəzində isə məni daimi işlə təmin edəcəyinə, həm də iyirmi beş-otuz min manat təzminat ödəyəcəyinə vəd verdi. Ona görə də 2017-ci ildə rayon prokurorluğuna verdiyim izahatda öz evimdə işləyərkən xəsarət aldığımı qeyd etmişdim. Beləcə, üç-dörd il başımı qatdı, məni aldatdı. 2021-ci ilin oktyabrında məni işdən qovdu”.

Teymur Məmmədov aidiyyəti qurumlardan ona köməklik göstərilməsini istəyir:

Qalib Məmmədov mənə deyir ki, get, hara istəyirsən şikayət et. Yüz min manat paylayacağam, amma sənə bir qəpik də verməyəcəyəm”.

Sahibkar Qalib Məmmədov Meydan TV əməkdaşına “Teymur Məmmədov məsələsinə görə məni narahat etməyin”, – deməklə kifayətlənib.

Prezident İlham Əliyev 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunu imzalayıb.

Yoxlamaların dayandırılmasından sonra mətbuatda sahibkarların öz tabeçiliyində çalışan işçiləri xırda bir nöqsanla işdən azad etmələri, əməkhaqqılarının vaxtı-vaxtında verilməməsi, təhlükəsizlik texnikası qaydalarına riayət edilməməsi halları ilə əlaqədar məlumatlar yer alır.

Sahib Məmmədov, Foto: axar.az

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Meydan TV-yə deyir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” Qanununun ləğvi ciddi problemlərə yol açıb:

“Həmin qanundan sonra Dövlət Əmək Müfəttişliyi sahibkarlıq subyektlərində yoxlamalar apara bilmir. Yalnız şikayət olduqda işə qarışa bilir. Nəticədə yüzlərlə insan aldadılır, əmək müqaviləsi olmadan işlədilir. Sonra istehsalatda bədbəxt hadisə baş verəndə də bir az pul verirlər ki, get müalicə olun. Sonra da işdən qovurlar, çıxıb gedir. Mən vətəndaşa tövsiyə edirəm ki, Dövlət Əmək Müfəttişliyinə şikayət versin. İş yerində sağlamlığa dəymiş ziyana görə məhkməyə müraciət etməyin müddəti yoxdur. Məhkəmə vasitəsilə həmin müəssisədə işlədiyini, orada bədbəxt hadisə baş verdiyini və aldığı maaşın miqdarını müəyyən etsin. Bundan sonra ona kompensasiya təyin oluna bilər”.

Deputat Fazil Mustafa
Foto: Meydan TV

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü,  deputat Fazil Mustafa hesab edir ki, sahibkarlıqda yoxlamaların başlaması üçün prezident sərəncamına ehtiyac yoxdur.

O, Meydan TV-yə deyir ki, baş verən bu kimi halların qarşısını məhkəmə yolu ilə də həll etmək olar:

“Belə hadisələr sahibkarların yoxlanılmasına bəhanə olmamalıdır. Bu proseslərdə sahibkarlara qarşı yönəlməyə çalışmamaq lazımdır. Çünki sonradan sui-istifadəyə yola aça bilər. Məhkəmənin ixtiyarı var ki, bu kimi halları icraata götürüb, ona qarşı öz mövqeyini ifadə etsin. Ona görə də burada, məncə, məhkəmə prosedurundan istifadə etmək daha doğru olar”.

Ana səhifəBölgəQazax sakini: “Dəzgah barmaqlarımı kəsdi, təzminat ödəmədi, işdən qovdu…”