Qaz və işığın qiyməti artdı

“Pis-yaxşı müavinət-maaş pensiya alanları bir kənara qoyuram (hərçənd ki, onların da böyük əksəriyyəti də işləyən-pensiya alan yoxsullardır), onminlərlə real işsiz və yoxsul insan bu sosial sarsıntılardan necə qorunacaq?”

Source:


İqtisadçı: “Onminlərlə real işsiz və yoxsul insan bu sosial sarsıntılardan necə qorunacaq?”

Tarif Şurası əhali, sənaye, xidmət, ticarət və aqrar sektor üçün qazın və elektrik enerjisinin qiymətlərini artırıb.

Bu barədə qərar Tarif Şurasının 16 oktyabr iclasında qəbul

edilib

.

Şuranın qərarları noyabrın 1-dən qüvvəyə minəcək.

Qərara əsasən əhaliyə satılan 1200 kub metrədək qazın qiyməti 100 manatdan 120 manata, 200 kvt saatadək eletrik enerjisinin qiyməti 7 qəpikdən 8 qəpiyə, 200 kvt saatdan 300 kvt saatdək 7 qəpikdən 9 qəpiyə, 300 kvt saatdan çox elektrik enerjisi 11 qəpikdən 13 qəpiyə qaldırılıb.

Eyni zamanda, sənaye və kənd təssərüfatında işlədilən qazın hər 1000 kub metrinin qiyməti 200 manatdan 220 manata, ticarət və xidmət üçün elektrik enerjisinin qiyməti hər kvt. saat üçün 9 qəpikdən 11 qəpiyə qədər bahalaşdırılıb.

Tarif Şurası bildirib ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir:

"Bu isə sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur. Təbii qaz qiymətlərinin sürətli artımı dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan verib. 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, qlobal iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanması elektrik enerjisinə tələbatı da kəskin artırıb. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkədə təbii qazdan və elektrik enerjisindən istifadə edən sahələr üçün tariflər dəyişmiş, istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb".

Tarif Şurası vurğulayıb ki, ölkədə əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir:

"Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndiirir. Elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətində dəyişikliklər nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün elektrik enerjisinin tarif tənzimlənməsi zərurəti yaranıb. Aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılıb".

İqtisadçı Rövşən Ağayev “Facebook” hesabında yazıb ki, son 15 ildə kommunal xərclər artanda ənənəvi arqumentlər səsləndirilir:

“Məsələn, qaz ölkəsində qaz daha ucuz olmalıdır. Başqa ölkələrlə müqayisə aparanda tariflərin səviyyəsinə görə deyil, əhalinin gəlirləri nöqteyi-nəzərindən müqayisə aparın, kommunal idarəçiliyi şəffaflaşdırmadan, xərclərin səmərəliliyini təmin etmədən tarif artımı gözlənilən iqtisadi səmərəni verməyəcək. Həmin arqumentlərin hamısı haqlıdır. Amma daha vacib olanlardan biri də budur: ölkədə yoxsulluğun və işsizliyin real miqyasını ölçən mexanizmlər yoxdur ki, bütün gerçək yoxsular və işsizlər zəruri sosial müdafiə mexanizmləri vasitəsilə bu cür qiymət artımlardan qoruna bilsinlər”.

İqtisadçı deyib ki, son 4 ayda təbii qazın qiyməti orta hesabla 50%-ə, suyun qiyməti 2 dəfəyə, elektrikin qiyməti isə 20%-ə yaxın artıb:

Rövşən Ağayev
Rövşən Ağayev

“Pis-yaxşı müavinət-maaş pensiya alanları bir kənara qoyuram (hərçənd ki, onların da böyük əksəriyyəti də işləyən-pensiya alan yoxsullardır), onminlərlə real işsiz və yoxsul insan bu sosial sarsıntılardan necə qorunacaq? Hansı sosial müdafiə mexanizmləri onlara dəstəyin yolunu açacaq?

Dəfələrlə deylib ki, Azərbaycan 2005-ci ildən sonra böyük neft bumu nəticəsində əldə etdiyi nəhəng gəlirlər sayəsində zəngin dövlətə çevrildi, Dünya Bankınını təsnifatında orta aşağı gəlirli ölkədən orta yuxarı gəlirli ölkəyə çevrildi, amma yoxsulluğu ölçən standart və normativlər hələ də 2005-2006-cı illərdə qalıb. 0.1 ha torpağı olanı da, 10 ha torpağı olanı da eyni dərəcədə işləyən, yoxsul olmayan vətəndaş sayırsınız. Bu ölkədə on minlərlə ailə, yüz minlərlə vətəndaş bir həyətyanı torpaq sahəsi boyda pay torpağı almaq hesabına özünü nə gerçək işsiz, nə gerçək yoxsul kimi hökumətə tanıda bildi”.

“Ölkədəki sosial müdafiə sisteminin hazırkı vəziyyəti, gizli işsizliyin və yoxsulluğun geniş miqyası baxımından hökumətin tarif siyasəti sosial baxımdan ədalətsizdir.Hökumət "qamçı-kökə" siyasətində kökəni birdəfəlik unudub. İndiki halda bu kökə rolunu şəffaf, inkluziv və ədalətli sosial müdafiə sistemi oyaya bilərdi – tarif qamçısını xeyli zərərsizləşdirməklə.Amma istifadə elədikləri yalnız qamçıdır – o da yoxsul insanların başına dəyir”,- Rövşən Ağayev yazıb.

Ana səhifəSosialQaz və işığın qiyməti artdı