Prokurorluq: İcra hakimiyyəti əməkdaşı ilə bağlı videogörüntü araşdırılır

Bərdə Rayon İcra Hakimiyyəti. Mənbə: Wikimedia

“Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətə görə peşmançılıq hissi keçirdiyini bildirib”

Sosial şəbəkələrdə Bərdə Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun hərəkətlərilə bağlı videogörüntülər yayılıb. Videodan görünür ki, o, mağazaya daxil olur, orada mübahisə edir. Mübahisə zəminində mağazanın girişində pəncərənin şüşəsinə vurulmuş bayrağı söküb, orada olan bir nəfərin üstünə atır.

Prokurorluq yayılan video ilə bağlı araşdırmalara başlayıb.

“Bərdə rayonu ərazisində şəxsin Dövlət bayrağı ilə davranışına dair videogörüntülərlə bağlı hazırda araşdırma aparılır”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Bərdə Rayon İcra Hakimiyyəti də sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib. İcra hakimiyyətindən deyilib ki, Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış hərəkətlərindən məlumatlıdılar:

Baş Prokurorluq
Foto: Azərtac

“Baş vermiş hadisəyə görə təəssüf hissi keçiririk. Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb. Yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. O, yol verdiyi hərəkətə görə peşmançılıq hissi keçirdiyini bildirib”.

Zöhrab Zöhrabbəyovun atası Sərhəd Zöhrabbəyov Birinci Qarabağ Müharibəsində həlak olub. Xidmətlərinə görə o, “Azərbaycan Bayrağı”ordeni ilə təltif olunub.

Ana səhifəBölgəProkurorluq: İcra hakimiyyəti əməkdaşı ilə bağlı videogörüntü araşdırılır