“QHT işi” çərçivəsində mühakimə olunan iqtisadçı Qalib Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi, lakin cəzanın 5 illik sınaq müddəti ilə şərti tətbiq olunması istənilib.
Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Bayramovla bağlı cəza tələbini açıqlayıb.
Qalib Bayramov Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakın xeyli miqdarda leqallaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı maddələri ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, hazırda polis nəzarəti altındadır.
İqtisadçı ittihamları qəbul etmir.
O, əvvəlki məhkəmə iclaslarından birində bildirib ki, istintaqın ona irad tutduğu fəaliyyət həmin dövrdə başqa şəxslər tərəfindən də həyata keçirilib və yalnız özünün buna görə cinayət məsuliyyətinə cəlb edilməsini anlamır.
Bayramov vurğulayıb ki, bununla digər şəxslərin də məsuliyyətə cəlb olunmasını tələb etmir. Onun mövqeyinə görə, ittihamda göstərilən fəaliyyətdə cinayət tərkibi olmayıb.
Qalib Bayramov İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədridir.
O, həmçinin iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır. Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub. Ona əvvəlcə saxta pul hazırlama, daha sonra isə dini ekstremist materiallarla bağlı ittiham irəli sürülüb. İbadoğlu ittihamları rədd edib.
2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Qalib Bayramovun digər qardaşı Vüqar Bayramov Milli Məclisin deputatıdır.
“QHT işi” nədir?
“QHT işi” üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi əsasında aparılır. Bu iş çərçivəsində QHT və vətəndaş cəmiyyəti nümayəndələri ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
İlk olaraq “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs ediliblər. 2025-ci ilin aprelində isə Zamin Zəki, Asəf Əhmədov və Əhməd Məmmədzadə barəsində də həbs qərarı verilib.
İş üzrə daha bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi təqsirləndirilən şəxs qismində cəlb olunub. Onların bir hissəsi məhkəmə müddətində həbs olmayan qətimkan tədbirləri ilə azadlıqda qalıb. Həmin şəxslər arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun Azərbaycan üzrə keçmiş məsləhətçisi Mehriban Rəhimli və İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov da var.
Bəzi təqsirləndirilən şəxslərin məhkəmə araşdırması artıq başa çatıb. Məsələn, Zamin Zəki 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərlə bağlı məhkəmə prosesləri isə davam edir.
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində isə eyni cinayət işi üzrə həbsli axtarış qərarı çıxarılıb. Onların hazırda ölkə xaricində olduğu bildirilir.
“QHT işi” üzrə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin əmlakın leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı maddələri ilə ittiham olunurlar. Sözügedən maddələr üzrə ən ağır cəza 12 ilədək azadlıqdan məhrumetmədir.
Təqsirləndirilən QHT nümayəndələri onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.