Problemləri çoxdan köhnəlmiş ”yeni massiv”

Cəlilabad sakinləri: İki ildir yollar dağıdılıb, qaz sayğacına görə isə 1000 manat tələb olunur

Source:


Cəlilabad sakinləri: İki ildir yollar dağıdılıb, qaz sayğacına görə isə 1000 manat tələb olunur


“İki ildir ki, yolları qazıb, yararsız vəziyyətə salıb, gediblər. Əsas da uşaqlar çox əziyyət çəkir. Məktəbə, bağçaya kimi təxminən 3 kilometr yolu zülmlə gedib-gəlirlər. Məsələn, indi yağışlara görə bu yollardan keçə bilməyən uşaqlar nə məktəbə, nə də bağçaya gedir”.

Cəlilabad şəhəri, Məhəmməd Hadi küçəsinin sakinləri Meydan TV-yə küçədəki hazırkı durumu görüntüləyib göndəriblər. Onlar fotogörüntülərdəki yolların iki il əvvəl ərazidən su xətti çəkən fəhlələr tərəfindən bu vəziyyətə salındığını iddia edirlər.

Burda 500-dən çox adam yaşayır

Cəlilabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun başlanğıcında su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yolun 3 km-lik hissəsində – əsasən Məhəmməd Hadi küçəsini əhatə edən ərazidə asfalt-beton örtüyü dağılıb. Növbəli şəkildə Məhəmməd Hadi küçəsindəki yeni yaşayış ərazisinin yolları da təmir olunacaq.

Sakin Zabit Hüseynov deyir, yaşayış massivi 20 ilə yaxındır mövcuddur, problemləri çoxdan köhnəlib, ancaq hələ də “yeni massiv” kimi qələmə verilir:

“Bu cür qələmə vermək də məqsədsiz deyil. Guya yeni massivdir, hələ infrastruktur, sosial problemlər də yeni ortaya çıxıb və həll olunacaq… Halbuki, mən özüm 15 ildən çoxdur burda yaşayıram. Burda 500-dən çox adam yaşayır”.

Yuyucu tozu çatdırmıram

Sakin Səlimə Ələkbərova:

“Hər gün uşağın ayağına “klyonka” bağlayıb evdən buraxıram. Bir-iki “klyonka” da ehtiyat üçün çantasına qoyuram. Günorta evə qayıdanda şalvarı dizəcən palçıq olur. Hər gün yuyucu toz işlədirik, bu da əlavə xərcdir. Elə bil kimsə Cəlilabadda yuyucu tozunu satdırmaq üçün qəsdən yolları xaraba qoyub. Yolları dağıdıblar ki, su çəkirlər, ancaq heç suyumuz da gəlmir. 3 kilometr o başa, 3 kilometr bu başa… Dizəcən palçığın içində, yırğalana-yırğalana gedib-gəlmək… Bizim uşaqlar əsl qəhrəmandılar. Təsəvvür edin ki, palçığın içi ilə yol qət edən uşaq necə fiziki yorulur, sonra da gedib məktəbdə – lövhənin qarşısında dərs danışmalıdır. Evə qayıdanda uşaq tamamilə halsız olur”.

Sayğac məsələsi araşdırılacaq

Dərd təkcə yolun bərbadlığı ilə bitmir. Bu il küçədə qazlaşdırma işləri başa çatıb. Qaz xətləri çəkilsə də, sakinlərin bir qismi hələ də evini odunla qızdırır. Sakin Çingiz Təhməzov səbəbindən danışır:

“Adamlardan sayğac üçün 1000 manat tələb olunur. Kimin varıdı, pulunu verib, sayğacını quraşdırıblar, evinə qaz veriblər. Kimin pulu yoxdur, sayğac da, qaz da yoxdur. Adamlar qarınlarına çörək tapmırlar, 1000 manatı hardan tapsınlar?”

Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşların bu şikayətləri “Azəriqaz”la birlikdə araşdırılacaq və problem həll olunacaq.

Ana səhifəBölgəProblemləri çoxdan köhnəlmiş ”yeni massiv”