Sərgidə həbsdə olan azərbaycanlı qadın jurnalistlər və gürcüstanlı fəallar haqqında məlumatlar nümayiş etdirilir
Oktyabrın 11-də Çexiyanın paytaxtı Praqada 30-cu “Forum 2000” konfransı işə başlayıb. Üç gün davam edəcək tədbir çərçivəsində Azərbaycan və Gürcüstandan olan qadın siyasi məhbuslara həsr edilmiş sərgi təşkil olunub.
Sərgidə hazırda həbsdə olan azərbaycanlı müstəqil jurnalistlər Aynur Elgünəş, Ülviyyə Əli, Fatimə Mövlanlı, Xəyalə Ağayeva, Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Elnarə Qasımova haqqında məlumatların yer aldığı stendlər nümayiş etdirilir.
Stendlərdə, həmçinin Gürcüstandan olan jurnalist Mzia Amağlobeli, ictimai fəal Nino Dataşvili və müxalifətçi siyasətçi Elena Xoştariya haqqında məlumatlar təqdim olunur.
Sərgi “Forum 2000” və “Free Voices Collective e.V.” təşkilatlarının birgə təşəbbüsü ilə keçirilib.
Hər il təşkil olunan “Forum 2000” konfransı dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, ziyalıları, hüquq müdafiəçilərini və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir. Tədbirdə demokratiya, insan hüquqları və beynəlxalq siyasi proseslərlə bağlı məsələlər müzakirə olunur.
Bu il konfransın çıxışçıları arasında Nobel Sülh Mükafatı laureatı, venesuelalı siyasətçi Mariya Korina Maçado, Çexiya Senatının sədri Miloş Vıstrçil, Belarus demokratik hərəkatının lideri Svetlana Tixanovskaya, Polşanın keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Lex Valensa, Nobel Sülh Mükafatı laureatı Təvəkkül Kərman da var.
Bundan başqa, Myanmanın Milli Birlik Hökumətinin xarici işlər naziri Zin Mar Aunq, Mozambik parlamentinin deputatı İvone Soareş, Çexiyanın təhsil, gənclər və idman naziri Robert Plaqa və Almaniya Bundestaqının deputatı Roderix Kizevetter də konfransın çıxışçıları sırasındadır.
Konfrans oktyabrın 13-dək davam edəcək.