Mənbə: Stock

Post-sovet ölkələrində 1129 qadın jurnalist hücuma məruz qalıb

Onların içərisində azərbaycanlılar da var

“Jurnalistlər üçün ədalət” Fondu 2020-ci ildə postsovet ölkələrində jurnalist qadınlara qarşı baş vermiş hücumlar üzrə statistikanı dərc edir.

Statistikaya görə, keçmiş SSRİ-nin 12 ölkəsində (Baltik dövlətləri xaric) 1129 qadın – peşəkar və vətəndaş jurnalist fəaliyyətinə görə hücuma məruz qalıb. Jurnalist qadınlara hücum sayına görə rekordçu Belarusdur, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Ukrayna gəlir.

Bu il ərzində üç jurnalist qadın həlak olub: ikisi Rusiyada (İrina Slavina, KozaPress; Natalya Miçurina, “Şərqi Sibir həqiqəti”), biri isə Belarusda (Lyubov Zemsova, “Naməlum Belarus” layihəsi).

Postsovet ölkələri arasında nisbi kəmiyyətdə jurnalistlər üçün ən təhlükəli ölkə Belarusdur: risk əmsalı (hər 100 min əhaliyə hücum sayı kimi hesablanır) 14.61-dir. Bu əmsal ən az Özbəkistandadır – 0,37. Türkmənistanda tamamilə informasiya təcridi olduğu üçün bu hesablamaları aparmaq mümkün deyil.

79% (887) jurnalistlərə hücumun arxasında işlədikləri ölkələrin hakimiyyət nümayəndələri dayanıb.

  • Belarus

Ən çox jurnalist (382) Belarusda zərər çəkib. Onların 11-i güllə yarası, səsli bombalardan kontuziya alıb, avqust ayında baş vermiş etiraz aksiyalarında peşə fəaliyyətini həyata keçirərkən döyülüb. 107 jurnalist qadının saxlanılması (24 saat müddətinə) və 48 jurnalist qadının həbsi (bir sutka və ya daha çox müddətə) qeydə alınıb. Belarusda yaşayan jurnalistlərə hücumların 96 faizi hakimiyyət nümayəndələrindən – milisdən, OMON-dan və digər dövlət güc strukturlarından gəlib.

Aşağıdakı jurnalistlər daha intensiv hücumlara məruz qalıb:

  • Larisa Şiryakova (“Belsat”, jurnalist-frilanser) – 10 cərimə, iki saxlanılma, kompüterin müsadirə olunması, iki həbs daxil olmaqla 26 hücum.
  • Yekaterina Andreyeva (“Belsat”, jurnalist) – iki cərimə, iki saxlanılma, iki həbs, peşəkar texnikanın müsadirə olunması, axtarış daxil olmaqla 16 hücum. 2021-ci il fevralın 18-i Yekaterina Andreyeva və həmkarı, “Belsat”ın jurnalisti Darya Çulsova ümumi rejimli cəzaçəkmə müəssisəsində iki illlik azadlıqdan məhrum edilib.
  • Alina Skrabunova (“Belsat”, jurnalist-frilanser) – dörd cərimə, üç saxlanılma, bir həbs daxil olmaqla 14 hücum.
  • Rusiya

Hücum sayı üzrə ikinci yerdə Rusiya gəlir. Bu ölkədə 341 jurnalist qadın zərər çəkib. 84 faiz halda bu, saxlanılmalar, cərimələr, inzibati protokollar, məhkəmələr və digər hüquqi və iqtisadi xarakterli təsir metodları olub. Jurnalist qadınların saxlanılması və həbs hallarının 60-ı Moskvada keçirilmiş jurnalist İvan Safronov və jurnalist İlya Azara həmrəylik aksiyalarında, həmçinin qubernator Sergey Furqalın həbsinə qarşı Xabarovskda keçirilmiş etiraz aksiyalarında baş verib.

  • İrina Slavina, Nijeqorodun “KozaPress” internet-nəşrinin baş redaktoru “Facebook” statusunda ölümündə Rusiya Federasiyasını günahlandıraraq, 2020-ci il oktyabrın 2-i özünü yandırıb. Slavinanın sistemli şəkildə təqib olunması bir neçə il çəkib. O, bu illər ərzində bir neçə inzibati cəzaya, cərimələrə, yaşadığı binanın giriş qapısında təhqir dolu vərəqələrə, fasiləsiz çuğulluğa və yoxlamalara məruz qalıb. Oktyabrın 1-i səhər saat 6-da mənzilində axtarış keçirilib. Həmin axtarış zamanı özündə informasiya daşıyan bütün texnika, kompüter və telefonlar (jurnalist qadına və ailə üzvlərinə məxsus), iş bloknotları götürülüb. Eyni zamanda “KozaPress” saytı DdoS-hücuma məruz qalıb.
  • “Novosti Kiselyovska” saytının təsisçisi və baş redaktoru Natalya Zubkova müntəzəm olaraq hücumlara məruz qalır. O, Podzemqaz qəsəbə sakinlərinin videomüraciətini yaydıqdan sonra dünyada məşhur olub. Qəsəbə sakinləri həmin videoda Kanadanın Baş naziri Castin Trüdoya müraciət edərək, onlara sığınacaq verməsini xahiş edib. Səbəbsə yaşadıqları yerdə fəlakətli ekoloji vəziyyət olub. Nəticədə jurnalist qadın və övladları qətlə yetirilməklə hədələnir. Ona qarşı bir neçə cinayət işi açılıb, saytı DdoS-hücumlara məruz qalıb.
  • 2020-ci ildə müntəzəm olaraq fiziki, qeyri-fiziki və hüquqi hücumlara və hədələrə məruz qaln rusiyalı peşəkar və vətəndaş jurnalist qadınları arasında Malika Cikayeva (Şimali Osetiyada “İnstaqram” bloger), Yekaterina İşenko (Sota Vision), Vera Oleynikova (“sveTI dlya volodi” teleqram kanalı), Mariya Maqdalena Tunkara (İnstaqram YoungMasha), Yelena Milaşina və Yelena Kostyuçenko (“Novaya qazeta”), Məryəm Əliyeva (“Dnevniki qoryanki”), Dayra Sivuxina da (Telekanal “Zlat-TV”) var.
  • Ukrayna

2020-ci ildə jurnalist qadınlara hücumların sayına görə üçüncü yerdə Ukrayna (124 hücum) gəlir. Bu hücunların 20%-i fiziki xarakter daşıyıb: jurnalist qadınları döyərək, onların peşəkar fəaliyyətlərinə mane olublar. Üçdə iki halda (82) ukraynalı jurnalist qadınlar qeyri-fiziki xarakterli və kiberməkanda hücumlara məruz qalıb. Bu hücumlara jurnalist fəaliyyətinə qeyri-qanuni şəkildə mane olmaq, avadanlıqlara zərər vurmaq və onların zorla götürülməsi, təqib, zorakılıq və ölüm hədələri daxildir.

  • “Zaborona” internet-nəşrinin təsisçisi, jurnalist Katerina Serqaskova internetdə doksinqə və trollinqə məruz qalıb: “Facebook”-da onun ev ünvanı və beş yaşlı oğlunun şəkli yayılıb. Jurnalist qadına qarşı trollinq və nüfuzdan salınma kompaniyası təşkil edilib.
  • Müstəqil araşdırmaçı jurnalist Lyubov Veliçkonun “Facebook” səhifəsi real və saxta istifadəçilərin trollinqinə məruz qalıb. Bundan başqa, o, izlənildiyini sezib və fasiləsiz olaraq öldürülməklə hədələnir. Onlayn kazino haqqında araşdırmalarından birinin qadın qəhrəmanı onu məhkəməyə verib.

Bu ölkələrdə daha intensiv müntəzəm hücumlara növbəti jurnalist qadınlar məruz qalıb:

Qazaxıstan

  • Bloger və jurnalist Aygül Utepova – qadağan edilmiş ekstremist qrupda iştirak ittihamı, həbs, mülkiyyətin müsadirəsi, zorla psixiatriya dispanserinə yerləşdirilmə, daha sonra ev həsinə məruz qalma da daxil olmaqla 8 hücum.

Azərbaycan

  • Meydan TV-nin jurnalisti Sevinc Abbasova (Vaqifqızı) – polis tərəfindən döyülmə, saxlanılma, məhkəmə, böhtan ittihamı da daxil olmaqla 6 hücum.
  • Meydan TV-nin jurnalisti Aysel Umudova – polis tərəfindən döyülmə, peşəkar avadanlığın korlanması, saxlanılma, jurnalist materiallarının məhv edilməsi də daxil olmaqla 5 hücum.

Qırğızıstan

  • Müstəqil jurnalist Alyona Xomenko – sosial şəbəkələrdə trollinq, şərəfin təhqir olunasında ittiham edilmə, etnik və gender mənsubluğu əlamətinə görə təqib və hədələr də daxil olmaqla 5 hücum.

Ermənistan

  • Hzham.am” informasiya saytının direktoru Anna Gevorkyan – böhtan haqqında 5 iddia da daxil olmaqla 10 hücum.

Özbəkistan

  • Sabina Bakayeva, “qazeta.uz”-un jurnalisti – karantin zamanı velosiped sürdüyünə görə cərimələnmək də daxil olmaqla 3 hücum.
  • Bloger Kamola Majidova – Əmir Teymurun heykəlinin qarşısında çəkdiyi “Koronavirus Özbəkistanı nə vaxt tərk edəcək” videosuna görə karantin qaydalarını və cəmiyyətdə davranış qaydalarını pozması bəhanəsi ilə 15 sutkalıq həbs.

Tacikistan

  • “Azadlıq” radiosunun Tacikistan xidmətinin jurnalisti Nisso Rasulova həmkarları ilə birgə feministlərin görüşünü təşkil etmək cəhdindən üç gün sonra küçədə naməlum adamlar tərəfindən oğurlanıb. Həmkarları sosial şəbəkələrdə hay-küy qaldırdıqdan sonra Rasulovanı şəhər kənarında maşından düşürüblər.
  • Müstəqil jurnalistlər Maxina Davlatova və Saodat İsmoilova haqqında şəxsi məlumatlar, onların doğum tarixləri və yaşayış ünvanları mərkəzi dövlət televiziya kanallarının yayınladığı “Xəyanət” filmində elan edilib.

Moldova

  • TV8 televiziya kanalının jurnalisti Mixaela Dikusar dövlət mühafizə xidmətinin əməkdaşlarının hücumlarına məruz qalıb. Onlar jurnalist qadının iki müxtəlif kütləvi tədbirdə prezident İqor Dodondan müsahibə götürmək cəhdlərinə mane olub.

Gürcüstan

  • Avropa Gürcüstanı Partiyasının naməlum nümayəndəsi seçki məntəqəsində “On.ge” internet nəşrin müxbiri Darina Kamadadzeyə hücum çəkib. O, qadını tapança ilə hədələyib və fotoçəkilişə fiziki şəkildə mane olub.

Türkmənistan

  • Azatlık” radiosunun 70 yaşlı müxbiri Qurbansoltan Açilova polis tərəfindən fiziki hücuma məruz qalıb. Güc strukturunun əməkdaşı jurnalist qadının “dövlət siyasətinə qarşı çıxdığını” qışqıraraq, kameranı onun əlindən almağa çalışıb. Açilova onun qollarının arasında çıxmağa və zədə almadan hadisə yerini tərk etməyə müvəffəq olub.

2020-ci ildə 12 postsovet ölkəsində KİV-in peşəkar və vətəndaş işçisinə hücumlar üzrə məruzənin tam mətni 2021-ci ilin aprel ayında” jfj.fund” saytında rus və ingilis dillərində dərc ediləcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ynovql

Ən çox baxılan