Permdə Azərbaycan vətəndaşı Ruslan Məmməd oğlu Məmmədov barəsində cinayət işi açılıb. Bu barədə avqustun 21-də Rusiyanın bir neçə regional mediası Perm vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən məlumat yayıb.
Properm.ru saytının yazdığına görə, FTX Məmmədovu yerli Azərbaycan diasporunun rəhbər şəxslərindən biri kimi təqdim edir. O, xüsusilə külli miqdarda rüşvət verilməsində vasitəçilikdə ittiham olunur. Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin 5-ci hissəsi ilə aparılır.
İstintaqın versiyasına görə, Məmmədov Perm sakinlərindən birinə pul müqabilində onun barəsində aparılan cinayət təqibinə xitam verilməsinə kömək edə biləcəyini deyib. FTX-nin iddiasına əsasən, həmin vəsait kimliyi müəyyən edilməyən hüquq-mühafizə əməkdaşlarına çatdırılmalı imiş.
Məmmədov hazırda həbsdədir. Properm.ru-nun məlumatına görə, avqustun 19-da Perm Vilayət Məhkəməsi onun barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxıb və qərarı qüvvədə saxlayıb. Məmmədov ən azı oktyabrın 7-dək həbsdə qalacaq. Bundan başqa, onun Rusiyaya girişinə 2076-cı il iyunun 4-dək qadağa qoyulduğu bildirilir.
Bu məlumatlardan belə görünür ki, Məmmədov barəsində cinayət təqibi avqustun 21-dən əvvəl başlayıb. Lakin işlə bağlı Rusiya regional mediasında açıq mənbələrdə rast gəlinən ilk xəbərlər məhz həmin gün yayılıb.
Açıq məhkəmə sənədlərində Ruslan Məmməd oğlu Məmmədov adlı Azərbaycan vətəndaşının daha əvvəl Rusiya miqrasiya orqanları ilə məhkəmə çəkişməsi apardığına dair məlumatlar da var.
2025-ci ilin aprelində Perm diyarı üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsi onun Rusiyada yaşamaq icazəsini ləğv edib. Məmmədov bu qərardan məhkəməyə şikayət verib.
Məhkəmə materiallarından məlum olur ki, o, uzun müddət Rusiyada yaşayıb, burada daşınmaz əmlakı var, həyat yoldaşı və qızı isə Rusiya vətəndaşlarıdır. Məmmədov 2025-ci ildən Perm Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsini tutub. Sənədlərdə həmçinin qeyd olunub ki, həmin vaxta qədər o, cinayət məsuliyyətinə cəlb edilməyib, vergi borcu olmayıb, idman və ictimai layihələrdə iştirakına görə müxtəlif təşəkkür və mükafatlar alıb.
Birinci instansiya məhkəməsi onun yaşamaq icazəsinin ləğvini qanunsuz hesab edib. Lakin 2026-cı ilin martında Volqoqrad Vilayət Məhkəməsi bu qərarı ləğv edərək işi yenidən baxılması üçün geri göndərib. Mayın 27-də Dördüncü Kassasiya Məhkəməsi apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.
Məhkəmə sənədlərində Perm üzrə FTX idarəsinin bir-birinə zidd iki məktubuna da diqqət çəkilib. 2025-ci ilin martında qurum Məmmədovun yaşamaq icazəsinin ləğvi üçün əsas olmadığını bildirib. Təxminən bir ay sonra isə eyni idarə onun yaşamaq icazəsinin ləğv edilməsinə razılıq verib.