Paytaxtda və bölgələrdə onlarla inanclı tutulub

Foto: Meydan TV

“Evlərində xəstəsi, azyaşlı uşaqları olanları var, belə adamları narkotiklə şərləmək qeyri-insani hərəkətdir”

Son on gün ərzində dini inanclı şəxslərin növbəti həbs dalğasının başladığı bildirilir. Meydan TV-nin əldə etdiyi məlumata görə, paytaxtda və bölgələrdə onlarla inanclı həbs olunub.

Həbs olunanlar arasında Lənkərandan ruhani Rövşən Şərifov, Sakit Məmmədov, Neftçaladan Ramin Babayev, Göyçaydan Nəsrəddin Nəsirov, Gəncədən Ceyhun Sayadov, Astaradan Eyvaz Baxşıyev, Bəxtiyar Məmmədov və başqaları var.

Müsəlman Birliyi Hərəkatının 67 üzvü həbsdədir

“Hamısına qarşı narkotik ittihamı irəli sürülüb. Aralarında elələri var ki, siqaret çəkmir. Evlərində xəstəsi, azyaşlı uşaqları olanlar var. Bəxtiyar Məmmədovun həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir. Onsuz da bu ailənin dolanışığı ağır idi. Belə adamları narkotiklə şərləmək qeyri-insani hərəkətdir”, – həbs olunanlardan birinin yaxınları Meydan TV-yə danışıb.

Son vaxtlar Müsəlman Birliyi Hərəkatının daha üç üzvü həbs olunub. Təşkilatdan Meydan TV-yə verilən məlumata görə, hazırda birliyin sədri Taleh Bağırzadə də daxil olmaqla, hərəkatın 67 nəfər üzvü həbsdədir.

Son günlər həbs edilən hərəkat üzvlərindən biri də Amil Bilalovdur. Fevralın 22-dən yoxa çıxan inanclı fəalın ailəsi bir neçə gün onun yeri və saxlanma səbəbi barədə heç bir məlumat ala bilməyib:

“Fevralın 22-də axşam işdən çıxıb evə – Ceyranbatana gələndə onu oğurlayıb aparıblar. İşdən gələndə yolda dostlarıyla, ailəsilə danışıb, qəfildən əlaqə kəsilib. Bir neçə gün sonra məlum oldu ki, o da dindarlara qarşı repressiyaların növbəti qurbanıdır”.

Müsəlman Birliyi Hərəkatı yeni həbs dalğasını dini inanclı fəallara qarşı təmizləmə siyasəti hesab edir.

“Mən heç siqaret çəkmirəm, narkotiklə şərləyiblər”

Hərəkatın həbsdə olan üzvlərindən biri Azad Kərimova fevralın 27-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Azad Kərimov 3 il 6 ay azadlıqdan məhrum edilib.

2023-cü il yanvarın 30-da həbs olunan inanclı fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) və 167-3 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələrilə ittiham irəli sürülmüşdü. Onun işi üzrə istintaq əvvəl Nəsimi Rayon Polis İdarəsində aparılsa da, sonradan Bakı şəhər Baş Polis İdarəsində davam etdirilib.

Cinayət işində iddia olunur ki, Azad Kərimovdan 13,9 qram heroin və dini ədəbiyyat tapılıb.

Məhkəmədə prokuror onun hər iki maddə ilə təqsirli bilinib, 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Azad Kərimov bildirib ki, ittiham saxtadır, dini inanclı şəxslərə qarşı repressiya çərçivəsində şərlənərək həbs olunub. Onun sözlərinə görə, Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna, Taleh Bağırzadə ilə dostluq münasibətlərinə görə bundan əvvəl də dəfələrlə hüquq-mühafizə orqanlarına çağırılıb, təzyiqlərə məruz qalıb: “Bandotdel”də məni toka verdilər…”.

Azad Kərimov məhkəmədə bildirib ki, həbsdə etdiyi dualardan biri də günahsız insanları şərləyərək zindanlara salıb, ailələrinə məhrumiyyətlər yaşadanların özləri və yaxınlarının cəzalanmasıdır:

“Allah onların özlərinin, balalarının qarşısına çıxarsın, elədikləri hərəkətlərin nəticələrini görsünlər…”.

O, son sözündə bildirib ki, özü dindardır, evində də dini kitab olub. Onun sözlərinə görə, həmin kitabı ekstremist material kimi qələmə vermək absurddur. Azad Kərimov son sözündə ona bəraət verilməsini istəyib:

“Bu ittiham bir yana, narkotik ittihamını ümumiyyətlə, yaxına buraxa bilmərəm. Mən heç siqaret çəkmirəm. Sizdən bir xahişim var: məni narkotiklə ləkələməyin”.

Hakimlər Azad Kərimova Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə verilən ittihamı 234.1-1 maddəsinə tövsif edib. Əvvəlki ittihamda satış məqsədilə narkotik saxlanmasından söhbət gedirdi və sanksiyasında da 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Cinayət Məcəlləsinin 234.1-1 maddəsində satış məqsədi olmadan narkotik əldə edib, saxlamaqdan bəhs olunur. Burada cəza həddi 3 ildən 8 ilə qədərdir.

Azad Kərimova həm narkotik, həm də ekstremist materiallar saxlama ittihamlarıyla ümumilikdə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Onun vəkili Zibeydə Sadıqova bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən apelyasiya şikayəti verəcək.

Hüquq müdafiəçiləri son ilyarım ərzində ölkədə 500-dən artıq dini inanclının həbs olunduğunu bildirir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunan şəxslərin konkret faktlar əsasında saxlandığını bildirir.

Ana səhifəXəbərlərPaytaxtda və bölgələrdə onlarla inanclı tutulub