Paşinyan: “Azərbaycan Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası prosesini yubadır”

Nikol Paşinyan. Foto: Meydan TV

O vaxtdan bəri Rusiya üç dəfə Yerevandan ümumilikdə dəstək alan təkliflərlə çıxış edib”


“Azərbaycan Ermənistanla sərhədin demarkasiyası  və delimitasiyası prosesini yubadır”.


Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan noyabrın 17-də Ermənistan Milli Assambleyasının iclasında belə açıqlama verib.


O bildirib ki, Ermənistan hələ bu ilin mayında sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı təklifi imzalamağa hazır olduğunu bəyan edib.


“O vaxtdan bəri Rusiya üç dəfə Yerevandan ümumilikdə dəstək alan təkliflərlə çıxış edib. Məndə belə bir təəssürat yaranıb ki, sərhədlərin müəyyən edilməsi prosesi Azərbaycan tərəfindən cavab verilməməsi və ya Bakının prosesi ləngitmək cəhdləri səbəbindən irəli getmir”.


Paşinyan həmçinin, sərhəddəki vəziyyətin sülh yolu ilə həllinin də Ermənistan üçün vacib olduğunu söyləyib. Deyib ki, bu baxımdan Ermənistanın əvvəllər səsləndirdiyi təkliflər qüvvədə qalır.


N.Paşinyan eyni zamanda, bildirib ki, noyabrın 16-da Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmalarda 13 əsgərin əsir götürülməsinin hansı şəraitdə baş verdiyini araşdırmaq lazımdır.


Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin Laçın rayon hissəsində hərbi toqquşlamalar baş verib.


Nəticədə hər iki tərəfdən itkilər olub.


Azərbaycan tərəfi 7 nəfər hərbçisinin həlak olduğunu, 10 nəfərin isə yaralandığını, Ermənistan tərəfi isə 1 nəfər hərbçisinin həlak olduğunu, 13 nəfərin əsir düşdüyünü açıqlayıb.


 Ermənistan Müdafiə Nazirliyi bildirib ki, döyüş zamanı 24 əsgərlə əlaqə kəsilib və onların taleyi məlum deyil.
Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib.


Noyabrın 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışıqlarından sonra sərhəddə atəşkəs elan olunub.


Yaxın keçmişdə Ermənistan-Azərbaycan münaqişəsi

2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb. Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətPaşinyan: “Azərbaycan Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası prosesini yubadır”