Azərbaycan və Ermənistan sərhəddəki itkiləri açıqladı

Foto: Müdafiə Nazirliyi

Hər iki tərəfdə həlak olan və yaralananlar var

“Noyabrın 16-da Ermənistanla dövlət sərhədində baş verən hərbi toqquşmalarda Azərbaycan ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb”.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi noyabrın 17-də yayıb.

Nazirlik döyüş əməliyyatları zamanı həlak olan hərbi qulluqçuların adlarını da açıqlayıb:

Leytenant Ümid Niftəliyev, gizir Orxan Cabbarov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Natiq Əliyev, əsgərlər Elçin Ağayev, Elmin Əlizadə, Elçin Əliyev və Murad Xəlilov.

Məlumatda bildirilir ki, döyüşlərdə 10 nəfər hərbi qulluqçu yaralanıb.

Müdafiə Nazirliyi qeyd edib ki, noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Ermənistan Müdafiə Nazirliyi dünənki hərbi əməliyyatlarla bağlı yaydığı məlumatda bildirib ki, 1 nəfər həlak olub, 13 nəfər əsir düşüb:

“Döyüş zamanı 24 əsgərlə əlaqə kəsilib və onların taleyi məlum deyil. Hazırda intensiv axtarış aparılır. İki döyüş postu itirilib”.

Ermənistan Müdafiə Nazirliyi əlavə edib ki, Rusiyanın vasitəçiliyi ilə mövcud vəziyyətin həlli və əsir götürülmüş erməni hərbçilərin geri qaytarılması istiqamətində danışıqlar aparılır.

Bildirilir ki, noyabrın 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışıqlaından sonra sərhəddə atəşkəs elan olunub.

Ana səhifəSiyasətAzərbaycan və Ermənistan sərhəddəki itkiləri açıqladı