Partiyalar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən xəbərdardırmı?

“Bütün hallarda mövcud qanunvericilik aktı partiyaların fəaliyyətinə imkan yaradır”

Source: Specify Source


Partiya funksionerləri qanunun sadələşdirilməsini istəyirlər

"Hazırda İşçi Qrupu “Siyasi partiyalar haqqında” yeni qanunun üzərində işləyir. Partiyalar da təkliflərini verib, bizim partiya bir neçə təklif təqdim edib, amma yekunda bəzi məsələlər yenə müzakirə olunacaq".

Bu açıqlamanı Demokratik İslahatlar Pariyasının sədri, deputat Asim Mollazadə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin yeni qanun layihəsi barədə fikirlərini Meydan TV-yə şərh edərkən bildirib.

Asim Mollazadə sentyabrın 9-da “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən virtual konfransa qatıldığını söyləyib. Onun sözlərinə görə, hələ layihə tam hazır olmadığından indidən danışmaq tezdir:

"Qanun hazır olanda, təkliflərimizin nədən ibarət olduğunu açıqlayacağıq".


"Konseptual baxımından biz əksini düşünürük”

Amma Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn fərqli məlumata malik olduğunu deyir:

"Bildiyimə görə nə İşçi Qrup, nə də layihə var. Ədalət Vəliyev bizə dedi ki, partiyalara təkliflərin verilməsi haqda müraciət olunub. Amma yeni qanunun konsepsiyası məlum olmadığı üçün partiyamız təklifərini verməyib. Əgər İşçi Qrup olsa, təkliflərimizi verərik".

Pənah Hüseyn indiki vəziyyətdə “Siyasi partiyalar haqqında” yeni qanuna ehtiyacın olmadığını düşünür:

"Çünki mövcud sənəd kifayət qədər demokratik və sadədir, həm də partiyaların fəaliyyətini və qeydiyyatını tənzimləyir. Əgər partiyalar üçün əlverişli şərait baxımından müzakirələr aparılsa, yeni qanuna əlavə və dəyişikliklər etmək mümkündür. Ancaq son dövrdə müvafiq qanunvericiliyə bu istiqamətdə müsbət dəyişikliklər olmayıb. Hesab edirəm ki, Konstitusiyaya dəyişikliklər edilməsi, “Siyasi partiyalar haqqında” xüsusi maddənin Ana Yasaya təsbit olunması, proporsional seçki sisteminin bərpası ilə konstitusion dəyişikliklər yoxdursa, “Siyasi partiyalar haqqında” yeni qanun da lazım deyil".

Pənah Hüseyn deyib ki, onda olan məlumata görə, yeni qanunda partiyaların fəaliyyətini, birləşməsini, qeydiyyatını daha da çətinləşdirmək xətti götürülüb:

"Konseptual baxımından biz əksini düşünürük, sərt yanaşmaya ehtiyac yoxdur, sadələşdirilməlidir. Bir sıra demokratik ölkələrin bununla bağlı qanunlarından yararlanmaq lazımdır”.


“Yeni qanuna ehtiyac yoxdur”

Konfransa qatılanlardan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli da yeni qanuna ehtiyacın olmadığı qənaətindədir:

"Mən mövcud qanunun hazırlanmasında iştirak etmişəm, sonradan sənədə xeyli dəyişikliklər olub. Bütün hallarda mövcud qanunvericilik aktı partiyaların fəaliyyətinə imkan yaradır. Son sənədə gəldikdə, hansı istiqamətdə dəyişikliklər olacağını bilmirəm".

Q.Əlibəyli bildirib ki, qeydiyyatla bağlı prosedurların çətinləşməsi doğru deyil:

"Əksinə, qeydiyyatla bağlı prosedurlar asanlaşsaydı, müsbət olardı. Məncə, partiyaların hesabat verməsi müddəası da dəyişdirilməlidir. Təsəvvür edin ki, partiyalar ildə 4 dəfə vergi, sosial müdafiə orqanlarına hesabat verirlər, ildə bir dəfə də Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı. Son hesabatın verilməsini doğru saymıram, məsələ ondadır ki, Mərkəzi Seçki Komissiyası seçkilərin təşkili və keçirilməsinə cavabdeh orqandır, ona görə partiyaların bu quruma hesabat verməsinə ehtiyac yoxdur. Əgər seçkilərlə bağlı maliyyə hesabatından söhbət gedirsə, seçkilər dövründə bu yöndə hesabatlar verilir. Seçkilərdən sonra isə partiyalar Maliyyə Nazirliyinə və ya Milli Məclisin hansısa qurumuna, məsələn, Etika Komissiyasına hesabat verə bilər. Təbii ki, dövlət maliyyəsindən istifadə edən partiyalar bu hesabatı verməlidir, amma Mərkəzi Seçki Komissiyasına yox. İkinci, partiyaların dövlət və ictimai mətbuat orqanlarına birmənalı şəkildə çıxışları olmalıdır. Üçüncü, partiyaların maliyyələşməsi müddəaları yenidən işlənməlidir ki, seçkidə iştirak edən bütün partiyalar topladıqları səslərə müvafiq maliyyələşmə imkanına malik olsunlar. Dördüncü, partiyaların ləğvi üçün əsaslar dəqiqləşməlidir".


ReAL Partiyasının təklifləri

ReAL Partiyasından sədr İlqar Məmmədov da konfransa qatılıb. Partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli onlara bir neçə ay əvvəl qanun layihəsinin dəyişəcəyi haqda məlumat verildiyini söyləyib:

"Hətta Prezident Administrasiyasının sektor müdirləri partiyamızın qərargahına gəldilər, ətraflı fikir mübadiləsi apardıq. Bizim ən ciddi iradımız partiyaların və ictimai təşkilatların qeydiyyatı ilə bağlı mənasız prosedurların olmasınadır. ReAL Partiyası qeydiyyat prosedurunun daha da asanlaşdırılması və seçkiyə bağlanmasını təklif edir. Yəni seçkiyə qatılan partiya mojaritar dairələrdə 20-30 min səs yığırsa, ondan qeydiyyat üçün min imza tələb etmək absurddur. İkinci, proporsional seçki sisteminə keçid vacibdir. Üçüncü, hakimiyyət partiyalara və sivil toplum qurumlarına ianələrin toplanmasını çox çətinləşdirib, ona görə də çətin qaydalar aradan qaldırılmalıdır. Biz əsas bu 3 təklif üzərində dayanmışıq və bunları yazılı formada müvafiq quruma təqdim etmişik".


"Partiyaların taleyini həll edəcək əsas qanun hansı formada olacaq, məlumatsızam"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev layihənin detallarından məlumatsız olduğunu bildirib. Onun fikrincə, bu cür məsələləri müzakirə edilirsə, mütləq partiyalara deməlidirlər:

"Partiyaların taleyini həll edəcək əsas qanun hansı formada olacaq, mən bundan məlumatsızam". Amma Əli Əliyev yeni qanuna ehtiyacın olduğunu düşünür:

"Əlbəttə, yeni şəraitə uyğun sənədə ehtiyac var, amma partiyaların marağını təmin edən qanun olmalıdır. Sadəcə, Azərbaycanda qanun hazırlanma praktikası həmişə ziyana doğru gedir, yəni məhdudlaşdırıcı amillərlə zənginləşdirilir. Bu baxımdan bu dəfə də belə ola bilər".

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib. Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Ana səhifəSiyasətPartiyalar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən xəbərdardırmı?