Ölkə başçılarının görüşündə Zəngəzur dəhlizindən xüsusi danışılmadı

İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan, Foto: Azərtac

Əliyev sülhməramlıları təriflədi, Paşinyan problemləri sadaladı, Putin Brüssel görüşünə eyham vurdu

Noyabrın 26-da Soçidə Azərbaycanın Prezidenti İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Tərəflərlə Putin arasında ikitərəfli və üçtərəfli görüşlər baş tutub. Vladimir Putin İlham Əliyevlə görüşündə Azərbaycanda rusdilli məktəblərin varlığından məmnunluq ifadə edib.

3 saat davam edən görüşdən sonra dövlət başçıları mətbuat qarşısında bəyanatla çıxış ediblər.

Görüşlər zamanı kommunikasiya məsələlərinə toxunulsa da, Azərbaycan tərəfinin Zəngəzur dəhlizi adlandırdığı nəqliyyat vasitəsi haqqında xüsusi danışılmayıb.

Vladimir Putin: “Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır”

Vladimir Putin cari ilin yanvarında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılaşmaları təsdiq etdiklərini söyləyib:

“Bu müddətdə həqiqətən az iş görülməyib. Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var”.

Putin deyib ki, bütün bunlar xüsusi diqqət tələb edir:

“Əslində, biz sizinlə bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin. Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb”.

“Yaxşı monitorinq qrupu yaradılıb, bizim kontingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərləndirməsindən belə başa düşürəm ki, layiqincə işləyir, insanların həyatı üçün təhlükəsiz şərait təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu, çox vacibdir”, – Rusiya dövlətinin rəhbəri deyib.

V.Putin hər üç dövlətin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradıldığını qeyd edib.

Deyib ki, həmkarları işin necə getməsi barədə məruzə ediblər:

“Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik”.

Rusiya prezidenti vurğulayıb ki, bütün səylərin məqsədi regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələridir.

Onun fikrincə, bunlar hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır.

O bildirib ki, Ermənistan və Azərbaycan münasibətləri Rusiya üçün böyük əhəmiyyət kəsb edir:

“Biz indi İlham Heydər oğlu ilə birgə işlərin gedişində razılaşdırmalı olacağımız məsələləri qabaqcadan müzakirə etdik. Ermənistan tərəfi ilə biz bunu qabaqcadan, vaxtında etmişik, Ermənistanın Baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə danışmışıq. İndi, görüş yerinə gələndə də bu barədə fikirlərimizi bölüşdük. Bizim üçtərəfli görüşümüzdən sonra Nikol Vovayeviç qalacaq, biz hələ onunla ikitərəfli görüş də keçirəcəyik.
Görüşümüzün əvvəlində mənim demək istədiklərim bunlardır. Əgər görüşümüzün əvvəlində həmkarlarımın deməyə sözü və istəyi varsa, buyursunlar”.

İlham Əliyev: “Üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib”

İlham Əliyev deyib ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir:

“Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımırdı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istərdim”.

Ölkə prezidenti deyib ki, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib.

“Bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, – bu gün biz sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, – bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək”, – İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndirir.

İlham Əliyev Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya edilmədiyini vurğulayıb:

“Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.

“Əlbəttə, bir sıra başqa məsələlər də qarşıya çıxır, lakin onlar operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir”, – İlham Əliyev deyib.

Nikol Paşinyan: “Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub”

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ilin noyabrın 9-dan sonra Dağlıq Qarabağda, Laçın dəhlizi boyunca Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsinə diqqət çəkib:

“Aşkardır ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır. Lakin təəssüflə vurğulamaq istəyirəm ki, vəziyyət istənilən qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir”.

Ermənistanın Baş naziri deyib ki, bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və rəyləri belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub:

“Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistanın suveren ərazisidir”.

Paşinyan İlham Əliyevin “kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib” fikri ilə razılaşmayıb:

“Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir. Lakin demək istəyirəm ki, bu gün biz təkcə problemləri səsləndirmək üçün deyil, söhbət etmək, məsələləri müzakirə etmək və mövcud problemləri həll etmək üçün toplaşmışıq”.

“Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik”, – Baş nazir deyib. N.Paşinyan V.Putinə deyib ki, Azərbaycan Prezidenti ilə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini də xatırlatdığına diqqət edib:

“Azərbaycan prezidenti də indicə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsini xatırlatdı. Əlbəttə, biz də bunda maraqlıyıq və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır. Düşünürəm ki, çox məsələni üçtərəfli formatda, ikitərəfli formatda müzakirə və həll etmək lazımdır və mümkündür”.

Baş nazir bildirib ki, Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında birbaşa əlaqələr də nəzərdə tutulur:

“O qədər də yaxşı və pozitiv olmayan nüanslar fonunda bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən başlıcası, təkrar etmək istəyirəm, üzr istəyirəm, düşünürəm ki, bugünkü görüşün əsas mənası hansısa problemlərin mövcud olmasını və ya mövcud olmamasını, sadəcə, səsləndirmək deyil. Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərarlara gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir”.

Görüşə yekun vuran Rusiya başçısı vəziyyətin normallaşdırılmasının, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı olduğunu qeyd edib:

“Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırlatdınız. İlham Heydər oğlu da bu barədə danışıb. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr, – biz qonşuyuq, biz böyük əmtəə dövriyyəsinə malikik, – hamımız bu məsələdə maraqlıyıq. Birincisi də, ikincisi də, biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri, əvvəlcə delimitasiya, daha sonra demarkasiya işlərini sahmana salaq”.

“Əlbəttə, biz bu barədə də bu gün danışacağıq. Baxmayaraq ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var. Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir”, – V.Putin deyib.

Rusiya prezidenti tərəflərin Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşünə də eyham vurub:

“Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir”.

V.Putin daha sonra deyib:

“Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı olsun”.

Ana səhifəSiyasətÖlkə başçılarının görüşündə Zəngəzur dəhlizindən xüsusi danışılmadı