Oleq Penkovski

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

Bəzilərinə görə o, bəşəriyyəti Üçüncü Dünya müharibəsindən xilas edib

O, soyuq müharibə dövrünə aid casus əhvalatlarının ən məşhur personajlarından biri sayılır. SSRİ Baş kəşfiyyat idarəsinin polkovniki, İkinci dünya müharibəsində fərqlənmiş zabit, yüksək mənsəbli bir çox hərbçi ilə yaxın münasibətə malik Oleq Penkovski həm də ABŞ və Böyük Britaniya kəşfiyyatına işləyən casus olub.

Amma digər məşhur personajlardan fərqli olaraq,  onun şəxsiyyəti, oynadığı rol və verdiyi informasiya ətrafında mübahisələr səngimir. Bəzilərinə görə o, bəşəriyyəti Üçüncü Dünya müharibəsindən xilas edib, digərlərinə görə, verdiyi informasiya önəmli olmayıb, üçüncülər isə onun hətta gerçək xəyanətkar olmadığını iddia edirlər.

Doğrudan da, SSRİ-nin çöküşündən 30 ildən çox, casus qalmaqalının özündən 60 ildən çox keçməsinə baxmayaraq, Penkovski hadisəsində bəzi qaranlıq məqamlar, cavabsız suallar hələ də mövcuddur.

***

Oleq Vladimiroviç Penkovski 1919-cu ildə Vladiqafqazda anadan olub. Hələ südəmər ikən atasız qaldığı deyilsə də, atasının kim olması və hansı şəraitdə ölməsi çox vaxt göstərilmir. Yalnız bəzi mənbələrdə atasının ağqvardiyaçı zabit olması və Vətəndaş müharibəsi zamanı bolşeviklərlə döyüşdə öldürülməsi iddia olunur. Əgər bu doğrudursa, ilk sual yaranır: atası ağqvardiyaçı olan birisi necə olub ki, SSRİ kimi mənşə məsələsinə önəm verən bir ölkədə hərbi kəşfiyyatda önəmli vəzifə tutub? Hərçənd, ola bilər, atası haqqında bu informasiya yanlışdır.

Orta məktəbi bitirdikdən sonra iki il Kiyev artilleriya məktəbində təhsil alan Oleq 1939-cu ildən orduda xidmətə başlayır. 1939-cu ildə sovet ordusunun Polşa yürüşündən və Finlandiyaya qarşı Qış müharibəsində iştirak edir. Sovet-alman müharibəsinin ilk iki ilini cəbhədən uzaqda keçirir, Moskva hərbi dairəsinin Siyasi İdarəsində və Hərbi Şurasında müxtəlif vəzifələr tutur. 1943-1944-cü illərdə isə əvvəlcə tank əleyhinə qırıcı tabora, daha sonra alaya komandirlik edir.

Müharibənin sonlarında Penkovskinin gələcək karyerasında mühüm rol oynayacaq hadisə baş verir: o, 1-ci Ukrayna cəbhəsinin artilleriya komandanı general-polkovnik Sergey Varentsovun yavəri olur. Döyüşlər zamanı iki dəfə yaralanan, bir sıra orden və medallara layiq görülən Penkovski müharibəni podpolkovnik rütbəsində bitirir. Elə həmin il Moskva hərbi dairəsinin komandan müavini general-leytenant Dmitri Qapanoviçin 17 yaşlı qızı Vera ilə evlənir.

Müharibədən sonra Frunze adına Hərbi Akademiyada, daha sonra isə hərbi-diplomatik akademiyada təhsil alır.  Sonuncu təhsil müəssisəsi hərbi diplomatlar və hərbi kəşfiyyatçılar hazırlayırdı. Qəhrəmanımız burada kəşfiyyatçılıqla yanaşı ingilis dilini mükəmməl öyrənir.

30 yaşında polkovnik rütbəsi verilən Penkovski 1953-cü ildən hərbi kəşfiyyatda – sovet ordusunun Baş Kəşfiyyat İdarəsində (QRU) xidmət etməyə başlayır. 1955-ci ildə Türkiyəyə göndərilir. Rəsmən sovet səfirliyinin hərbi attaşesinin köməkçisi vəzifəsini tuturdu, əslində isə QRU-nun rezidenti səlahiyyətlərini icra edirdi.

Bu ezamiyyət Penkovski üçün uğursuz olur, bilavasitə rəhbəri olan hərbi attaşe ilə yola getmir, üstəlik, bazarda türklərə zərgərlik əşyası satmaq istərkən səfirliyin əməkdaşı tərəfindən yaxalanır. Moskvaya geri çağrılan polkovnik QRU-dan uzaqlaşdırılır, Müdafiə Nazirliyinin sərəncamına göndərilir.

Amma bir müddət sonra yenidən QRU-ya bərpa olunur. Ehtimal olunur ki, bu işdə ona köhnə tanışı, həmin dövrdə Quru qoşunlarının artilleriya komandanı və artilleriya marşalı olan Sergey Varentsov kömək edir (öz qaynatası Qapanoviç 1952-ci ildə ölmüşdü).

Penkovski 1959-cu ildə sovet səfirliyinin Hindistandakı hərbi attaşesi (eyni zamanda QRU-nun bu ölkədə rezidenti) vəzifəsini tutmağa əsas namizəd olur. Amma son anda üstünlük başqasına verilir. Sonralar onun öz ölkəsinə xəyanət etməsi səbəbi araşdırılarkən əsas ehtimallardan biri kimi bu hadisə göstərilir.

Əvəzində 1960-cı ildə SSRİ Nazirlər Soveti yanında Elm və Texnika üzrə Dövlət Komitəsinin xarici əlaqələr idarəsinin sədr müavini təyin olunur. Bu qurumun vəzifələrindən biri də elmi-texniki casusluq, SSRİ-yə dəvət olunan xarici alimləri əməkdaşlığa cəlb edib onlardan məlumat almaq idi. QRU zabiti də məhz buna görə komitədə yüksək vəzifəyə təyin olunmuşdu. Amma Penkovski bu vəzifəni tutarkən sirr öyrənmək əvəzinə sirr ötürməklə məşğul oldu.

***

Penkovskinin Qərb kəşfiyyatı ilə əlaqəsi onun özünün təşəbbüsü ilə yaranıb. Onun 1960-cı ilin iyununda iki amerikalı turistə yaxınlaşaraq ABŞ səfirliyinə məktub göndərdiyi iddia olunur. Amma amerikalılar onunla təmasa keçməyə risk etmədilər.

Bir qədər əvvəl, mayın 1-də Sverdlovsk üzərində ABŞ-ın U-2 casus təyyarəsi vurulmuş və pilot Qeri Pauers əsir alınmışdı. Bu hadisə iki dövlət arasında ciddi gərginliyə səbəb oldu, mayın 16-da dörd dövlətin (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) Parisdə keçirilməli olan sammiti pozuldu. Ola bilər ki, amerikalı diplomatlar məhz bu səbəbdən Penkovski ilə əlaqə yaradıb yeni mümkün qalmaqala səbəb olmaq istəmədilər.

Oleq Penkovski. Foto: “rusplt.ru”

İlk uğursuzluq Penkovskini ruhdan salmır və o, növbəti cəhdlərini edir. Bu cəhdlər ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) də məlum olur. Səfirliyin çəkingənliyini görən kəşfiyyatçılar kömək üçün Britaniya kəşfiyyatına (Mİ-6) müraciət edirlər. Britaniyalılar da sosialist ölkələrinə sənaye mallarının satışıyla məşğul olan biznesmen Qrevil Vinni Penkovski ilə əlaqə yaratmağa razı salırlar. 1960-cı ilin payızında Moskvaya gələn Vinn polkovniklə görüşür və müəyyən danışıqlar aparır.

Əsas görüş isə 1961-ci ilin aprelində Penkovskinin Londona səfəri zamanı baş verir. Burada Vinnin vasitəçiliyi ilə iki Mi-6 və iki CİA əməkdaşı ilə görüşən Oleq Vladimiroviç əməkdaşlığın üsulları və şərtləri barədə razılığa gəlir. Penkovskiyə məxfi sənədlərin şəklini çəkmək üçün “Minox” fotoaparatı verilir, hansı yollarla və necə əlaqə saxlanılacağı deyilir və s. Gələcəkdə ona iki ölkədən birinin vətəndaşlığı da vəd olunur. Bununla Penkovskinin qısa, amma məhsuldar fəaliyyəti başlayır.

Həmin dövrdə ABŞ və SSRİ-nin yarışdığı əsas sahə raketlər idi. SSRİ-də ciddi kəşfiyyat mənbələri olmayan amerikalılar bu sahədə ruslardan xeyli geri qaldıqlarını güman edirdilər. Amma Penkovskinin məlumatları tamamilə əksini ortaya qoydu: ruslar raketlərinin həm sayına, həm texniki xüsusiyyətlərinə görə xeyli geridə idilər.

Deyilənlərə görə, bu məlumatlar Moskvanın öz raketlərini Kubada yerləşdirmək cəhdindən doğan Karib böhranı zamanı amerikalıların daha arxayın və daha ötkəm davranmalarında, sovet hədələri qarşısında geri çəkilməmələrində ciddi rol oynadı. Digər tərəfdən, Penkovskinin məlumatları sovet raketlərinin döyüşə hazır vəziyyətə gətirilməsi üçün xeyli vaxt lazım gəldiyini ortaya qoyur. Bu da ABŞ prezidenti Kennediyə Kubaya dərhal aviazərbələr endirmək planından vaz keçməyə və daha təmkinli davranmağa imkan verir. Penkovskinin bəşəriyyəti Üçüncü Dünya müharibəsindən xilas etdiyi deyiləndə məhz bu amil nəzərdə tutulur.

Təxminən ilyarım davam edən casus fəaliyyəti zamanı onun Qərbə 111 fotoplyonka ötürdüyü iddia olunur. Bu plyonkalarda 7650 səhifədən ibarət 5500 sənədin şəkli çəkilmişdi. Bundan əlavə o, sovet hökumətinin yüksək eşalonlarında baş verənlər barədə məlumatları anqlo-sakslara ötürür.

Penkovskinin müxtəlif ölkələrdə çalışan 600-dən çox sovet kəşfiyyatçısını “işıqlandırdığı” söylənilir. Amma burada diqqətçəkən məqam odur ki, hansı sovet kəşfiyyatçısının onun satqınlığı üzündən “yanması” aydın deyil. Adətən ələ verilən kəşfiyyatçıların və casusların siyahısı gizli olmur. Məsələn, Kanadadakı sovet səfirliyinin şifrələyicisi İqor Quzenkonun xəyanəti nəticəsində ABŞ-ın atom sirlərini SSRİ-yə ötürənlərin və başqalarının ifşa olunması məlumdur. Yaxud da 1985-ci ildə ruslara məlumat ötürməyə başlayan CİA əməkdaşı Oldric Eymsin informasiyası sayəsində ABŞ-a casusluğa görə tutulan sovet vətəndaşlarının adları sirr deyil. Penkovski ilə bağlı isə bu sahədə konkretlik yoxdur.

***

Oleq Penkovskinin casusluq fəaliyyəti cəmi ilyarım çəkdi. Sovet versiyasına görə o, Moskvada Britaniya səfirliyinin əməkdaşının arvadı Anna Çizholm ilə görüşüb məlumatları ötürərkən KQB əməkdaşlarının “radar”ına düşüb. Başqa versiyaya görə isə onu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində (NSA) işləyən sovet casusu Cek Danlep ələ verib. Hər halda 1962-ci ilin yazından etibarən KQB Penkovskini nəzarət altına alır.

Polkovnikin dərhal həbs olunmamasını rəsmi sovet versiyası sübutlar toplanması, əlaqələrinə nəzarətlə izah edir. Əks versiyaya görə isə, bu, həbsin Amerikadan gələn məlumat əsasında deyil, operativ əməliyyat (izləmə) sayəsində baş verdiyi görüntüsünü yaratmaq üçün idi. Penkovskiyə nəzarət üçün onun mənzilindən yuxarıdakı balkona kamera yerləşdirilir, üzbəüz binadan müşahidə aparılır, onun hər addımı izlənilir.

Payızda Penkovskinin ABŞ-a səfəri planlaşdırılırdı, amma buna yol vermək olmazdı, çünki qayıtmaya bilərdi. Polkovnikin əvvəlcə alt paltarına müəyyən maddə vurulur və nəticədə qasığında səpkilər yaranır. O, xəstəxanaya uzadılır və ABŞ səfəri beləcə təbii şəkildə ləğv olunur. Bu zaman evində də axtarış aparıldı və maddi sübutlar tapıldı.

Oleq Penkovski  xəstəxanadan çıxdıqdan az sonra, oktyabrın 22-də həbs olundu və elə ilk gündən etirafedici ifadələr verdi. Həmin vaxt Macarıstanda olan Qrevil Vinn də həbs olunaraq Moskvaya gətirildi. 1963-cü ilin mayın 7-11-də isə cütlüyün məhkəməsi baş tutdu.

Maraqlıdır ki, sovet rəhbərliyi bu məhkəmənin açıq keçirilməsini istədi. Doğrudur, ürəyi istəyəni zala buraxmırdılar. Hər hansı gözlənilməz hadisə baş verə bilərdi deyə, buradakılar xüsusi xidmət orqanlarının mülki geyimli əməkdaşları idilər. Amma hadisə, hər halda, ört-basdır edilmədi, mətbuatda işıqlandırıldı, məhkəmə çəkilişi kinoteatrlarda nümayiş olundu. Bu zaman Penkovskinin ötkəm nitqi, özünün sərbəst aparması diqqət çəkir. Ehtimal olunur ki, ona məhkəmədə “özünü yaxşı aparacağı təqdirdə” yüngül cəza vəd olunmuşdu.

Amma məhkəmə Penkovskini güllələnmə ilə edam cəzasına məhkum etdi. Onun bağışlanmaq barədə müraciəti SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən dərhal rədd edildi və mayın 16-da hökm yerinə yetirildi. Poststalin dövründə ölüm hökmünün belə sürətlə yerinə yetirilməsi nadir praktika idi. Qrevil Vinnə 8 il həbs cəzası kəsildi, amma o, 11 ay sonra Britaniyada həbs olunmuş sovet kəşfiyyatçısı Konon Molodı ilə dəyişdirildi.

Penkovskiyə hamilik etmiş və QRU-da bərpasına yardımçı olmuş Sergey Varentsov 1963-cü ilin martında vəzifəsindən uzaqlaşdırıldı, onun rütbəsi Baş artilleriya marşalından general-mayora qədər endirildi. Hətta Sovet İttifaqı Qəhrəmanı adından məhrum edildi.

Oxşar aqibətlə QRU-nun rəisi İvan Serov və onun birinci müqavini Aleksandr Roqov üzləşdilər. Hər ikisi vəzifələrini itirdilər, rütbələri general-mayora endirildi (Serov ordu generalı, Roqov general-polkovnik idi). Serov da Sovet İttifaqı Qəhrəmanı adından məhrum oldu.

İvan Serov hələ müharibə illərindən Nikita Xruşşov ilə tanış idi və yaxın münasibətləri formalaşmışdı. Xruşşov hakimiyyətə gələndən sonra, 1954-cü ildə  Serovu KQB sədri, 1958-ci ildə isə QRU-nun rəisi təyin etmişdi. General birinci katibə sadiq adam sayılırdı. Bir çoxunun fikrincə, Xruşşov Serovu vəzifədən uzaqlaşdırmaqla oturduğu budağı baltaladı, çünki Serov QRU sədri qalsaydı, Xruşşovu devirmək daha çətin, bəlkə də mümkünsüz olacaqdı.

Ana səhifəMənim FikrimcəOleq Penkovski