Nurlan Libre həbsxanada döyülüb

Nurlan Libre. Foto: Meydan TV

Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Nurlan Libre (Qəhrəmanlı) müəssisənin giziri İsmət Əliyev tərəfindən döyülüb.

Bu barədə məlumatı Meydan TV-yə jurnalistin həyat yoldaşı Əsli Əlizadə verib.

Onun sözlərinə görə, hadisə mayın 2-də baş verib. Lakin Nurlan Librenin telefon zənglərinə qadağa qoyulduğu üçün bu barədə yalnız mayın 12-də xəbər tutub.

Həyat yoldaşının sözlərinə görə, təcridxana əməkdaşı Nurlan Libreni təxribata çəkib və aralarında mübahisə yaranıb. Gizir İsmət Əliyev onu döyüb, qollarını “qarmoşka”nın (kameranın dəmir qapısı üzərində yerləşən kiçik pəncərə) arasında sıxıb, daha sonra arxadan qandallayaraq yuxarı doğru burub. Jurnalist qollarında qandal izlərinin qaldığını bildirib.

Nurlan Libre 2025-ci il fevralın 20-də saxlanılıb. Fevralın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona və “Meydan TV işi” üzrə saxlanılan digər jurnalistlərə Cinayət Məcəlləsinin 7 maddəsi ilə cinayət işi açılıb. Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Meydan TV-nin sorğularını cavabsız buraxdığı üçün məsələ ilə bağlı əlavə şərh öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətNurlan Libre həbsxanada döyülüb