“Növbə məndədir?” – Azərbaycanda siyasi motivli məhkəmələrə çıxan vəkillər Vəkillər Kollegiyasından necə uzaqlaşdırılır

2023-cü ilin avqustunda vəkil Zibeydə Sadıqovanın sosial şəbəkə hesabında yazdığı status Azərbaycanın sosial media seqmentində gündəm olur: 

“Vəkillər Kollegiyasından zəng edib məni 5-ci gün keçiriləcək Rəyasət Heyətinin iclasına çağırıblar. Səbəbini soruşanda isə barəmdə rəy verildiyini bildirdilər. <…>. Nə baş verir? Bu, nə deməkdir? Növbə məndədir? İnsan haqlarını müdafiə etmək cinayət deyil!” 

Zibeydə Sadıqova 2012-ci ildən Vəkillər Kollegiyasının üzvüdür. O, mediada əsasən siyasi motivli məhkəmələrdə iştirak edən vəkil kimi tanınır. Müxtəlif dövrlərdə ictimai fəal Bəxtiyar Hacıyev, jurnalist Əfqan Muxtarlı, işçi haqları müdafiəçisi Afiəddin Məmmədov, Azərbaycan Demokratik Rifah Partiyasının sədri Qubad İbadoğlu və digərlərini müdafiə edir.  

Zibeydə Sadıqovanın Kollegiyadan uzaqlaşdırıla bilməsi xəbəri Azərbaycanda vətəndaş cəmiyyətinin əsas müzakirə mövzularından biri oldu: o, siyasi motivli məhkəmələrə çıxan, qurumdan uzaqlaşdırılma təhlükəsi ilə üzləşən ilk vəkil deyil.

Kollegiya üzvlüyündən çıxarılma təzyiq vasitəsi kimi

Azərbaycanda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən yalnız Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmiş şəxslər vəkil kimi fəaliyyət göstərə bilər. Həmçinin həmin qanuna görə yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər “vəkil” adlandırıla bilər. Heç bir şəxs müəyyən dövr Kollegiyada vəkil kimi fəaliyyət göstərib, sonra müstəqil formada vəkillik edə bilməz. Çünki, o, daha vəkil sayılmır. 

Siyasi motivlərlə təqib olunan insanları müdafiə edən vəkillər isə azdır. Onlar hesab edir ki, Vəkillər Kollegiyası belə vəkillərin “üzərinə gedir”, onların fəaliyyətlərini məhdudlaşdırır. Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmaq vəkil üçün əsas təzyiq vasitələrindən sayılır.  

Vəkillər Kollegiyasından uzaqlaşdırılmış ilk vəkillərdən biri Xalid Bağırov olub. Vəkillik fəaliyyəti dövründə məhkəmələrdə NİDA Vətəndaş Hərəkatı üzvləri, siyasi mühacir Vidadi İsgəndərli, ictimai fəal İlkin Rüstəmzadə, hüquq müdafiəçisi Rəsul Cəfərovun hüquqlarını müdafiə edib.  

Xalid Bağırov 2010-cu ilədək Vəkillər Kollegiyasının üzvü olub. Vəkil kimi Kollegiyada təmsil olunduğu 10 il ərzində Bağırovun peşə fəaliyyətinə iki dəfə məhdudiyyət qoyulub.  

Xalid Bağırov

2011-ci il, yanvarın 13-də Xalid Bağırovun müvəkkili Elvin Əsgərov Yasamal rayon 24-cü polis bölməsindən aparıldığı xəstəxanada həyatını itirir. Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, o, polisdən qaçarkən bir neçə dəfə yıxılır, polis bölməsində səhhəti pisləşir və xəstəxanaya aparılandan sonra ölür. Anası Roza Rəfiyeva isə oğlunun döyülərək öldürüldüyünü deyir. Xalid Bağırov da mətbuata verdiyi açıqlamasında DİN-nin mövqeyini yalan hesab etdiyini və Elvin Əsgərovun polis tərəfindən döyülərək öldürüldüyünü bildirir. Elvin Əsgərovun xəstəxanada qanlar içində çəkilən fotosu həmin il yerli mediada dərc edilir. 

Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Rafiq Abbasov vəkilin polisə böhtan atdığını əsas gətirərək Xalid Bağırovdan Vəkillər Kollegiyasına şikayət ünvanlayır.

“Bu, ona görədir ki, bu işdən bir vəkil kimi geri çəkilim. Bir vəkil kimi ictimaiyyətə bildirmək istəyirəm ki, bu işdən geri çəkilməyəcəyəm, Elvin Əsgərovun ailəsini məhkəmələrdə və digər orqanlarda müdafiə edəcəyəm” – vəkil yerli mətbuata açıqlamasında deyirdi. 

Vəkillər Kollegiyası şikayəti təmin edir. 2011-ci ilin sentyabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Xalid Bağırovun peşə fəaliyyətinə bir illik məhdudiyyət qoyulur. Vəkil qərarla yanaşı bu qərarı qəbul edən Rəyasət Heyətini də qeyri-legitim hesab edir. Çünki onu Kollegiyadan uzaqlaşdıran Rəyasət Heyətinin səlahiyyət müddəti başa çatmışdı. 

Azərbaycanın “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” Qanununun ilk maddəsində deyilir ki, vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Xalid Bağırov hesab edir ki, Kollegiya müstəqil fəaliyyət göstərmədiyindən özü bu qanunu pozmuş sayılır. Onun sözlərinə görə, dünya praktikasında vahid Vəkillər Kollegiyası anlayışı var, amma bu qurumlar müstəqil olduqları üçün vəkillər üçün bənzər əngəllər yaratmır.

“Azərbaycan Respublikasında iki dənə Vəkillər Kollegiyası olsaydı, üç dənə Vəkillər Kollegiyası olsaydı, üçü də hökumətdən asılı duruma gələcəkdi, – Xalid Bağırov deyir. – Problem bir Vəkillər Kollegiyası olmasında deyil, problem ondadır ki, Vəkillər Kollegiyası özü müstəqil deyil. Yəni, açığı vəkillər özləri sədrlərini seçmir. Vəkillər Kollegiyasının rəhbərliyi birbaşa Prezident ADministrasiyasından təyin olunur”.

Xalid Bağırovun vəkil kimi çıxış etdiyi son məhkəmə REAL Partiyasının sədri İlqar Məmmədovun 2015-ci ildə Şəki Ağır Cinayətlər  Məhkəməsində keçirilən prosesi olub.

Çıxışımda təxminən belə ifadələr işlətmişdim: “Belə dövlətdə belə məhkəmə olar. Əgər Azərbaycanda ədalətli mühakimə olsaydı, Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Məmmədov barəsində belə hökm çıxara bilməzdi, nə də hakim hakim kimi işləyə bilərdi”. Və bu sözlərimi əsas gətirən Şəki Ağır Cinayətlər Məhkəməsi barəmdə təqdimat verdi və qeyd elədi ki, bu sözlərlə mən həm məhkəmə hakimiyyətinin nüfuzuna xələl yetirmişəm, həm də dövlətçiliyimizə qarşı çıxış eləmişəm”, – Bağırov Meydan TV-yə müsahbəsində deyir.

Vəkilin bu çıxışı onun Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə nəticələnib.

Xalid Bağırov yerli instansiya məhkəmələrində bu qərarın ləğvinə nail ola bilməyib. Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Avropa Məhkəməsi vəkilin hüquqlarının pozulduğunu, onun Vəkillər Kollegiyasına bərpa edilməsilə bağlı qərarı qəbul edib. Xalid Bağırov deyir, Avropa Məhkəməsinin çıxardığı qərarın icrası ilə bağlı onunla heç kim əlaqə saxlamayıb. 

“Dedilər ki, mən işə siyasi çalar verirəm”

Nemət Kərimli də bir vaxtlar Vəkillər Kollegiyasından uzaqlaşdırılan vəkillərdəndir. O, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu, Müsavat Partiyası başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan üzvü Elxan Əliyev, Zamin Salayev, keçmiş siyasi məhbus Asif Yusifli, jurnalist Əfqan Muxtarlını müdafiə edib.  

Elə məhz jurnalist Əfqan Muxtarlının işi ilə bağlı 2018-ci ildə Vəkillər Kollegiyasından kənarlaşdırılır. Gürcüstanın Tbilisi şəhərində yaşayan jurnalist 2017-ci ildə Azərbaycan sərhədini qanunsuz keçməkdə ittiham edilərək həbs olunur. O, Azərbaycan hökuməti ilə bağlı jurnalist araşdırmalarına görə Tbilisidən oğurlanaraq Azərbaycana zorla gətirildiyini bildirir. Həmin il 6 il müddətinə azadlıqdan məhrum edilən jurnalisti beynəlxalq insan hüquqları təşkilatı siyasi məhbus kimi tanıyır. O, yalnız 2020-ci ildə azadlığa çıxır.

Nemət Kərimli də mətbuata müsahibəsində müvəkkili Əfqan Muxtarlının sərhədi qanunsuz keçmədiyini, onun Azərbaycan hökumətinin sifarişilə oğurlandığını danışır. Bu çıxış əsasında 2018-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Baş Prokurorluğundan Vəkillər Kollegiyasına şikayət məktubu ünvanlanır.

Nemət Kərimli

“2018-ci ilin oktyabr ayında Baş Prokurorun birinci müavini Rüstəm Usubov Vəkillər Kollegiyasına Əfqan Muxtarlının hüquqlarının müdafiəsilə bağlı müraciət eləmişdi. Orada bildirmişdilər ki, Əfqan Muxtarlının sərhədi qanunsuz keçməsi artıq sübut olunub, lakin Nemət onun Tbilisidən oğurlanmasını deyir, siyasi çalar verir və həbsin Əfqanın siyasi fəaliyyətilə bağlı olduğunu bildirir”, – Nemət Kərimli danışır.

Kollegiya vəkilin peşə fəaliyyətini bir il müddətinə dayandırır. 2020-ci ildə Avropa Məhkəməsi Kərimlinin Kollegiyadan kənarlaşdırılmasını pozuntu kimi tanıyır. O, yalnız bir il sonra vəkillik fəaliyyətinə qayıda bilir. 

Nemət Kərimlinin sözlərinə görə, Kollegiyanın insan hüquqlarının müdafiəsilə məşğul olan vəkillərə qarşı münasibəti qərəzlidir. O, düşünür ki, Kollegiyanın belə qərarları siyasi hakimiyyətin istəyindən irəli gəlir ki, siyasi fəaliyyətlə məşğul olan şəxslər müdafiəsiz qalsın, onların şikayətləri Avropa Məhkəməsinə göndərilməsin və beynəlxalq təşkilatlar da bütün bunlardan xəbərsiz qalsın.   

“Göstəriş gəlib ki, məni Kollegiyadan çıxarsınlar”

Kollegiya ilə tez-tez problem yaşayan vəkillərdən biri də Elçin Sadıqovdur. Elçin Sadıqov 2011-ci ildən Vəkillər Kollegiyasının üzvüdür. Media azadlığı, insan hüquqları və işgəncələrlə bağlı cinayət işlərində insanların hüquqlarını müdafiə etməsi ilə tanınır. O, jurnalist Polad Aslanov, Əvəz Zeynallı, Fikrət Fərəməzoğlu, Əfqan Sadıqov, siyasi fəal Qiyas İbrahim, mərhum siyasi fəal Bayram Məmmədovun vəkili olub.  

2023-cü ilin iyul ayında Vəkillər Kollegiyasının Rəyasət Heyəti intizam icraatı iclası keçirib və Elçin Sadıqovun vəkillik fəaliyyətinə xitam verilməsilə bağlı məhkəməyə müraciət etmək qərarı qəbul olunub. Vəkil özü bu qərar barədə mediaya müsahibəsində deyir:

Elçin Sadıqov

“Son vaxtlar işgəncələrə qarşı çıxırdım. “Facebook” səhifəsində işgəncə faktlarını ictimailəşdirirdim ki, bunun qarşısını ala bilim. Bir neçə vətəndaşın da azảdlığına nail olmuşdum. Ona görə də göstəriş gəlib ki, məni Kollegiyadan çıxarsınlar”. 

Vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də sıravi vətəndaşlar sosial şəbəkələrdə bu haqda yazdıqdan və məsələ ölkə seqmentində geniş ictimailəşəndən sonra vəkil barəsindəki intizam icraatı ləğv edilib.  

Bu hadisə Sadıqovun Vəkillər Kollegiyası ilə yaşadığı ilk belə hal deyil. 2017-ci ilin noyabr ayında jurnalist Elçin İsmayıllı barədə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclası onun vəkili Elçin Sadıqovun iştirakı olmadan keçirilir. Bu hala etiraz edən vəkili məhkəmə prosesini pozmaqda ittiham edilir. Elçin Sadıqov hakimin ondan şikayət verdiyini deyir. Bundan sonra vəkil barəsində başqa bir intizam tədbiri almaq üçün Kollegiyanın Rəyasət Heyəti yenidən iclas keçirsə də, bu dəfə də icraata xitam verilir.  

“Vəkillər Kollegiyasından necə sifarişlə çıxarılmışdımsa, eyni qaydada da bərpa olundum”

İnsan hüquqlarının müdafiəsilə məşğul olan vəkillərin Vəkillər Kollegiyasından çıxarılması həmişə ictimai müzakirələrə səbəb olur. Vəkil Şəhla Hümbətova ilə bağlı məsələdə ictimai rəy daha kəskin oldu. Çünki öz ölkəsində vəkillik fəaliyyətinə xitam verilən vəkilə ABŞ Dövlət katibi şəxsən mükafat verdi. 

Şəhla Hümbətova 2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür. Bloger Mehman Hüseynov, REAL Partiyasının sədri İlqar Məmmədov, ictimai fəal Bəxtiyar Hacıyevin vəkili olub.

O, 2019-cu ilin noyabr ayında Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Vəkil hesab edir ki, buna əsas səbəb yerli mediada “Gəncə işi” adlandırılan, 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumda təqsirləndirilən Yunis Səfərov və daha 9 nəfərlə bağlı məhkəmə işində fəallığı oldu. 

Şəhla Hümbətova

2020-ci ildə isə, o,  Vaşinqtonda təşkil olunmuş mərasimdə ABŞ Dövlət katibi Mayk Pompeo və birinci xanım Melaniya Trampın təqdimatında “Cəsarətli qadınlar” illik mükafatına layiq görülüb. Mükafat hər il dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda həyatını təhlükəyə ataraq mübarizə aparan və cəsarət nümayiş etdirən qadınlara verilir. 

Şəhla Hümbətova mükafatı alandan sonra yerli mətbuata müsahibəsində bildirir: “Azərbaycanda cəzalandırıldım, ABŞ-da mükafatlandırıldım”. 

2021-ci ilin may ayında isə ABŞ Dövlət katibi Entoni Blinken Şəhla Hümbətovaya dəstək bəyanatı açıqlayır. Elə həmin ay Şəhla Hümbətova Vəkillər Kollegiyasına yenidən bərpa edilir. 

Vəkil özü isə bunu sevindirici hal saymır:

“Bir daha əmin oldum ki, bu, ölkəmin qanunları deyil, beynəlxalq təşkilatların, başqa bir ölkənin hökumətinin təzyiqi altında baş verir. Əlbəttə, ona görə, bu, sevindirici hal deyil”

“Vəkil kiminsə mətbuat katibi deyil ki?!” 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov əsasən siyasi işlərdə çıxış edən vəkillərə qarşı qərəzli yanaşma ilə bağlı iddiaları Meydan TV-yə şərh etməkdən imtina edib. Onun daha öncə sosial şəbəkə hesabında yazdığı statusda isə “Vəkil çıxdığı iş üzrə müsahibə verməkdən çəkinməlidir, “demək istədiyimi məhkəmə zalında demişəm” kimi standart cavablar verməyi arzuolunandır”, deyə qeyd edib.  

“Tutaq ki, həbsdə şəxs vəkil vasitəsilə bildirir ki, mənə qarşı işgəncə baş verib. Yaxşı, sənə qarşı işgəncə baş verib? Vəkil bununla bağlı aidiyyatı qurumlara müraciət eləsin hüquqi vasitələrdən istifadə eləyərək. Məsələ araşdırılsın. Bir çox qurumlar var. Hüquq-mühafizə orqanlarına müraciət olunsun. Birincisi, o işgəncə faktını dəqiqləşdirməkdən ötrü ekspertiza keçirilməlidir . Bütün bunlar olmadan vəkil gəlib mətbuata bəyanat verəndə ki, filan vətəndaşa qarşı onun sözlərinə əsasən işgəncə baş verib. Axı bu, məsuliyyətsizlikdir”, – Anar Bağırov yazır.  

Elə vəkil Yalçın İmanov da mətbuata danışmağın “cəzasını çəkən” vəkillərdəndir.  

Yalçın İmanov 10 illik karyerası boyu həbsi yerli və beynəlxalq mediada, hüquq təşkilatlarında qanunsuz hesab edilən jurnalist Xədicə İsmayıl, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim, “Nardaran İşi” ilə bağlı həbs edilən Müsəlman Birliyi Hərəkatı üzvlərini müdafiə edib. 

Yalçın İmanov

O, 2017-ci ilin noyabrında müvəkkili Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Abbas Hüseynin Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsində işgəncələrə məruz qalmasını mətbuata danışandan sonra Kollegiyadan uzaqlaşdırılıb. Qərardan məhkəməyə müraciət edən İmanovun şikayəti təmin edilməyib. Onun şikayətinə hazırda Avropa İnsan Hüquqları Məhkəməsində baxılır. 

Yalçın İmanov eyni zamanda Abbas Hüseynin həbsxanada işgəncəyə məruz qalması ilə bağlı da məhkəməyə müraciət etsə də, yerli instansiya məhkəmələri hadisəni lazımi qədər araşdırmayıb.  

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2023-cü ilin fevralında çıxardığı qərarda yazılıb. Azərbaycan hökuməti etiraf edib ki, Abbas Hüseynin işgəncə görməsilə bağlı müraciət düzgün araşdırılmayıb.  

Yalçın İmanov deyir ki, bu qərarla birgə onun Kollegiyadan uzaqlaşdırılmasını mübahisələndirmək olar. Amma bunun üçün o, Avropa Məhkəməsində olan əvvəlki şikayətinə baxılmasını gözləyir.  

İradə Cavadova Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasının əleyhinə səs verən yeganə vəkil olub.

Onun özü 2018-ci ilin iyul ayında müvəkkilinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən  saxlanılması ilə bağlı keçmiş daxili işlər naziri Ramil Usubova açıq məktubla müraciət etdikdən sonra Kollegiyadan uzaqlaşdırılıb. İradə Cavadova 2010-cu ildən Kollegiya üzvü olub.

“Belə müsahibələr lazım deyil” 

Vəkil Nemət Kərimli deyir ki, Vəkillər Kollegiyası vəkillərin mətbuata açıq olmasını bəyənmir. 2019-cu ilin oktyabr ayında AXCP və Milli Şuranın keçirdiyi mitinqdə müsavatçı Tofiq Yaqublu polis tərəfindən saxlanılır. Polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 30 gün müddətinə inzibati həbs edilən Yaqublu vəkili Nemət Kərimliyə polis tərəfindən döyüldüyünü, təhqir edildiyini danışır. Nemət Kərimli təcridxanadan çıxdıqdan sonra çöldə onu gözləyən mətbuat nüməyəndələrinə müsahibə verir. Tofiq Yaqublunun səhhəti ilə bağlı suallara cavab verərkən Yaqublunun dediklərini təkrar edir və onun bu açıqlaması Kollegiyada xoş qarşılanmır. Kollegiya məsələ ilə bağlı intizam tədbiri görməsə də, şifahi xəbərdarlıq edir. Ona deyilir ki, “belə müsahibələr lazım deyil”. 

“Azərbaycan Avropa Şurasına üzv olan ölkələr arasında əhali sayına düşən vəkillərə görə ən axırıncı yerlərdən birindədir” 

2017-ci ilin oktyabr ayında Azərbaycanda “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” qanuna dəyişiklik edilərək, ölkədəki nümayəndəlik institutunu ləğv edir. Əvvəlki qanuna görə, vəkil olmayan sıravi vətəndaşlar məhkəmələrdə mülki şəxslərin yerinə çıxış edə bilirdilər. Peşəkar vəkil xidmətindən fərqli olaraq, bu daha ucuz başa gəlirdi. Milli Məclisin bu qərarından sonra isə məhkəmə işlərinə yalnız Vəkillər Kollegiyasının üzvləri çıxa bilir.

Hüquqşünas Yalçın İmanov bununla bağlı mətbuatda gedən müsahibəsində vurğulayıb ki, qərar maddi vəsaiti yetərli olmayan insanların müdafiəsində problem yaradacaq, həm maddi vəsait, həm də vəkil çatışmazlığından hamı vəkilə müraciət edə bilməyəcək. İmanovun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv olan ölkələr arasında əhali sayına düşən vəkillərə görə ən axırıncı yerlərdən birindədir. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun 2023-cü ildə açıqladığı hesabata görə, hazırda Kollegiyanın 2 min 300 üzvü var. Dövlət Statistika Komitəsinin 2023-cü il yanvar-may aylarında açıqladığı rəqəmlərə görə isə, Azərbaycanda əhalinin sayı 10 milyon 148 min nəfər təşkil edir. Yəni 4 min 400 nəfərə bir vəkil düşür. 

 “Vəkilimin Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı hazırlıq görüldüyünü inzibati həbsdə öyrəndim” 

Afiəddin Məmmədov İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyasının sədridir. İşçi hüquqlarını müdafiə edən fəal 2023-cü ilin avqustunadək ayrı-ayrılıqda üç dəfə inzibati həbsdə olub. Bu, ümumilikdə üç ay azadlıqdan məhrum olunmaq deməkdir. Həbsini qanunsuz və siyasi motivli hesab edən Afiəddinin vəkili Zibeydə Sadıqovadır. 

Afiəddin Məmmədov deyir, vəkilinin “təhlükədə” olduğunu inzibati həbsdəykən öyrənib. Məmmədovun sözlərinə görə, Azərbaycanın siyasi hakimiyyəti siyasi şəxslərin hüquqlarını müdafiə edən müstəqil vəkilləri sıradan çıxarmaq istəyir. Vəkillərin Vəkillər Kollegiyası vasitəsilə fəaliyyətlərinə xitam vermək bunun üçün vasitədir. Beləcə ictimai və siyasi fəallar müdafiə hüququndan məhrum qalacaq. Onların nə şikayətləri Avropa Məhkəməsinə gedəcək, nə də özləri həbsdə ikən barələrində insanlara danışa biləcək kimsə olacaq.  

Azərbaycanda yerli media və ictimaiyyət həbsdə olan fəallar barədə illərdir ki, onların vəkilləri vasitəsilə məlumat alır. Fəallar bəzən ailə üzvləri ilə belə görüşə bilməsələr də, vəkilləri onlarla görüşə bilir və onların özlərini təqsirli bilib-bilməməsi, işgəncə görüb-görmədikləri və s. barədə məlumatları vəkilləri vasitəsilə cəmiyyətə çatdıra bilirlər. 

“Vəkillərin Kollegiyadan çıxarılması sadəcə vəkillərə aid bir məsələ deyil”

Beləliklə, Vəkillər Kollegiyasının ən çox müzakirə edilən sonuncu iclası vəkil Zibeydə Sadıqova ilə bağlı olub.  

Zibeydə Sadıqova Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına çağırıldığını bəyan edəndən sonra ictimai və siyasi fəallar, eləcə də sıravi insanlar sosial şəbəkə üzərindən Zibeydə Sadıqovaya dəstək mətnləri yayımlayırlar. Yazılan onlarla post və rəyin məzmunu bir nöqtədə kəsişir ki, Zibeydə Sadıqova insan haqlarını müdafiə etdiyi üçün Vəkillər Kollegiyası tərəfindən cəzalandırılacaq növbəti vəkildir.  

Vətəndaş Cəmiyyəti nümayəndələri hesab edir ki, Zibeydə Sadıqova da əvvəlki illərdə insan hüquqları ilə məşğul olan digər həmkarları ilə eyni taleyi bölüşür.

1 sentyabr 2023-cü il tarixində vəkil media nümayəndələrinin müşayiəti ilə iclas zalına daxil olur. Təxminən bir saata qədər davam edən iclasda Zibeydə Sadıqovanın heç bir qanun pozuntusuna yol vermədiyi məlum olur. Zibeydə Sadıqova deyir ki, iclasda ona bu barədə sosial şəbəkədə yazdığını, mediaya danışdığını irad tuturlar. O, izah etməyə çalışır ki, bu gün bu iclasda nə baş verəcəyini bilmirdi. Əgər ona iclasın mövzusu barədə məlumat verilsəydi, nə narahatlıq keçirər, nə də mediaya danışmaq məcburiyyəti hiss edərdi.  

Hüquq müdafiəçiləri müstəqil vəkillərə təzyiqi ümumilikdə cəmiyyətə təzyiq kimi qiymətləndirirlər.

“Azərbaycanda ictimai-siyasi fəalları müdafiə edən vəkilləri sıradan çıxararaq, həm də ictimai-siyasi fəalları sıradan çıxarmaq istəyirlər”, – Afiəddin Məmmədov deyir. – “Onların da çox güman ki, növbəti etaplarda hamısını həbs etmək niyyətindədirlər və bizi müdafiəsiz, beynəlxalq təşkilatları bizdən xəbərsiz qoymaq istəyirlər. Bu vasitə ilə Avropa Məhkəməsinə şikayətlərin getməsini əngəlləmək istəyirlər. Burada vəkillərin Kollegiyadan çıxarılması sadəcə vəkillərə aid bir məsələ deyil, bu, həm də ictimai-siyasi fəallara aid bir məsələdir, Azərbaycan siyasi sisteminə aid olan bir məsələdir. Bu məsələ maksimum dərəcədə qabardılmalıdır və bunun üzərinə gedilməlidir”.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideo“Növbə məndədir?” – Azərbaycanda siyasi motivli məhkəmələrə çıxan vəkillər Vəkillər Kollegiyasından necə uzaqlaşdırılır