Baş Prokurorluq məlumat yayıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədova qarşı ittihamın mahiyyəti məlum olub. Bu barədə Baş Prokurorluq rəsmi açıqlama yayıb.
İddia olunur ki, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən, bir sıra hallarda təhqirlər də səsləndirən Qabil Məmmədov Azərbaycanda terrora hazırlaşıb: “Terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələrdə yayımladığı videoçıxışlarında özünə tərəfdar bildiyi, dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək, silahlanıb kütləvi aksiyalarda yüksək vəzifəli şəxsləri, polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluq törətməyə yönələn açıq çağırışlar edib”.
İttihama görə, Q.Məmmədov bu məqsədlə Niyaməddin Əhmədova pul göndərib: “Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib, həmin pulları qəbul edərək, uydurma ünvanlar adı altında qəsdən toplamaqla, terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb”.
Açıqlamada vurğulanır ki, Q.Məmmədovla N.Əhmədov həmyerlidir.
N.Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
N.Əhmədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun işi üzrə istintaq isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.
AXCP N.Əhmədova qarşı ittihamın cəfəndiyyat olduğunu bəyan edib. Onun həbsini partiyaya və Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.
“İctimai əsaslarla məni mühafizə etmiş cəbhəçi gənc Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmək ittihamı ilə həbs edilməsi yeni mərhələdir. Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir.
Hökumətin cəza siyasətində dibə vurması ölkədə kütləvi narazılığın və xalqımızın mübarizə əzminin artması ilə birbaşa bağlıdır. Rejim görür ki, nə çoxsaylı inzibati həbslər, nə də siyasi fəalların saxta ittihamlarla 3-5 il müddətinə azadlıqdan məhrum edilməsi onun arzuladığı total qorxu mühitini yarada bilmir. Əksinə, müxalifətin sıraları genişlənir”, – deyə Ə.Kərimlinin “facebook” səhifəsində onun bu həbslə bağlı fikirləri yayımlanıb.
N.Əhmədov aprelin 15-də İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinı rejimin, karantin rejiminin pozulması) maddəsilə 30 sutka inzibati həbs cəzası almışdı. Lakin üzvü olduğu partiyadan onun saxlanılarkən evdən çıxmaq üçün SMS-icazəsi olduğu, N.Əhmədovun saxlandıqdan sonra Xətai rayon Polis İdarəsində işgəncəyə məruz qaldığı açıqlanmışdı. Daha sonra məlumat yayıldı ki, N.Əhmədov təcridxanada 30 sutkalıq cəzanı çəkdiyi vaxt onun başına torba keçirib, DTX-ya aparıblar. Orada ondan işgəncə altında partiya sədri Əli Kərimlinin əleyhinə ifadə almağa cəhd göstərilib. Binəqədi təcridxanasına qaytarılandan sonra isə o, tək saxlanılıb. Bir müddət sonra onun yenidən DTX-ya aparıldığı, vəkili ora getsə də, ona müvəkkili ilə görüşməyə icazə verilmədiyi haqda məlumatlar yayılmışdı.
N.Əhmədova verilmiş 30 sutkalıq inzibati həbs cəzası mayın 15-də axşam saat 22.00 radələrində başa çatsa da, onu buraxmamışdılar.
N.Əhmədovun inzibati həbs cəzasını çəkdiyi dövrdə onun DTX-ya aparılıb işgəncə verilməsi haqda xəbərlərdən sonra məlum oldu ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində AXCP ilə bağlı istintaq aparılır. Partiya üzvü, şairə Səadət Cahangirin bildirdiyinə görə, onun evinə qazı yoxlamaq adıyla daxil olan əməliyyatçılar axtarış aparıb. Onun telefonlarını, kompüterini, evdə olan 300 dollar və 300 avro pulunu götürüb, özü ilə birlikdə istintaq idarəsinə aparıblar. Orada təxminən dörd saatlıq dindirmədən sonra özünü buraxsalar da, əşyalarını və pulunu qaytarmayıblar.
Ötən il Milli Şuranın şəhərin mərkəzində keçirdiyi 19 oktyabr mitinqində Ə.Kərimli tutularkən son ana qədər onun yanında olanlardan biri N.Əhmədov idi.
“Həmin vaxt Əli Kərimlinin yanında olan şəxslərdən Tofiq Yaqublu və Niyaməddin Əhmədov həbs edilib, Aqil Hümbətov psixiatriya xəstəxanasına salınıb”, – deyə AXCP-dən bildirilib.