Gürcüstan vətəndaşı Polşada rusiyalı rəssamın qətlində ittiham olunur

Robert Kuzovkovun öldürüldüyü yer. Rəsmi foto

Polşa mediası saxlanılan Elnur A.-nın etnik azərbaycanlı olduğunu yazır, istintaqsa qətlin sifarişli olub-olmadığını araşdırır

36 yaşlı Gürcüstan vətəndaşı Elnur A. rusiyalı rəssam və karikaturaçı Robert Kuzovkovun qətlində ittiham olunur. Bu barədə Polşa mətbuatı Milli Prokurorluğa istinadən məlumat yayıb. Kuzovkov Semyon Skrepetski təxəllüsü ilə tanınırdı.

İstintaqın versiyasına görə, 2026-cı il iyunun 15-də Polşanın şərqində yerləşən Byala-Podlyaska şəhərində Elnur A. Kuzovkova odlu silahdan beş dəfə atəş açıb. Prokurorluq işi Polşa Cinayət Məcəlləsinin 148-ci maddəsinin 1-ci bəndi üzrə qətl kimi tövsif edib. Məlumata görə, dindirmə zamanı şübhəli şəxs günahını etiraf etməyib və ifadə verməkdən imtina edib.

Prokurorluq Elnur A.-nın üç ay müddətinə həbs edilməsi üçün məhkəməyə vəsatət göndərib. İstintaq bunu şübhəli şəxsin qaçmaq, gizlənmək və ya istintaqın gedişinə təsir göstərmək riski, eləcə də mümkün cəzanın ağırlığı ilə əsaslandırır.

TVN24-ün məlumatına görə, şübhəli şəxs Varşava yaxınlığındakı Pyastuv şəhərində yerləşən hosteldə saxlanılıb. Polşanın baş naziri Donald Tusk daha əvvəl bəyan etmişdi ki, hakimiyyət bu işə “çox ciddi” yanaşır və xarici dövlət tərəfindən siyasi sifariş versiyasını yoxlayır.

Qətl iyunun 15-i səhər saatlarında Byala-Podlyaskada, Krulovey Yadviqi küçəsi yaxınlığında baş verib. Prokurorluğun məlumatına görə, hücum edən şəxs küçədə qurbana yaxınlaşaraq qısa lüləli silahdan atəş açıb. Kuzovkov yerə yıxıldıqdan sonra isə yaxın məsafədən daha bir neçə dəfə atəş açılıb. Cəsədin müayinəsi zamanı beş giriş və iki çıxış güllə yarası aşkar edilib; yaralar baş, sinə və kürək nahiyəsində olub.

Hadisə yerində müstəntiqlər 9 mm Luger kalibrli beş giliz və bir güllə aşkar ediblər. Bundan başqa, qətlə yetirilən rəssamın əşyaları, o cümlədən telefonu və pulu götürülüb.

Semyon Skrepetski təxəllüsü ilə tanınan Robert Kuzovkov rusiyalı rəssam, satirik, musiqiçi və bloqer idi. O, Rusiya hakimiyyətini, Vladimir Putini, Aleksandr Lukaşenkonu, Ramzan Kadırovu və Rusiya siyasi sisteminin digər nümayəndələrini tənqid edirdi.

Skrepetski siyasi təqibdən qaçaraq 2021-ci ildə Rusiyadan Polşaya köçmüşdü. Qətldən bir neçə gün əvvəl o, Berlində aksiya keçirmişdi: iyunun 12-də, Rusiya Günündə Rusiya diplomatik nümayəndəliyinin qarşısına Putin və Stalinin satirik təsviri ilə gəlmişdi.

Qətldən sonra ilk sutka ərzində polis Byala-Podlyaskada Belarus konsulluğu yaxınlığında iki Belarus vətəndaşını saxlamışdı. Onların cinayətlə mümkün əlaqəsi yoxlanılsa da, sonradan prokurorluq bu versiyanın təsdiqini tapmadığını açıqladı: belaruslular şahid qismində dindirildikdən sonra sərbəst buraxıldılar.

Hazırda istintaq Elnur A.-nın təkbaşına hərəkət edib-etmədiyini, yaxud onun əlbir olduğu şəxslərin və sifarişçilərin olub-olmadığını araşdırır. Polşanın daxili işlər naziri Marçin Kervinski bildirib ki, polis saxlanılan şəxsin daha əvvəl Polşada törədilmiş digər cinayətlərlə mümkün əlaqəsini də yoxlayır.

Polşa nəşrlərində şahidlərə istinadən saxlanılan şəxsin rus dilində danışdığı, bir yerli sakinin isə onun Azərbaycan dilini bildiyini və “Gürcüstandan olan azərbaycanlı” olduğunu dediyi barədə məlumatlar da yer alır.

Ana səhifəXəbərlərGürcüstan vətəndaşı Polşada rusiyalı rəssamın qətlində ittiham olunur