Neft gəlirlərindən asılı Azərbaycanı gözləyən risklər…

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Dünya Bankının hesabatında Azərbaycanın yeri

Neft və qazdan asılılığın Azərbaycana yaratdığı problemlər gələcəkdə daha da kəskinləşəcək.

Dünya Bankının Azərbaycan üzrə iqtisadi memorandum hesabatında belə deyilir.

Hesabat 247 səhifədən ibarətdir və Azərbaycanı qarşıdakı 30 ildə nələrin gözlədiyindən bəhs edir.

Eyni zamanda, hesabat müəllifləri sənəddə Azərbaycanın dayanıqlı iqtisadi inkişafına dair təkliflərini də sadalayıblar.

Yaşıl enerjiyə keçidin neft gəlirlərinə təsiri

Hesabat müəllifləri bildiriblər ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı belə neft gəlirlərinə bağlıdır. Odur ki, gələcəkdə qlobal enerji keçidinin Azərbaycana təsirləri mənfi olacaq.

“Dünya iqtisadiyyatı bərpa olunan enerji ilə təminat üzərində çalışır. Bu da gəlirinin böyük hissəsi neftdən asılı olan Azərbaycan üçün asan olmayacaq”, – deyə hesabatda vurğulanıb.

Hesabatda qeyd olunur ki, Azərbaycan fosil dövrünün sonunda aktivlərinin qapalı qalması və ehtiyatda gözlənilməz dəyişikliklər riski ilə üzləşir.

“Azərbaycan əsas biznes mühiti və rəqabətqabiliyyətlilik indeksləri üzrə regional həmyaşıdlarından geri qalır. Ölkə WEF-in Qlobal Rəqabət Qabiliyyəti üzrə Qazaxıstan və Rusiya kimi struktur müqayisə edənlərdən daha aşağı bal toplayıb”, – hesabatda bildirilir.

Şəffaflıq, korrupsiya halları…

Şəffaflığa gəlincə, korrupsiya halları və qanunvericilik mübahisələrin həlli ilə bağlı səmərəsizlik Azərbaycan üçün ildən-ilə pisləşən alt göstəricidir.

“Lakin Azərbaycan biznesin düzgünlüyü və idarəetmə sahələrində irəliləyiş əldə edib. Daha çox irəliləyiş üçün bu sahədə hesabatlılığa ehtiyac var”, – deyə müəlliflər belə qənaətə gəliblər.

Sənəddə qeyd edilir ki, korrupsiya hüquqpozmalarına görə bu yaxınlarda həyata keçirilməyə başlayan hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mühüm addımdır.

İqlim dəyişikliyinin təsirləri

Dünya Bankı hesab edir ki, iqlim dəyişikliklərinin həm ekosistem, həm də iqtisadiyyata təsirləri artıb.

Dəyişikliyin gətirdiyi təsirlər isə həm yoxsulluğu artırır və iqtisadi artım tempini aşağı salır.

Hesabat müəllifləri düşünürlər ki, Azərbaycan iqlim dəyişikliklərinin təsirindən qurtulmaq üçün müxtəlif addımlar atmalıdır.

Dünya Bankı. Mənbə: Kristi Blokhin/shutterstock

Bu addımlardan biri isə karbon emissiyasından daha sürətli şəkildə imtina olunmasıdır.

Qlobal istiləşmə…

Bu gün qlobal istiləşmənin də Azərbaycana birbaşa təsirlərinin olduğu bildirilir:

“Havanın hərarəti artır, buzlaqlar əriyir. Buzlaqların əriməsi problemi bütün Qafqaz regionunu əhatə edir”, – deyə sənəddə qeyd olunub.

Bank hesab edir ki, bunlar Azərbaycanın iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı fəaliyyət göstərməsini qaçılmaz edir.

Enerji keçidi

Enerji keçidinə gəlincə, neft və qaz ehtiyatlarının hasilatının iqtisadi cəhətdən daha az səmərəli olması, gələcəkdə bu sahədəki kəşfiyyat işlərinə də mənfi təsir edə bilər. Bütün bunlar baş verdikcə, Azərbaycan risklərlə üzləşəcək.

“Risklərin təsirini azaltmaq, eyni zamanda enerji səmərəliliyini artırmaq üçün Azərbaycan bərpa olunan enerji mənbələrinə yönəlməlidir. Bərpa olunan enerji mənbələrinə (külək və günəş kimi) üstünlük verməklə enerji keçidi təmin edilə bilər. Ortamüddətdə keçid dövrü üçün təbii qaz sektorunun etibarlı enerji mənbəyi qismində çıxış etməsi, həmçinin ixracdan gəlir gətirməyə davam etməsi mümkündür”.

Pandemiya – sosial müdafiə sisteminə sınaq

Hesabatda qeyd edilir ki, COVID-19 pandemiyasının baş verməsi bütün dünyada biznesin fəaliyyət tərzini dəyişib. Pandemiyadan əvvəl daha məhsuldar olan firmalar böhrana görə tənəzzülə uğrayıb. Bunun da Azərbaycan iqtisadiyyatına təsiri olub.

Hesabatda qeyd edilir ki, pandemiya Azərbaycanın yaxşı inkişaf etmiş sosial müdafiə sistemini sınaqdan keçirib.

Pandemiya
Mənbə: Asiapropertyawards.com

“Əvvəl sosial müdafiəyə ayrılan xərclər nisbətən daha az idi. Son illərdə biraz artıb. Sosial dəstəyə ehtiyacı olan insanları daha yaxşı hədəfləmək üçün məlumatların rəqəmsallaşdırılması, əhatə dairəsi və adekvatlıq aşağı səviyyədə qalır”.

Sosial yardımın həcmi aşağıdır

Hesabatda qeyd edilir ki, ən yoxsul səviyyədə olan ev təsərrüfatları üçün sosial yardım proqramlarının həcmi 48 faizlə orta göstəricisinə yaxındır. Lakin bu, hələ də aşağı gəlirli olan ailələrin yarıdan çoxunun sosial yardım almaması deməkdir.

Bank hesab edir ki, əgər bu proqramların məqsədi ən yoxsullar üçün bərabər imkanlar yaratmaqdırsa, o zaman əhatə dairəsi daha da genişlənməlidir.

Məsələn, Ünvanlı Sosial Yardım (ÜSY) proqramı ölkədəki ən böyük sosial yardım paketi hesab edilir.

Əhalinin yalnız 3 faizinə yaxınını əhatə edir. Bu baxımdan da Azərbaycan qonşularından əhəmiyyətli dərəcədə geridədir.

İşsizlik

Hesabatda Azərbaycandakı işsizlik problemi də yer alıb.

Qeyd edilir ki, gənclər arasındakı işsizlik 2018-ci ildə 4,9 faiz olub. Hazırda isə ortalama 12,7 faizə yüksəlib.

Daha dəqiq göstərici 2018-ci il üçün gənc kişilərlə müqayisədə 11, qadınlarla müqayisədə isə 14,7 faiz artıb.

“Hazırki iqtisadi siyasət davam edərsə…”

İqtisadçı Qubad İbadoğlu deyir ki, Dünya Bankının hesabatında təqdim olunan uzunmüddətli artım modeli (LTGM) əsasında ölkə iqtisadiyyatının gələcəyi qiymətləndirilib.

Azərbaycan Prezidentinin ən çox istinad mənbəyi olan Dünya Bankı mütəxəssislərinin qurduğu modeldən əldə edilən hesablamalar göstərir ki, hazırki iqtisadi siyasət davam edərsə, 2050-ci ilədək Azərbaycanı iqtisadi və demoqrafik fəlakət gözləyir.

Qubad İbadoğlu: Foto: Meydan TV

İqtisadçı bildirir ki, bu xəbərdarlıq daha çox gənc nəslə ünvanlanıb. Ölkədə gənclərin işsizliyi 2018-i ildən bu yana daha da yüksəlib:

“Dünya Bankının tədqiqatları göstərir ki, son iki onillikdə Azərbaycan iqtisadiyyatı resurslardan asılı olaraq qalıb. Ölkənin əsas aktiv bazası diversifikasiya edilməyib. Azərbaycanın adambaşına düşən milli gəliri 2000-2014-cü illər arasında dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri azalıb”.

Özəl sektorunun böyüməsi məhduddur”

Qubad İbadoğlu bildirir ki, hesabatda qeyri-neft/qaz özəl sektorunun böyüməsi məhdud olduğu göstərilib.

Uzunmüddətli artım simulyasiyaları göstərir ki, hazırkı çağırışlarla üzləşən və onlara qarşı heç bir siyasət reaksiyası olmadan Azərbaycan iqtisadiyyatının böyüməsi 2024-2050-ci illərdə orta hesabla cəmi 0,5 faiz ola bilər. Çünki ÜDM artımı 2024-cü ildəki 1,5 faizdən 2050-ci ilə qədər sıfıra enəcək.

Nəticədə adambaşına düşən ÜDM 2020-ci ildə 5900 ABŞ dollarından 2050-ci ildə 6500 ABŞ dollarına dədər artacaq. Bu da növbəti 30 il ərzində yalnız 11 faiz artım deməkdir:

“Dünya Bankı həmçinin Azərbaycanda əhalinin artımının ləngidiyini, qocaldığını qeyd edir. Belə ki, son 10 ildə (2011-2021) ölkədə əhalinin hər min nəfərinə düşən doğulanların sayı 19.4-dən 11.2-ə enib, başqa sözlə, 40 faizə yaxın azalıb. Əgər 10 il öncə 65 yaşı aşan insanlar ölkə əhalisinin 5.8 faiziydisə, bu gün həmin göstərici 8 faizdir”.

Azərbaycan iqtisadiyyatının resursdan asılılığı

İqtisadçı deyir ki, Azərbaycanda insan kapitalının ümumi aktiv portfeldə yığımı zəifdir. Dünya Bankı da bundan narahatdır.

Hesabatında qeyd edib ki, insan kapitalı 2000-ci ildə yüzdə 40 ilə müqayisədə 2018-ci ildə onun ümumi aktiv portfelinin yalnız 23 faizini təşkil edib:

“Belə nəticəyə gəlib ki, Azərbaycan iqtisadiyyatının resursdan asılılığı və demoqrafik tendensiyalar struktur dəyişikliklərinə səbəb olur və ölkənin gələcək inkişaf perspektivlərini risk altına qoyur”.

“2050-ci ilədək dolanışıq yaxşılaşmayacaq”

Dünya Bankı hesabatında diqqəti daha çox əhalinin artım tempinin azalmasına, onların qocalmasına və neft, təbii qaz ehtiyatlarının tükənməsinə çəkib.

Qubad İbadoğlu da bildirir ki, LTGM dövlət sərmayəsinin uzunmüddətli artımın əsas hərəkətverici qüvvəsi ola bilməyəcəyini göstərir:

“Hesabatda da qeyd olunur ki, qeyri-neft/qaz sektorunda məhsuldarlığın (TFP) yaxşılaşdırılması və insan kapitalının yaradılmasına diqqət yetirməklə artımı canlandırmaq mümkündür. LTGM model vurğulayır ki, yalnız iddialı islahatlarla Azərbaycanın yüksəlişi mümkündür. Bu halda 2024-2050-ci illərdə orta illik artım 1,7 faiz bəndi ola bilər. Bu halda isə 2050-ci ildə Azərbaycanda adambaşına ÜDM 10,250 ABŞ dollarına çata bilər”.

İqtisadçı Dünya Bankının qənaətini belə şərh edir:

“Azərbaycan iddialı islahatlar aparmazsa, batacaq. İqtisadiyyat orta gəlir tələsinə düşüb. Başqa ölkələr, o sıradan qonşular inkişaf etsə də Azərbaycan bu gedişlə tərəqqidən məhrum olacaq. Yəni 2050-ci ilədək dolanışıq yaxşılaşmayacaq”.

Onlara qoyduğumuz bu iqtisadiyyata görə gələcək nəsillər bizi daim lənətləyəcək”

Qubad İbadoğlu deyir ki, onsuz da Azərbaycan hakimiyyətindən başqa gözləntisi yoxdur.

On illərdir ki, aparılan iqtisadi siyasəti tənqid edərək dəfələrlə eyni xəbərdarlıqla çıxış edib:

“Hələ 2016-cı ildə ADR adından “İqtisadiyyatda təxirə salınmaz tədbirlər paketi”ni təqdim etmişəm, amma nə hakimiyyət diqqətə alıb, nə də xalq. Xüsusilə gənclər yaranmış durumdan narahatlıq keçirib. Bilin ki, gələcək nəsillər bizi onlara qoyub getdiyimiz quruluşa və iqtisadiyyata görə daim lənətləyəcəklər”.

Azərbaycan rəsmiləri və hökumət qurumları hələlik Dünya Bankının Azərbaycanla bağlı açıqladığı bu hesabat barədə rəy bildirməyib. Lakin Azərbaycan Prezidenti İlham Əliyev zaman-zaman çıxışlarında, açıqlamalarında Dünya Bankının hesabatlarına istinad edir.

Ana səhifəİqtisadiyyatNeft gəlirlərindən asılı Azərbaycanı gözləyən risklər…