Nazir: Ödəmələrin 190 manatdan 196 manata qaldırılması hökumətlə müzakirə ediləcək

Qəbul olunan layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Foto: Milli Məclis


Büdcə təsdiq edildi: – yaşayış minimumu 6 manat, ehtiyac meyarı 10 manat artırıldı

“Milli Məclisə təqdim olunan dövlət büdcəsinin layihəsi parlamentdə müzakirə edilib və əksər deputatlar öz təkliflərini bildiriblər. Təkliflərin bəziləri növbəti ilin icmal və dövlət büdcəsində öz əksini tapacaq”.

Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun III oxunuşda müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

“İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, öz doğma yurdlarına qayıdacaq vətəndaşların sosial müdafiəsi məqsədilə vəsaitin artırılması imkanlarına baxılması təklifləri olub. Digər istiqamət isə dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün əlavə vəsaitin artırılması olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrasturtura, insanlara dəymiş maliyyə ziyanının öyrənilməsi üçün sürətlə işlər aparılır. Bu qiymətləndirmələr yekunlaşdıqdan sonra maliyyə ehtiyatları müəyyənləşəcək. Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması da Azərbaycan Prezidentinin hər zaman diqqət mərkəzində olub”.

S.Şərifov bildirib ki, pandemiya digər ölkələr kimi Azərbaycana da təsir edib və bununla əlaqədar 2020-ci ilin dövlət büdcəsinin gəlirləri azalıb:

“Cari ildə Azərbaycan kifayət qədər sosial-iqtisadi problemlərlə üzləşib. Bu il həmçinin işğal altında olan torpaqlarımız işğaldan azad olunub. 2021-ci ildə qarşıda duran vəzifə Qarabağın yenidən qurulmasıdır”.

Nazir qeyd edib ki, son 5 ildə sosialyünömlü xərclərin çəkisi artıb: “2021-ci ildə dövlət büdcəsinin sosialyünömlü xərcləri 5,3 faiz artıb:

Samir Şərifov
Samir Şərifov

“Koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, yeni iş yerlərinin yaradılması, yeni tələbə kredit proqramlarının, ehtiyac meyarının artırılması ilə 2021-ci ilin dövlət büdcəsinin öhdəlikləri artmaqdadır. Pandemiyanın Azərbaycan üçün yaratdığı çətinliklərə baxmayaraq, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün uğurla çalışılır”.

Müzakirələrdən sonra parlament gələn ilin büdcə layihəsini III oxunuşda qəbul edib.

Gələn il üçün dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsinin xərcləri isə 28 milyard 543 milyon proqnozlaşdırılır.

2021-ci ilin büdcə kəsiri 3 mlrd. 100 milyon manat olacaq.


DSMf-nin gəlir və xərcləri bərabərdir

“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi də III oxunuşda təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, DSMF-nin büdcəsi hazırlanarkən, insanların sosial müdafiəsi əsas götürülüb. O qeyd edib ki, şəhid ailələrinin, əlillərin sosial müdafiəsi ölkə başçısının nəzarəti altındadır”.

DSMF büdcəsinin həm gəlirləri, həm də xərcləri gəlirləri 5 milyard 146 milyin 30 min 160 manat müəyyən edilib.

Əhaliyə ödənişlər üzrə xərclərə 5 004 790 000 manat, əmək pensiyalarının ödənilməsi xərclərinə 4 880 040 000 manat, hamiləliyə və doğuma görə 40 050 000 manat, uşağın anadan olmasına görə 11 800 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 16 170 000 manat, dəfn üçün 24 060 000 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Sahil Babayev
Sahil Babayev


İşsizliyə görə sığorta ödənişlərinə 13 milyon manat ayrılacaq

III oxunuşda qəbul edilən İşsizlikdən Sığorta Fondunun gələn il gəlirləri 157 769 146 manat, xərcləri 157 769 146 manat müəyyən edilib.

Fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 000 000 manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000,0 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 774 200,0 manat vəsaitin ayrılması proqnozlaşdırılır.


Yaşayış minimumu 6 manat artırıldı

Qəbul olunan layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Nazir Sahil Babayev deyib ki, birdəfəlik ödəmə bu il üçün yaşayış mimimumunun məbləğində (190 manat) verilirdi. O qeyd edib ki, əgər sərtləşdirilmiş karantin rejimi yenə tətbiq olunsa, vətəndaşlara verilən birdəfəlik ödəmənin məbləğinin 190 manatdan 196 manata qaldırılması hökumətlə müzakirə ediləcək.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.Bu rəqəm 2020-ci il üçün 160 manat idi.

Büdcə zərfinə daxil olan layihələr III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Ana səhifəSosialNazir: Ödəmələrin 190 manatdan 196 manata qaldırılması hökumətlə müzakirə ediləcək