Naxçıvan Penitensiar Xidmətinin rəisi də həbs olundu

İllüstrasiya: Meydan TV

Tofiq Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov həbs olunub. Onun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində araşdırılan cinayət işi üzrə həbs olunduğu bildirilir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Tofiq Həsənov ötən həftəsonu saxlanılıb. Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə ittiham olunur.

Tofiq Həsənov. Foto: sosial şəbəkə

Hazırda DTX-nın istintaq təcridxanasında saxlanılan Tofiq Həsənov bu vəzifəyə 2016-cı il sentyabrın 19-da Naxçıvan MR Ali Məclisinin o vaxtkı sədri Vasif Talıbovun sərəncamıyla təyin olunmuşdu. O, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi.

O, 2017-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamıyla general-mayor rütbəsi alıb.

Bundan öncə Naxçıvan MR sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və başqa yüksək vəzifəli şəxslər həbs olunmuşdu.

Ana səhifə ▸ Bölgə ▸ Naxçıvan Penitensiar Xidmətinin rəisi də həbs olundu