Navalnının qətli

Aleksey Navalnı. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Müasir Rusiya Federasiyası adlanan dövlətdə vətəndaş Aleksey Navalnı özünün qətlə yetirilməsi üçün əlindən gələni etdi

Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində Labıtnanqi həbs düşərgəsində məhbus həyatı sürən Aleksey Navalnı, nəhayət ki, öldürüldü.

Zərdüşt Əlizadə
Foto: Meydan.tv

Etiraf edim ki, Aleksey Navalnının qətli məni təəccübləndirmədi, çünki əmin idim: Putin onu öldürəcək. Məsələ “nə vaxt öldürəcək”də idi. Dəqiq vaxtı bilmədiyimdən, Navalnının qətl xəbərini eşidəndən sonra düşündüm: “Nə üçün indi?” Belə ehtimal var ki, Putin get-gedə öz gələcəyinə daha az əmindir, buna görə də hakimiyyətdən getməmişdən ürəyində bəslədiyi qisas şəhvətini doydurmağı daha üstün tutdu deyə həmin bu qətl əmrini verib. Yenə əminəm ki, əmrinin icra edilməsi barədə xəbəri alanda onun kefi əməlli-başlı kökəlib. Növbəti hakimiyyət dövrünə o könlü şad, ruhu asudə qədəm qoyacaq. Navalnının qətli barədə kimsə ona sual versə, cavabı bəllidir: “Günah onun özündədir”.

Həqiqətən, müasir Rusiya Federasiyası adlanan dövlətdə vətəndaş Aleksey Navalnı özünün qətlə yetirilməsi üçün əlindən gələni 100 faiz etdi.  Navalnı ağıllı adam idi, lakin bir neçə məsələdə uşaq kimi sadəlövh idi. Məsələn, inanırdı ki, rus xalqı azadlığa layiqdir. İnanırdı ki, Putin siyasətdə hansısa qaydalar əsasında oynayır. Bu, onun ən böyük səhvi idi. Putin üçün hakimiyyət naminə savaşda heç bir qayda yoxdur, nə hüquqi, nə əxlaqi, nə də dini. Deyə bilərlər ki, Navalnı Putinin hakimiyyətinə təhlükə deyildi. Deyə bilərlər, lakin çox səhv edərlər. Navalnı kiril əlifbasında “Г” hərfi kimi əyilmiş rus kütləsinin içində çox nadir insanlardan idi ki, nida işarəsi kimi dik dayanıb insanın əyilə bilmədiyini nümayiş etdirirdi. Bax, bu əyilməzlik örnəyi Putin üsul-idarəsi üçün həqiqi təhlükə idi. Məhz bu əyilməzliyə görə jurnalist Anna Politkovskayanı öldürmüşdülər.

Putin sanki aramsız olaraq adını belə çəkmək istəmədiyi Navalnı ilə danışırdı. Sanki ona deyirdi: siyasət hesabına dolanmaq istəyirsən? Bax Zyuqanova, bax Mironova, gör necə yağ-bal içində üzürlər. Sənin nəyin onlardan artıq və ya əskikdir? Qoşul onlara, salaq səni Dövlət Dumasına, lap istəsən elə yan-yörəni də salaq oraya, hətta bir fraksiya da yaradıb Dumanın tribunasından od püskür. Özün istəmədin. Hərçənd ki, səndən əla konstruktiv müxalifət çıxardı. Qərb belələrini daha çox sevir, gəzərdin Amerikanı, Avropanı, istəsəydin, lap Asiyanı və Afrikanı, bizim hakimiyyəti orada ifşa edərdin. Günah sənin özündədir, özün istəmədin.
İnsan cəmiyyətdən təcrid olub yaşaya bilməz. Anladın? Yaşaya bilməz. Çünki insan ictimai heyvandır. Özü seçir, hansı heyvan olsun. Şir olmaq istəsə, bilməlidir ki, Rusiyadakı ondan güclü şirə tabe olmalıdır. Tabe olmasa, onu parçalayacaqlar. Tülkü olmaq istəsə, ona dovşandan, toyuqdan ovlamağa izn verəcəklər, bəy balası kimi yaşayacaq. Dovşan və toyuq ləzzətlidir. Amma səndən güclü heyvanın ovlağına girib orada ağalıq eşqinə düşsən, bil ki, axırın elə belə olacaq.

Sənə neçə dəfə anlatmağa çalışdılar ki, həddini biləsən? Tutub saldılar qoduqluğa, anlamadın, çıxdın başladın yenə əvvəlki işlərinə. Mühasirəyə alıb bütün gəlir mənbələrini kəsdilər, anlamadın. Həddini aşıb sabiq rus Prezidenti Dmitriy Medvedevin 3 milyard dollarlıq malikanəsini çəkdin, dünyaya göstərdin. Həmin 3 milyard dolları Medvedevə bağışlamış Əlişir Usmanov səni məhkəmə ilə hədələdi, işarəni anlamadın. Putinin Qara dəniz sahilində Gəlincikdəki möhtəşəm qəsrini və ətrafını çəkib dünyaya göstərdin, yenə ürəyin soyumadı. Ətrafına özün kimiləri toplayıb adam balası kimi yaşamaq istəyən bütün rus nazir, general və polkovniklərinin halal zəhmətlə əldə etdikləri malını-mülkünü çəkib onları öz aləmində sanki rüsvay elədin. Daha anlamadın ki, rus xalqı, insan nə qədər çox oğurlayıbsa, ona bir o qədər çox hörmət edir, onu bacarıqlı adam sayır.

Sənə neçə dəfə anlatmağa çalışdılar ki, həddini biləsən? Tutub saldılar qoduqluğa, anlamadın, çıxdın başladın yenə əvvəlki işlərinə. Mühasirəyə alıb bütün gəlir mənbələrini kəsdilər, anlamadın. Həddini aşıb sabiq rus prezidenti Dmitriy Medvedevin 3 milyard dollarlıq malikanəsini çəkdin, dünyaya göstərdin. Həmin 3 milyard dolları Medvedevə bağışlamış Əlişir Usmanov səni məhkəmə ilə hədələdi, işarəni anlamadın. Putinin Qara dəniz sahilində Gəlincikdəki möhtəşəm qəsrini və ətrafını çəkib dünyaya göstərdin, yenə ürəyin soyumadı. Ətrafına özün kimiləri toplayıb adam balası kimi yaşamaq istəyən bütün rus nazir, general və polkovniklərinin halal zəhmətlə əldə etdikləri malını-mülkünü çəkib onları öz aləmində sanki rüsvay elədin. Daha anlamadın ki, rus xalqı, insan nə qədər çox oğurlayıbsa, ona bir o qədər çox hörmət edir, onu bacarıqlı adam sayır.

Qaldı son işarəyə, sənə onu da göndərdik.  Zəhərlədik. Ancaq miyanə, elə yox ki, yıxılıb öləsən. Hətta icazə verdik ki, müalicə üçün Almaniyaya gedəsən.

İşarəni anladınmı? Xeyr a! Əksinə, dələduz adamlarla əlbir olub səni zəhərləmiş şərəfli zabitlərlə telefon əlaqəsi yaratdın, özünü hökumət adamı kimi qələmə verib onları zəhərləmə əməliyyatı barədə sənə telefonla məruzə etməyə vadar etdin. Sonra isə səs yazısını dünyaya yayıb həm hökumətin rəzalətini, həm də rus xəfiyyə zabitlərinin axmaqlığını bütün dünyaya faş etdin.

Sənə yenə imkan verdik həyatında nəsə qanasan. Sən Almaniyada olanda səni axtarışa verdik. Ağlın olsaydı, elə Almaniyada qalardın. Xeyr a! Rus xalqına qəhrəman olduğunu sübut etmək istədin, durub uçdun Moskvaya. Səni hava limanında böyük izdiham gözləyirdi. Biz sənə qəhrəman olmağa icazə verə bilməzdik.  Təyyarəni başqa limanda əylədik və birbaşa göndərdik səni bizim bütün dünyada öz “ədaləti” ilə tanınan məhkəməmizə. Orada da sənə lazımi və layiqlı cəzanı kəsdilər.

Yenə farağat durmadın, başladın qazamatdan bəyanat yaymağa, xalqa demokratiya naminə mübarizə dərsləri verməyə, hakimiyyəti ifşa etməyə. Səni əyalət qazamatına keçirdik, oradan da səsini ucaldıb hökuməti, ən əsası, rus xalqının xilaskarı və son ümid yeri olan Prezidenti tənqid etdin.

Sənə təkrar məhkəmə qurub 19 il həbs cəzası kəsdik ki, mumlayasan. Xeyr a! Daha ucadan qışqırdın, xalqı oyatmaq istədin.

Hay-hay, sən saydığını say, gör fələk nə sayır!

Sənin vəkillərini həbs etdik, bir neçəsi xaricə qaçdı. Yenə ram olmadın. Məcbur olub səni Sibirin şimalına, ən soyuq, ən ağır şəraiti olan Labıtnanqi həbs düşərgəsinə keçirdik. Qazamatda yatdığın bütün bu müddət ərzində səni ardıcıl olaraq 29 dəfə ŞİZO-ya saldıq ki, ağlın başına gəlsin.

Ağlın başına gəlmədi. Rus xalqının əksəriyyəti kimi başıaşağı yaşamaq istəmədin.
Özün istəmədin. Gözün kor oldu, görmədin ki, rus xalqı, hamı bir nəfər kimi, ayağa qalxıb Putini dübarə özünə rəhbər seçməyə hazırlaşır. Qazamatdan etiraz səsini ucaltdın, xalqı oyatmağa çalışdın. Belə vəziyyətə dəxi dözmək olmazdı.

Di al payını!

Ana səhifəMənim FikrimcəNavalnının qətli