NATO-nun Ankara sammiti: Cənubi Qafqaz alyansın yeni strateji məkanına çevrilir?

NATO sammiti, foto: Reuters

Ankarada keçirilən iki günlük NATO sammiti Ukraynaya hərbi dəstəyin artırılması və alyansın müdafiə imkanlarının gücləndirilməsini nəzərdə tutan yekun bəyannamənin qəbulu ilə başa çatıb.

Sammit ərəfəsində Türkiyə Kommunist Partiyasının (TKP) təşkil etdiyi NATO əleyhinə etiraz aksiyasında iştirak edən 100-dən çox etirazçı saxlanılıb. Aksiyalar NATO liderlərinin Ankaradakı görüşünə etiraz məqsədilə keçirilirdi. TKP və digər sol təşkilatlar NATO-nun Türkiyənin xarici siyasətinə təsir göstərdiyini, ölkəni hərbi blokların qarşıdurmasına cəlb etdiyini və alyansın bölgədə gərginliyi artırdığını iddia edərək uzun illərdir onun fəaliyyətinə etiraz edirlər. Hakimiyyət isə sammit ərəfəsində paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib, nümayişləri qadağan edib, şəhərin bir sıra hissələrinə barrikadalar düzüb və bəzi yolları bağlayıb.

Sammitdə NATO liderləri 2026-cı ildə Ukraynaya hərbi yardım və hərbi təlimlər üçün 70 milyard avro ayrılacağını bəyan ediblər. Bu öhdəlik yekun bəyannamədə rəsmən təsbit olunub.

Sənəddə Ukraynanın Avro-Atlantik təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanır, müttəfiqlərin isə ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyünə “sarsılmaz” dəstəyi ifadə olunur. NATO ölkələri 2027-ci ildə də Kiyevə hərbi yardımı ən azı indiki səviyyədə saxlamaq niyyətində olduqlarını bildiriblər.

Bəyannaməyə əsasən, Ukraynaya hərbi dəstəyin əsas maliyyə yükünü artıq Avropa müttəfiqləri və Kanada daşıyır. Alyans Avropa İttifaqının Ukraynaya uzunmüddətli maliyyə dəstəyi nəzərdə tutan kredit mexanizmini də alqışlayıb.

Rusiya təhlükəsi və NATO-nun yeni silah planları

Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizlik üçün uzunmüddətli təhdid olduğu bir daha vurğulanır. Bununla yanaşı, NATO liderləri ümumi dəyəri 50 milyard dollardan çox olan yeni hərbi satınalma proqramını elan ediblər.

Proqram çərçivəsində birgə silah istehsalının genişləndirilməsi, raketdən müdafiə sistemləri, pilotsuz uçuş aparatları və süni intellekt əsaslı hərbi texnologiyaların inkişafının sürətləndirilməsi nəzərdə tutulur.

Zelenskinin Azərbaycan mesajı

NATO sammitində çıxış edən Prezident Volodimir Zelenski müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən ölkələrə təşəkkür edib. O, Avropa İttifaqı, Türkiyə, NATO ölkələri ilə yanaşı, Azərbaycanın da adını Ukraynanın tərəfdaşları sırasında çəkib.

“Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək”, – deyə Zelenski bildirib.

Azərbaycan isə Ukraynaya dəstəyini hərbi deyil, humanitar yardım, enerji sahəsində əməkdaşlıq və bərpa layihələri ilə izah edib.

Cəsur Məmmədov: “Cənubi Qafqaz seçim qarşısında qalacaq”

Hərbi ekspert Cəsur Məmmədov Meydan TV-yə deyir ki, Ukrayna ilə münasibətlərdəki bu dinamika və NATO-nun yeni təhlükəsizlik yanaşması Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artırır.

Onun sözlərinə görə, dəyişən vəziyyət region ölkələrini daha aydın seçimlər qarşısında qoyur:

“Belə bir şəraitdə Azərbaycan, Ermənistan və Gürcüstan yeni geosiyasi reallıq fonunda konkret seçim qarşısında qalacaqlar. Çünki mövcud vəziyyətdə neytrallığı qorumaq artıq effektiv olmayacaq. Azərbaycan bir çox məqamda klassik neytrallıqdan uzaqlaşaraq Ukrayna ilə hərbi-texniki əməkdaşlıq sazişləri imzalayır və ona praktiki dəstək nümayiş etdirir”.

Ekspert hesab edir ki, geosiyasi proseslərin inkişafı fonunda region NATO-nun gələcək təhlükəsizlik strategiyasında daha mühüm yer tutacaq:

“Yekun olaraq, mən artıq Cənubi Qafqazı NATO-nun gələcək Cənub-Şərq və ya Şərq cinahı kimi qiymətləndirərdim. Çünki geosiyasi ağırlıq nöqtəsi tədricən Cənubi Qafqaza doğru sürüşür və bu region alyansın gələcək taleyində xüsusi bir rol oynayacaq”.

İran, Türkiyə və yeni təhlükəsizlik xətti

Cəsur Məmmədovun sözlərinə görə, Ankara Bəyannaməsində İranla bağlı yer alan müddəalar da diqqət çəkir:

“Ankara Bəyannaməsinin beşinci maddəsində çox həssas regionda yerləşən İran münaqişəsinə də toxunulur. Sənəddə İranla bağlı da müddəalar yer alıb. NATO İranın nüvə silahına malik olmamasının vacibliyini vurğulayıb və Hörmüz boğazında beynəlxalq gəmiçiliyin sərbəstliyinin təmin edilməsini vacib sayıb. Bu baxımdan, Türkiyənin regiondakı aparıcı rolu daha da möhkəmlənəcək”.

TRACECA və regionda artan logistika əhəmiyyəti

Ekspert hesab edir ki, NATO-nun təhlükəsizlik strategiyası Avropa İttifaqının regionda həyata keçirdiyi əlaqəlilik layihələri ilə paralel inkişaf edir.

“NATO-nun Orta Asiyadan başlayaraq Türkiyə və Avropaya qədər uzanan zolaqda təhlükəsizliyi təmin etməyə çalışması alyansın strateji hədəfləri sırasındadır. Bu, həm də Avropa İttifaqının Xəzər dənizi vasitəsilə Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyəni əhatə edən əlaqəlilik (connectivity) proqramları və TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi ilə üst-üstə düşür. Beləliklə, qarşıdakı dövrdə Qara dənizlə Xəzər dənizi arasındakı böyük coğrafiyada, xüsusən Ukrayna, Cənubi Qafqaz, İran və Türkiyə dördbucağında ciddi hərbi-siyasi və logistika hərəkətliliyi gözlənilir”, – Cəsur Məmmədov sonda qeyd edib.

Ana səhifəDünyaNATO-nun Ankara sammiti: Cənubi Qafqaz alyansın yeni strateji məkanına çevrilir?