Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Leyla Ələsgərova sədrlik edib.
Nərgiz Muxtarova məhkəmədə bildirib ki, həbsdə olan həyat yoldaşı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə ilə bağlı çıxarılan hökmdən sonra ölkədəki məhkəmə sisteminə inamsızlığına görə əvvəlcə ifadə vermək istəməyib. Onun sözlərinə görə, sonradan bəzi həqiqətləri açıq deməyin vacib olduğunu düşünərək danışmağa qərar verib.
Muxtarova deyib ki, heç vaxt qrant almayıb və qrant müqaviləsinə imza atmayıb. O bildirib ki, yalnız xidmət müqavilələri əsasında müəyyən işlər görüb və bunun müqabilində ödəniş alıb. Bu işlər gender bərabərliyi və qadın hüquqları ilə bağlı üç kitab üçün tədqiqat aparılması, həmçinin iki verilişin hazırlanmasından ibarət olub. Onun sözlərinə görə, aldığı vəsaitlər bank hesabına köçürülüb, vergisi ödənilib və bəyannaməsi təqdim edilib.
Muxtarova əlavə edib ki, hətta qrant alsaydı belə, bu əməldə cinayət tərkibi olmadığını düşünür və belə hal ən çoxu inzibati xəta sayıla bilər.
O, həmçinin ona qarşı irəli sürülən “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” ittihamına da münasibət bildirib. Muxtarovanın sözlərinə görə, “Mercy Corps” təşkilatı ilə müqavilə əsasında işləyib və aldığı vəsaitlərin mənbəyi ABŞ Dövlət Departamenti olub.
Muxtarova “bir qrup şəxslə əlbir olaraq cinayət törətmək” ittihamına da toxunaraq bildirib ki, həmin şəxslərin kim olduğu açıqlanmır: “Əgər mənimlə əlbir olublarsa, niyə bu gün məhkəmə qarşısında təkcə mən dayanmışam?”
İttihamda Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın da adı çəkilir. Muxtarova bildirib ki, onun adı işdə keçsə də, Şəhla İsmayıla hər hansı məhdudiyyət tətbiq olunmayıb.
Muxtarovanın məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Hazırda onun məhkəmə istintaqı davam edir. Muxtarovaya qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.