Mussolini dövrünün İtaliyasındakı kimi

Azərbaycanda media haqqında yeni qanun jurnalistlərə hansı məhdudiyyətləri qoyur?

Meydan TV-nin illüstrasiyası

2021-ci il dekabrın 30-da Azərbaycanda media haqqında yeni qanun qəbul edilib. Bu, qanun layihəsinin hələ Azərbaycan parlamentində müzakirəsi mərhələsində müstəqil jurnalistlərin yeni qanunun KİV-in fəaliyyətini kəskin məhdudlaşdıracağını bildirmələri və etirazları fonunda baş verib. Müstəqil jurnalistlər qanun layihəsinin Milli Məclisdə üçüncü oxunuşunadək parlament binası qarşısında qanunun mövcud vəziyyətdə qəbul edilməməsi tələbi ilə etiraz aksiyası keçiriblər. Buna baxmayaraq, qanun demək olar ki, hər hansı dəyişiklik olmadan qəbul edilib və ölkə prezidenti tərəfindən bu il fevralın 8-də təsdiq edilib.

Müstəqil jurnalistlər nələrdən narazıdırlar, nə üçün onlara son anadək yeni qanun layihəsinin müzakirəsində iştiraka icazə verilmədi və bu qanun onların fəaliyyətinə necə təsir edəcək? Meydan TV Azərbaycanın tanınmış jurnalistləri vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışıb.

Jurnalistlər “Media haqqında” yeni qanunun qəbul edilməsinə qarşı etiraz edir. 28.12.2021/Foto: Meydan TV

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Media haqqında” yeni qanunun mətnini hələ layihə müddətində tələb edənlərdən biri olub və o deyir ki, bu qanun əslində, “informasiya cəmiyyətini nəzarətə götürmək üçündür”.

““Media haqqında” qanun ümumilikdə informasiya cəmiyyətinə, yəni informasiya təşəbbüslərinə, informasiya fəallarına qarşıdır və bütün cəmiyyəti əhatə edir”, – o hesab edir.

“Mövcud olmayan” qanun layihəsi

Meydan TV-yə danışan Mehman Əliyev deyir ki, qanun layihəsinin hələ sənədin adı hallanan vaxtdan sənədin mətnini əldə etmək üçün müraciət etsə də, həmin vaxt layihə “tapılmayıb”.

2021-ci il, yanvarın 12-də imzalanmış prezident fərmanında “Media haqqında” qanunun iki ay müddətində hazırlanması nəzərdə tutulmuşdu. Lakin bir neçə ay keçdikdən sonra belə layihənin mətni sənədi tələb edənlərə verilməmişdi.

Mehman Əliyevin sözlərinə görə, müraciətindən sonra aidiyyəti qurumlar onunla ötən ilin may ayında görüş keçirsələr də, “ortada hər hansı layihənin olmadığı” məlum olub.

“Biz dedik ki, redaktorlarla müzakirə getdiyini deyirsiniz, layihəni bizə də verin, gedək redaksiyada müzakirə edək. Boyunlarına aldılar ki, belə bir layihə hələ ki, hazır deyil və payız aylarına hazır olacaq. Sentyabr da gəldi, təqdim olunmadı və qəflətən dekabrda layihə Milli Məclisdə müzakirəyə çıxarıldı. Oraya özlərinə yaxın media nümayəndələrini yığdılar ki, sanki müzakirə apardılar. Əslində, bu, təqdimat idi. Bunu da tələsik ilin sonunda ona görə etdilər ki, hamının başı başqa problemlərə qarışıqdır, beynəlxalq təşkilatlar tətilə çıxır və s. Yalandan bir dənə toplantı keçirdilər”.

Mehman Əliyev/ Meydan TV-nin illüstrasiyası

Media üzrə hüquqşünas Ələsgər Məmmədli xatırlayır ki, sözügedən dövrdə Medianın İnkişafı Agentliyi ilə keçirdiyi görüşdə ona da layihənin mövcud olmaması barədə məlumat verilib.

Hüquqşünas deyir ki, ilin sonunda ortaya çıxan qanun layihəsi sonrakı mərhələdə “Milli Məclisdə çox sürətlə üç oxunuşdan keçib”.

Vahid media reyestri

Sənədin ən çox müzakirə və tənqid olunan hissələrindən biri – jurnalistlərin və media qurumlarının məlumatlarının sistemləşdirildiyi, dövlət büdcəsi vəsaiti hesabına saxlanıldığı qeyd olunan Media reyestri bölməsidir.

Reyestrə daxil ola bilmək üçün jurnalistlərə ali təhsil, jurnalistika sahəsində 3 il iş stajı, məhkumluğun olmaması barədə arayış, VÖEN qeydiyyatı və digər tələblər irəli sürülür.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Media reyestrinin jurnalistlərə daha çox imkanlar yaratmaq yox, onlara daha çox nəzarət etmək üçün olduğunu düşünür.

“Həmin reyestrlə bağlı bizim hökumət nümayəndələri deyirlər ki, belə reyestr İtaliyada da var. Həqiqətən var. Mən onun tarixçəsinə baxmışam, İtaliyada reyestri Mussolini tətbiq edib. Təsəvvür edin ki, hansı təcrübədən yararlanırıq. Həmin reyestr jurnalistləri reyestrə salarkən ayrı-seçkilik qoymur. Ancaq bizim hökumətin bunu edib-etməyəcəyinə əmin deyilik. Heç reyestr tətbiq olunmağa başlamayıb, artıq bir jurnalistə “polis qeydiyyatdan keçməmisən, jurnalist sayılmırsan” deyib”. 

Xədicə İsmayılova hesab edir ki, sərbəst işləyən və üç il təcrübə toplamamış gənc jurnalistlər reyestrə girə bilməyəcək, ona görə də bəzi məhdudiyyətlərlə üzləşə biləcəklər.

O, həmçinin jurnalistdən ali təhsil tələb edilməsini düzgün saymır. Mehman Əliyev də yeni dövrdə jurnalistə ali təhsil tələbi qoymağı “absurd” sayır. O güman edir ki, Media reyestrinə görə ən çox azad işləyən jurnalistlər problemlə üzləşəcək.

“Onları qeydiyyata almayacaqlar, sabah deyəcəklər sənə işləmək qadağandır, sonra bütün orqanlara tapşırıq verəcəklər ki, reyestrdə qeydiyyata salınmamış jurnalistlə əlaqə saxlamayın, qəbul etməyin. Bu, artıq məhdudlaşdırır, – Mehman Əliyev hesab edir. – Məsələn, əgər bir vətəndaş hansısa bir informasiyanı əldə etmək, yazmaq istəyəcək, deyəcəklər sən jurnalist deyilsən, sən reyestrdə deyilsən, ona görə sənə məlumat verilmir, ya da sizin informasiya istehsal etməyə ixtiyarınız yoxdur”.

Xədicə İsmayılova/ Meydan TV-nin illüstrasiyası

Jurnalist Samirə Əhmədbəyli hesab edir ki, qanun müstəqil media və jurnalistlərin fəaliyyətini bütövlükdə məhdudlaşdırır.

“Yeni qanuna əsasən, dövlət reyestrində qeydiyyatdan keçməyənlər dövlət tədbirlərinə buraxılmayacaq, onlar ölkənin regionlarında işləyə, küçələrdə sorğu keçirə, küçə aksiyalarını işıqlandıra bilməyəcəklər. Hakimiyyətyönlü media onsuz da sadə vətəndaşların hakimiyyət orqanları ilə bağlı problemlərini tərəfli işıqlandırır, küçə aksiyalarını ümumiyyətlə görməzdən gəlir, məhz azsaylı müstəqil media və jurnalistlər min bir maneə və çətinliyə rəğmən sadə vətəndaşların səsi olurdu. Qanun işlək hala gəldikdən sonra artıq ola bilməyəcək. İndiyə qədər də müstəqil mediaya, azad sözə qarşı maneələr, təqiblər, basqılar az deyildi, bu qanunla bütün bu məhdudiyyətlər qanuniləşdirildi. Əgər dünənə qədər mitinqi işıqlandıran jurnalistin əlindən kamerası alınıb, özünü  polis şöbəsinə apardıqları zaman jurnalist daha sonra şikayətçi ola bilirdisə, artıq reyestrdə qeydiyyatda olmadığı üçün polis qanunən bütün bunları etməkdə haqlı sayılacaq”.

Ələsgər Məmmədli deyir ki,  hal-hazırda Media haqqında yeni qanunun tamamilə qüvvədə olması üçün – media reyestrinin yaranması ilə bağlı 6 aylıq müddət var və bu müddət avqust ayında başa çatacaq, ondan sonra qanun qüvvəyə minəcək. 

Narazılıqlar niyə diqqətə alınmadı?

Ələsgər Məmmədli deyir ki, media elə bir sahədir ki, onu bu sahə ilə məşğul olanların məlumatı və iştirakı olmadan tənzimləmək və qanunvericilik gətirmək “nonsensdir”.

Onun sözlərinə görə, redaktor və ekspertlərin təklifləri dinlənilsə də, nəzərə alınmayıb.

“20 dekabrda birinci oxunuşda qəbul olunan qanun layihəsi 30 dekabrda 3-cü oxunuşda qəbul edildi. İctimai müzakirələr olduğu zaman biz 40-dan çox təklif təqdim etmişdik. Demək olar ki, çox xırda detalları kənara qoysaq, qanun necə təqdim olunmuşdusa, elə də qəbul olundu”.

2021-ci ilin dekabrında vətəndaş cəmiyyətinin nümayəndələri sözügedən qanun layihəsinin parlamentin gündəliyindən çıxarılması üçün çağırış edib. 

Müraciətdə layihənin ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açdığı, təklifin ictimai müzakirəyə çıxarılmadan, tələm-tələsik parlamentə təqdim olunduğu deyilir və layihənin yenidən geniş iştirakla işlənilməsinə çağırılırdı.

Xədicə İsmayılova deyir ki, Azərbaycanda hökumət cəmiyyətlə hesablaşmadığı üçün qanunların müzakirəsini də aparmır.

“Ümumiyyətlə, Azərbaycanda qanunların cəmiyyətlə müzakirəsi mədəniyyəti yoxdur. Hökumət nəyisə ictimaiyyətlə müzakirə etməyi lazım bilmir. Hökumətin belə bir təcrübəsi yoxdur, başqa qanunlarda da bunu görməmişik”.

Jurnalistlər “Media haqqında” yeni qanunun qəbul edilməsinə qarşı etiraz edir. 28.12.2021/Foto: Meydan TV

Hədəf onlayn mediadırmı?

Bəzi təhlilçilər hesab edir ki, bu qanun daha çox Azərbaycanda nisbətən azad hesab edilən internet medianı hədəf alıb.

Mehman Əliyev deyir ki, “Media haqqında” yeni qanun ənənəvi mediaya bir o qədər də təsir etməsə də, onun müddəaları hər bir KİV-ə qarşı təzyiq tədbirləri həyata keçirmək, bağlamaq, məhkəməyə vermək kimi imkanlar verir.

“Hakimiyyət əslində, ənənəvi medianı nəzarətə götürüb, tək-tük özünü göstərə bilən ənənəvi media qalıb. Onları daha çox narahat edən sosial media, sosial şəbəkələrdir. Mən media deyəndə hər bir informasiya istehsalçısını nəzərdə tuturam. Fərqi yoxdur siz siyasi, iqtisadi, ictimai informasiya istehsal edirsiniz, hamı bu qanunun təsiri altına düşür. Bu əslində, informasiya cəmiyyətini nəzarət altına götürmək üçündür”.

Mehman Əliyev qeyd edir ki, qanunla bağlı görüşdə sənəddə qeyd olunan “platforma” sözünün açıqlamasının yazılması tələbi də nəticəsiz qalıb.

 “Onlar deyir yox, bu, sosial şəbəkələrə aid deyil, əslində, onlara birbaşa aiddir. Adını platforma qoyublar, hər bir platforma sahibi bu qanunun  altına düşür. Platforma beynəlxalq dildə sayt, Facebook, YouTube və s səhifələridir, bunlar hamısı platforma sayılır. Qanunda da yazılır ki, platforma lisenziyalaşdırılır. ..Ona görə mən əvvəlcədən dedim ki, bunlar gələcəkdə – birdən-birə yox, amma gələcəkdə başlayacaqlar platforma məsələsini getdikcə sərtləşdirməyə, lisenziyalaşdırmağa və hər bir vətəndaşa təzyiq edə biləcəklər”.

Jurnalistlər “Media haqqında” yeni qanunun qəbul edilməsinə qarşı etiraz edir. 28.12.2021/Foto: Meydan TV

Xədicə İsmayılova deyir ki, Azərbaycanda hədəf əslində, bütün medialardır, sadəcə azadlıq ancaq internet mediada qalıb.

“Azərbaycanda telekanallarda fikir yoxdur, müstəqil, müxalif qəzet çap olunmur, olan ancaq onlayn qalıb deyə bu, daha çox diqqəti cəlb edir. Belə deyək, ənənəvi media üçün də dar çərçivələr var. Necə ki, ənənəvi medianı məhv ediblər, bu qanun onlara kömək edəcək ki, onlayn medianın da axırına çıxsınlar”. 

Jurnalist hesab edir ki, qanunun məqsədi jurnalistlərin işini asanlaşdırmaq yox, məhdudlaşdırmaqdır.

“Qanun o məqsədlə yazılıb, o məqsədlə qəbul edilib və şübhəsiz ki, buna olan təpkilər də nəzərə alınmadı. Yəni, məqsəd işimizi asanlaşdırmaq, həyatımızı rahatlaşdırmaq deyildi, məqsəd bizim üçün daha dar çərçivələr tətbiq etmək idi”. 

Güzəşt və imtiyazlar

Qanunda media sahəsində fəaliyyət göstərən şəxslər üçün ekspertlərin “şirnikləndirici” hesab etdiyi güzəşt və imtiyazlar da nəzərdə tutulub.

Sənəddə deyilir ki, vahid jurnalist vəsiqəsi verilmiş şəxslər muzey, qalereya, mədəni-ictimai tədbirlərin keçirildiyi obyektlərə ödənişsiz daxil ola biləcək, dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında akkreditasiya olunacaq, əhəmiyyətli tədbirlərin həyata keçirildiyi məkanlara buraxılacaqlar.

Bundan başqa, Media reyestrinə daxil edilmiş media subyektləri və şəxslər üçün də əlavə güzəşt və imtiyazlar nəzərdə tutulur.

Mehman Əliyev deyir ki, dövlət orqanı müstəqil mediaya jurnalist vəsiqəsi verməməlidir. O, həmçinin jurnalistlər üçün imtiyazların olmasını da düzgün hesab etmir.

“Bütün dünyada jurnalistlər üçün muzey açıqdır. Mən “Turan” agentliyinin vəsiqəsi ilə dünyanın ən əsas muzeylərindən olan Luvr muzeyinə girmişəm. Vəsiqəmə baxıb dedilər ki, siz jurnalistsiniz, buyurun. Dövlətin verdiyi vəsiqənin mənimkindən üstünlüyü nədir?”

Xədicə İsmayılova söyləyir ki, əsl müstəqil jurnalist imtiyaz istəməməli və gözləməməlidir.

“ Ümumiyyətlə jurnalistlərə hökumətdən pullu-pulsuz heç nə lazım deyil. Jurnalistlərə lazımdır ki, hökumət onların işinə mane olmasın. Mən əsl jurnalistlərdən danışıram. Normalda hansısa bir muzey maraqlı olmalıdır ki, jurnalistlər gəlib baxsın, sərgini işıqlandırsınlar. Normalda sərgi təşkilatçıları, muzeylər hansısa tədbir keçirərkən jurnalistləri dəvət edirlər ki, gəlin, baxın, yazın, işıqlandırın. Belə də ki, mən muzeyə getmək istəyəndə ona vəsait tapıram, yetər ki, hökumət mənim işləməyimə və  vicdanla pul qazanmağıma mane olmasın”. 

Jurnalist Samirə Əhmədbəyli bunu jurnalistlərə verilən “xırda rüşvət” kimi qəbul edir.

“Bütün bunlar xırda rüşvətdir, hansı ki, jurnalistlərə paylanan evlərə qədər gedib çıxır. Hərçənd Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv olunandan, rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunandan sonra jurnalistlər üçün min bir fırıldaqla inşa edilmiş üçüncü binadakı mənzillərin paylanması dayandırıldı. Amma həmin mənzillərin yolunu hələ də gözləyən “həmkarlarımız” çoxdur. Jurnalistlərə ən kiçiyindən tutmuş ən böyüyünə qədər istənilən şirnikləndirici hal yolverilməzdir. Bu kimi hallara razı olan hansısa bir jurnalistin sözünə etibar edilə bilməz”.

Samirə Əhmədbəyli/ Meydan TV-nin illüstrasiyası

Mətbuat Şurasının “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”nda deyilir ki, “Jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır. Jurnalist redaksiya sənədindən və informasiyaya çıxış imkanlarından, habelə, biznes fəaliyyəti və maliyyə  bazarları barədə məlumatlardan şəxsi mənfəət əldə etmək məqsədi ilə istifadə etməməlidir. Jurnalist birbaşa şəxsi marağının olduğu məsələlər barədə reportajlar hazırlamaqdan çəkinməli və belə maraqları olduqda həmin maraqları öz müvafiq reportajında bildirməlidir”. 

Yeni qanun jurnalistlərə qarşı cinayətləri “təşviq edir”

Media mütəxəssislərini narahat edən ən önəmli məqamlardan biri peşə fəaliyyətinə görə jurnalistlərə qarşı qeyri-qanuni davranış göstərən şəxslərin bu qanunun verdiyi imkanlardan yararlanıb cəza görməyəcəyidir.  

Mehman Əliyev hesab edir ki, qanunda hər hansı bir şəxsin peşə fəaliyyəti ilə məşğul olan jurnalistə qarşı zor tətbiq edərsə, konkret hansı məsuliyyətləri daşımalı olduğu əks olunmalı idi.

“Orada  jurnalistə qarşı zor işlədiləndə hansı məsuliyyətin nəzərdə tutulduğu yazılmalı idi, həm də bu tədbirlər dərhal həyata keçirilməlidir. Onlar gözləməsinlər ki, kimsə kiməsə nəsə deməlidir, ərizə yazmalıdır – tədbir hadisə barədə məlumat olan kimi görülməlidir. Konstitusiyaya əsasən, hər bir vətəndaşın informasiya əldə etmək, yaymaq hüququ var və bu qanunda bu, gücləndirilməli idi. Hər bir vətəndaş çəkiliş apara, yazı yaza bilər. Burada söhbət vətəndaşların, o cümlədən jurnalistlərin informasiya istehsal etmək hüququnu təmin etmək və qorumaqdan getməli idi”.

Jurnalistlər “Media haqqında” yeni qanunun qəbul edilməsinə qarşı etiraz edir. 28.12.2021/Foto: Meydan TV

Araşdırmaçı jurnalist Xədicə İsmayılova isə cinayət məcəlləsində mövcud olan maddəni xatırladır:

“O maddənin tələbləri bir balaca sərtləşdirilməlidir. Yəni, cəza hissəsi bir balaca sərtləşdirilsə yaxşı olar. Əslində, o maddə tətbiq də olunsa pis olmaz. Çünki biz hər gün belə hallarla rastlaşırıq. Jurnalistlərə öz peşə fəaliyyətini göstərməyə mane olanlar hökumət nümayəndələri, məmurlar, hətta adi adamlar olur bu cəhdləri edirlər və hələ heç kimə qarşı bu maddənin tətbiq olunduğunu eşitməmişik”. 

Ələsgər Məmmədli isə bu qanunun reyestrdən keçə bilməmiş jurnalistlərə  qarşı cinayət törədilərsə, bunun müvafiq qanunla cəza qarşılığının olmayacağını deyir.  

“Onlara olan hücumlar və basqılar da yenə qanunvericilikdə, cinayət məcəlləsində 162-ci maddə var jurnalistin peşə fəaliyyətinə mane olma, deməli əgər o jurnalist hesab olunmayacaqsa, ona qarşı bu tip basqılar üçün də xüsusi cinayət məsuliyyəti gətirən çəkindirici amil də olmayacaq. Yəni, bu baxımdan bir çox aspektdən sərbəst peşə kimi jurnalist fəaliyyəti ilə məşğul olanların işi daha da çətinləşmiş olacaq”. 

Xədicə İsmayılova, öz növbəsində, Cinayət Məcəlləsinin jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə məsuliyyət nəzərdə tutan 163-cü maddəsini xatırladır ki, bu da beş yüz manatdan min manatadək cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır:

“O maddənin tələbləri bir balaca sərtləşdirilməlidir. Yəni, cəza hissəsi bir balaca sərtləşdirilsə, yaxşı olar. Əslində, o maddə tətbiq də olunsa pis olmaz. Çünki biz hər gün belə hallarla rastlaşırıq. Hökumət nümayəndələri, məmurlar, hətta sıravi adamlar jurnalistlərə öz peşə fəaliyyətini göstərməyə mane olmağa cəhd edirlər və hələ heç kimə qarşı bu maddənin tətbiq olunduğunu eşitməmişik”. 

Ələsgər Məmmədli reyestrdən keçə bilməmiş jurnalistlərə qarşı cinayət törədilərsə, bunun yeni qanunla cəza qarşılığının olmayacağını deyir.  

“Əgər şəxs jurnalist hesab olunmayacaqsa, ona qarşı basqılar üçün də xüsusi cinayət məsuliyyəti gətirən çəkindirici amil də olmayacaq. Yəni, bu baxımdan azad jurnalist fəaliyyəti ilə məşğul olanların işi daha da çətinləşmiş olacaq”. 

Ələsgər Məmmədli/ Meydan TV-nin illüstrasiyası

Hüquqşünas deyir ki, layihədə jurnalist tanımı və jurnalist üçün müəyyənləşdirilmiş kriteriyaların yumşaldılması təklifi qəbul olunmayıb:

“Elə olsaydı, əlbəttə ki, hər bir jurnalistin təhlükəsizliyi hüquqi baxımdan qorunmuş olardı”. 

Cənab Məmmədli vurğulayır ki,  reyestrə daxil edilməmiş şəxslər ümumiyyətlə jurnalist hesab olunmayacaqları üçün onlara mane olanlar da cəzalandırılmayacaq: 

 “Əksinə, bu cür maneələri hətta ödülləndirəcəklər ki, siz yaxşı etmisiniz. Çünki o, jurnalist deyil, ona informasiya vermək olmaz. Yaxud da, əlindəkini alıb qırmaq lazımdır. Yəni, praktikada onsuz da biz görürük ki, jurnalistlər inormasiya toplayarkən polis və ya digər inormasiya sahibləri qanunsuz olaraq, heç bir hüquqi əsası olmadığı halda onlardan vəsiqə tələb edir, çəkilişi nə üçün etdiklərini, sorğunu niyə göndərdiklərini soruşmaq kimi yersiz tələblər irəli sürürlər. İndi bu kimi tələbər əlbəttə ki, artacaq”.

Jurnalist Samirə Əhmədbəyli jurnalistlərin reyestrə düşməsi üçün daha bir şərtin – reyestrə qeydiyyata düşmək üçün jurnalistin işlədiyi media qurumunun da reyestrdə ayrıca qeydiyyatdan keçməli olduğunu xatırladır:

“Meydan TV”, “Azadlıq Radiosu”, “Turan” informasiya agentliyi, “Azadlıq” qəzeti kimi azad mediaların reyestdə qeydiyyatdan keçə bilməsi böyük sual altındadır. Bu o deməkdir ki, həmin media subyektlərində çalışan bütün jurnalistlər qanundan kənarda qalacaqlar”.

Samirə Əhmədbəyli bu qanunun tətbiqindən sonra cəzalandırılmış jurnalistləri və eləcə də bu qanundan əvvəl müstəqil mediaya olan münasibəti və baş verənləri xatırladır:

“Yeni qanun tətbiq ediləndən sonra artıq bir neçə jurnalist (Səxavət Məmmədli, Fikrət Fərəməzoğlu və s) müxtəlif maddələrlə cərimə olunublar. Bu qanundan əvvəl də müstəqil jurnalistlər və media orqanları təqiblərə məruz qalırdı. 2000-ci illərdən etibarən mediada reklam bazarı inhisara alınmaqla media orqanlarının maliyyə müstəqilliyi tədricən əlindən alındı. İnformasiya istehsalı ilə pul qazana bilməyən mətbuat orqanları ya sıradan çıxdı, ya da hakimiyyətə satıldı. 2015-ci ildən başlayaraq, ölkədə bir sıra beynəlxalq və yerli QHT-lərə qarşı təqib başladı, çoxunun fəaliyyəti dayandırıldı. Eyni zamanda “Azadlıq Radiosu”, “IWPR”-ın ofisləri bağlandı, “Meydan TV”-yə qarşı cinayət işi qaldırıldı, “Azadlıq Radiosu”, “Meydan TV”, “Azadlıq qəzeti” və sairə orqanların saytlarına ölkə daxilində giriş bloklandı. 2005-ci ildə jurnalist Elmar Hüseynov qətlə yetirildi. Daha sonra Rafiq Tağı və Rasim Əliyevin qətlləri baş verdi. Bir çox jurnalistlər zorakılığa, həbsə məruz qaldı. Bu günlərdə jurnalist Aytən Məmmədovanın boğazına bıçaq dirəndi, övladı ilə hədələndi. Yəni, Azərbaycanda azad sözün hər yolla boğulması prosesi çoxdan başlayıb və belə başa düşürəm ki, hələ uzun müddət də davam edəcək. “Media haqqında” qanun da bu prosesin bir hissəsidir. Jurnalistlərə qarşı hələ çox təqiblərlə üzləşəcəyik”.

Jurnalistlər “Media haqqında” yeni qanunun qəbul edilməsinə qarşı etiraz edir. 28.12.2021/Foto: Meydan TV

Xarici media ilə bağlı vəziyyətin nə yerdə olduğunun mənzərəsini vermək üçün “Media haqqında” yeni və əvvəlki KİV haqqında qanunu müqayisə edən Ələsgər Məmmədli deyir ki, xarici media ilə bağlı onsuz da məhdudlaşdırıcı normalar mövcud olub:

“Xarici media sərbəst yox, yalnız XİN-də akkreditasiyadan keçməklə fəaliyyət göstərə bilir. Bu qanunda da eyni müddəalar qalır və reyestrə XİN-in akkreditə etdiyi jurnalistlər düşə biləcəklər. Azərbaycanda media orqanı təsis etmək istəyənlər üçün tək Azərbaycan vətəndaşı olmaq kifayət etmir, Azərbaycanda yaşama şərti də var. Bundan başqa, xarici mediaların təsisçilikdəki payı 25 faizdən artıq ola bilməz. Xarici jurnalistlərin akkreditasiyası XİN tərəfindən veriləcək, onlar haqqında məlumatlar media agentliyinə təqdim olunacaq, agentlik də həmin media orqanlarına Azərbaycanda dediyim o imtiyazlardan faydalanacaq şəkildə, rahat fəaliyyəti üçün müəyyən şərait yaradacaq”.

Xədicə İsmayılova media orqanlarının xaricdən maliyyələşməsinə məhdudiyyətin reklam bazarında artıq mövcud olan məhdudiyyətlərin fonunda baş verdiyini vurğulayır.

“Maliyyənin yalnız 25 faizi xarici mənbələrdən və donorlardan gələ bilər və bu, ciddi çərçivələr qoyur. Xüsusilə də, Azərbaycanda reklam bazarının əlçatan olmadığı və müstəqil mediayanın üzünə açıq olmadığı nəzərə alındıqda”.

Jurnalist qanunda jurnalistlərin fəaliyyətinə maneə törədəcək digər bir maddəni də absurd adlandırır: 

“Məndə ən çox qıcıq doğuran hissəsi odur ki, hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar barədə yazarkən bunu hüquq-mühafizə orqanlarının özü razılaşdırmaq lazımdır. Dünyada belə bir absurdluq görünməyib. Bunu ilk olaraq Azərbaycanda tətbiq edəcəklər”.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəSosialMussolini dövrünün İtaliyasındakı kimi