Müşfiq Cabbar ev dustaqlığına buraxılmadı

Müşfiq Cabbar. Foto: Fərqanə Novruzova

Müstəntiq onun istintaqa mane olacağını düşünür

“Toplum TV” internet televiziyasının video-redaktoru, 8 aydır həbsdə olan Müşfiq Cabbarın ev dustaqlığına buraxılması üçün vəkili vəsatət vermişdi. Vəsatətə oktyabrın 30-da Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva baxıb.

Qapalı keçirilən məhkəmə iclasında jurnalistin özü də iştirak edib.

“Toplum TV” işi üzrə Bakı Şəhər Baş Polis İdarəsində istintaqı aparan müstəntiq jurnalistin ev dustaqlığına buraxılmasına etiraz edib. Deyib kmi, hələ istintaq davam edir, ekspertizalar keçirilməlidir, sübutlar toplanmalıdır. Bu müddətdə təqsirləndirilən şəxslərdən biri olan Müşfiq Cabbarın azadlıqda qalması istintaqın gedişinə mane ola bilər. Çünki o, şahidlərə təsir göstərə bilər, istintaqdan yayınmaq ehtimalı var və s.

Müşfiq Cabbar və vəkili Nazim Musayev müstəntiqə etiraz edib.

Jurnalist bildirib ki, heç bir cinayət törətmədiyi halda, 8 aydır ki, günahsız olaraq, həbsdə saxlanılır. O, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyib.

Vəkil Nazim Musayev də hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qaçaqmalçılıq ittihamının əsassız olduğunu bildirib. Müdafiəçi Müşfiq Cabbar həbsdə saxlanmadan da istintaqın davam etdirilməsinin mümkünlüyünü məhkəmənin nəzərinə çatdırıb. O, jurnalistin ev dustaqlığına buraxılması haqda vəsatətin təmin olunmasını istəyib.

Lakin Sülhanə Hacıyeva vəsatəti təmin etməyib.

Vəkil Nazim Musayev jurnalistlərə açıqlamasında bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs 8 aydır həbsdə saxlanılır və bu müddət onunla bağlı istintaq üçün yetərli hesab olunmur:

“Hələ bundan sonra ekspertizalar keçiriləcək, sübutlar toplanacaq. Adam 8 aydır həbsdədir axı. Biz müdafiə tərəfi olaraq, istintaqa vəsatətlər vermişik, heç biri təmin olunmayıb. Mötəbər sübutlar ortaya qoyulmadan şəxsin uzun müddət həbsdə saxlanması yolverilməzdir”.

Martın 6-da “Toplum TV” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında Ələsgər Məmmədli, “Toplum TV”-nin video-redaktoru Müşfiq Cabbar, Əli Zeynal, Akif Qurbanov, Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəXəbərlərMüşfiq Cabbar ev dustaqlığına buraxılmadı