Azərbaycan və Rusiya xarici işlər nazirləri iki ölkə arasında son aylarda yaranmış gərginlik fonunda Moskvada görüşüblər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiyaya səfər edib, iyulun 17-də isə rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.
Görüşdən sonra tərəflər Bakı-Moskva münasibətlərinin vəziyyəti, iqtisadi əməkdaşlıq və regional məsələlərlə bağlı açıqlamalar veriblər.
Sergey Lavrov görüşdə əsas diqqəti iki ölkə arasında müttəfiqlik münasibətlərinə yönəldib. O bildirib ki, Moskva və Bakı 2022-ci ildə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam reallaşdırmaq istiqamətində irəliləyirlər.
“Vaxtaşırı müəyyən çətinliklər yaransa da – bu, həyatda qaçılmazdır – biz 2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinin potensialının tam reallaşdırılmasına doğru irəliləyirik”, – Lavrov deyib.
Lavrov görüş zamanı 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin həll olunduğunu bildirib.
“Ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizin işi sayəsində AZAL şirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri tənzimlədik”, – Lavrov deyib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə görüşdə əsas diqqəti iqtisadi əlaqələrə yönəldib. O bildirib ki, dünya iqtisadiyyatındakı problemlərə baxmayaraq, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıqda müsbət dinamika qalır:
“Dünya iqtisadiyyatındakı bütün çətinliklərə baxmayaraq, ümumilikdə ölkələrimiz arasında dinamika müsbətdir”.
Azərbaycanın xarici işlər naziri humanitar sahənin də Bakı-Moskva münasibətlərində mühüm istiqamətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan regional və beynəlxalq gündəlikdə qarşılıqlı maraq doğuran məsələlər üzrə Rusiya ilə dialoqu davam etdirməyə hazırdır.
Yeri gəlmişkən, Bayramovun Moskva səfərindən bir neçə gün əvvəl Kremlin Azərbaycanın Ukrayna ilə bağlı mövqeyinə reaksiyası olmuşdu.
Belə ki, Prezident İlham Əliyev iyulun 13-də Şuşa Beynəlxalq Media Forumunda çıxışı zamanı Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib. Kremlin sözçüsü Dmitri Peskov isə Azərbaycanın bu mövqeyini “yanlış” adlandırıb.
“Bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik”, – deyə Peskov bildirib.
Azərbaycan–Rusiya münasibətlərində gərginliklər
Azərbaycanla Rusiya arasında siyasi münasibətlər 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından (38 nəfərin həlak olması) sonra gərginləşib. Bakı təyyarənin Rusiya səmasında kənar müdaxilə ilə zədələndiyini bildirərək şəffaf araşdırma tələb etsə də, Moskva ilkin mərhələdə məsuliyyəti üzərinə götürməkdən yayınıb.
Bu gərginlik 2025-ci ilin iyununda Yekaterinburqda azərbaycanlıların zorakılıqla saxlanılması, cavab olaraq Bakıda “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilərək əməkdaşların həbs edilməsi və Rusiyada bəzi diaspor rəhbərlərinin vətəndaşlıqdan çıxarılaraq deportasiya olunması, həmçinin də həbsi ilə daha da dərinləşib.
2026-cı ilin aprelində Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və Qəbələdə Prezident İlham Əliyevlə müdafiə sahəsində əməkdaşlıq razılaşması əldə etməsi fonunda tərəflər arasındakı gərginlik yeni mərhələyə qədəm qoyub.
İyulun 5-də SOCAR-ın Ukraynanın Nikolayev vilayətindəki obyektinə dron zərbəsi endirilib. Ardınca Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov Azərbaycan XİN-ə çağırılıb və nota təqdim olunub.
Ekspertlər SOCAR-a edilən bu hücumları Rusiyanın Bakıya yönəlmiş birbaşa iqtisadi-siyasi xəbərdarlığı və enerji əməkdaşlığına zərbəsi kimi qiymətləndirirlər.
İyulun 7-də isə NATO Sammitində Zelenski Azərbaycana hərbi əməkdaşlığa görə rəsmən təşəkkür edib və elə həmin gün Rusiyada növbəti Azərbaycan diaspor rəhbərinin vətəndaşlığı ləğv olunub.