Moldova polisi sentyabrın 8-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) üçün məlumat toplamaqda şübhəli bilinən 49 yaşlı Azərbaycan vətəndaşını saxladığını açıqlayıb.
OC Media yazır ki, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, adı açıqlanmayan şəxs ölkənin paytaxtı Kişinyovda saxlanılıb. O, “ölkədəki hərbi obyektlər, eləcə də Moldova Respublikasında yerləşən ABŞ obyektləri haqqında” məlumat toplamaqda şübhəli bilinir. Dövlət xəbər agentliyi Moldpress-in məlumatına əsasən, həmin şəxs “guya 2026-cı ilin avqustunda işə cəlb olunub və müstəntiqlərin qənaətinə görə, Moldova və Ukraynada təxribat aktları törətmək üçün hazırlanırmış”.
Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Moskva ilə münasibətləri pisləşən Moldovada ehtimal olunan Rusiya casusluğu və müdaxiləsi ilə bağlı son hadisədir. Bu ilin martında məhkəmə işi çərçivəsində Rusiyaya bağlı böyük bir şəbəkənin Moldova və digər Avropa ölkələrində sabitliyi pozmağa yönəlmiş planlar üçün şəxsləri cəlb etmək və onlara təlim keçmək məqsədilə istifadə edildiyi iddia olunmuşdu. Moskva bundan əvvəl də müdaxilə ilə bağlı ittihamları rədd edib.
Polisin bildirdiyinə görə, Azərbaycan vətəndaşının yaşadığı ünvanda aparılan axtarış zamanı mobil telefon müsadirə edilib. Telefonda özünü FSB əməkdaşı kimi təqdim etdiyi iddia olunan şəxslə əlaqələri göstərən məlumatlar aşkarlanıb. Hakimiyyət orqanlarının yaydığı videoda polis əməkdaşlarının şübhəlini avtomobildən zorla çıxararaq Kişinyov küçələrindən birində həbs etməsi əks olunub.
Həbs xəbəri FSB-nin yüksək rütbəli Rusiya hərbçisinə sui-qəsd cəhdində şübhəli bilinən bir Moldova vətəndaşını saxladığını bildirməsindən bir neçə saat sonra yayılıb. Rusiya hakimiyyətinin məlumatına görə, 21 yaşlı şəxs Ukrayna tərəfindən cəlb olunub və adı açıqlanmayan zabitə ən azı altı dəfə atəş açıb. Həmin zabit hazırda xəstəxanada müalicə olunur.
Moldova polisi adı açıqlanmayan Azərbaycan vətəndaşına qarşı məlumatların icazəsiz toplanması ittihamı irəli sürüb. Günahı sübuta yetirilərsə, onu beş ilədək həbs cəzası gözləyir. İstintaq davam edir.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.