Mirhafiz Cəfərzadənin qardaşı: “Dövlətə xəyanətdə ittiham olunan şəxsi unudub məhkəməsinə gətirməyiblər”

Məhkəmə. Foto: Meydan TV

Təqsirləndirilən şəxsin yaxınları məhkəmə süründürməçiliyindən narazıdır

Dövlətə xəyanət ittihamıyla həbsdə olan Mirhafiz Cəfərzadənin yaxınları məhkəmə süründürməçiliyindən şikayətlənir. Deyirlər ki, onu cəmiyyətə “vətən xaini” kimi təqdim edərək həbs eləsələr də, məhkəməsini keçirib, ortaya mötəbər sübutlar qoyulmur. Əksinə, məhkəmə iclasları hər dəfə təyin olunsa da, keçirilmir, təxirə salınır.

Bu barədə Meydan TV-yə Mirhafiz Cəfərzadənin qardaşı Seyidəli Cəfərov danışıb.

Mirhafiz Cəfərzadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Qardaşı deyir ki, onun işi üzrə indiyədək 4 dəfə məhkəmə iclası təyin edilib. Yalnız bir dəfə keçirilib:

“Birinci dəfə məhkəmə çağırılıb, vaxtı dəyişilib. İkinci dəfə məlum olub ki, dövlətə xəyanətdə ittiham olunan dustağı yaddan çıxarıb gətirməyiblər. Üçüncü dəfə 15 dəqiqə tanışlıq olub. 4-cü dəfə yenə də deyiblər ki, konvoy dustağı gətirməyib. Bizi narahat edən insana, işə, prosesə bu yanaşmadır”.

Seyidəli Cəfərov deyir ki, qardaşının təqsirsiz olduğuna əmindir. O hesab edir ki, qardaşı Azərbaycanla İran arasındakı gərginləşən münasibətlərin qurbanıdır.

“Dövlətə xəyanət çox ağır ittihamdır, bunun üçün mötəbər, qanuni sübutlar olmalıdır. Görünən vəziyyət budur ki, nə qanuni, hüquqi sübutları var, nə də buraxa bilirlər. Yalan deyiblər, xalqa göstəriblər, indi də gərək əksini desinlər. Vətən xaini kimi təqdim ediblər, ortada da ciddi nəsə yox. Bu qədər haqsızlıq olar? Süni şəkildə uzadırlar. Amma nəzərə almaq lazımdır ki, bu, insan həyatıdır. Onun ailəsi, övladı var”.

Qardaşı yada salır ki, Mirhafiz Cəfərzadə Rusiya vətəndaşıdır. O, hələ həbs olunmamışdan öncə təxminən bir il ölkədən çıxışına qadağa qoyulmuşdu:

“Qardaşımın ailəsi, 14 yaşlı qızı, işi-gücü var Rusiyada. Özü də Rusiyaya gedəndə saxlamışdılar. Ondan sonra aparıb dindirmişdilər, amma ölkədən buraxmamışdılar. Özü də bezib demişdi ki, “ya məni tutun, ya da buraxın, ailəm, işim qalıb”. Axırda da gəlib belə elədilər”.

Seyidəli Cəfərov əlavə edib ki, qardaşının səhhətində problemlər var. O, hələ həbsindən öncə astma xəstəliyindən əziyyət çəkirdi:

“Eyni zamanda, güclü allergiyası var. Rusiyada da buna görə qeydiyyatda idi”.

Mirhafiz Cəfərzadənin işi üzrə növbəti məhkəmə iclası sentyabrın 5-nə təyin edilib.

Mirhafiz Cəfərzadə 2022-ci ilin noyabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) onun həbsinin səbəbilə bağlı yaydığı rəsmi açıqlamada iddia olunur ki, Mirhafiz Cəfərzadə Azərbaycanda hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirərək, onların lokasiyasını və digər məlumatları İrana göndərib. İttihama əsasən, o, bu işi 2018-ci ildən beynəlxalq axtarışda olan və hazırda İranda gizlənən Orxan Məmmədovun tapşırıqları əsasında görüb. Tapşırıqlar da Azərbaycanın təhlükəsizliyi, müdafiəsi əleyhinə olub. Ümumiyyətlə, Orxan Məmmədovun İran xüsusi xidmət orqanlarının nəzarəti altında törədilən cinayətlərlə əlaqədar axtarışda olduğu da açıqlamada vurğulanır.

Rəsmi açıqlamaya Mirhafiz Cəfərzadənin özünün görüntüləri də əlavə edilib və orada o bildirir ki, Orxan Məmmədovla sosial şəbəkələr üzərindən əlaqə saxlayıb, həmin şəxs bir dəfə onu İrana dəvət edib:

“Məndən Lənkəranda hərbi baza barədə soruşub. Ona yerini göndərmişəm”.

Lakin Mirhafiz Cəfərzadənin yaxınları yayılan görüntülərin montaj olunduğunu iddia edir.

Ana səhifəXəbərlərMirhafiz Cəfərzadənin qardaşı: “Dövlətə xəyanətdə ittiham olunan şəxsi unudub məhkəməsinə gətirməyiblər”