“Mimino” filmindəki Valiko – Vaxtanq Kikabidze vəfat edib

Vaxtanq Kikabidze. Fotonu Meydan TV hazırladı

Tanınmış aktyor həm də deputat idi

Yanvarın 15-də gürcü kinoaktyoru, estrada müğənnisi, ssenarist, kinorejissor, bəstəkar, hazırkı parlamentin deputatı Vaxtanq Kikabidze vəfat edib.

Bu barədə Gürcüstan mediası məlumat yayıb.

84 yaşlı Vaxtanq Kikabidze 1938-ci ildə Tbilisi şəhərində anadan olub.

O, 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və həmçinin aktyorluq və müğənnilik karyerasını davam etdirib.

Vaxtanq Kikabidze bir sıra filmlərdə çəkilsə də, 1977-ci ildə Georgi Daneliyanın rejissoru olduğu “Mimino” filmindəki Valiko Mizandari rolu ilə tanınıb.

Filmə görə V.Kikabidze SSRİ Dövlət Mükafatına layiq görülüb. V.Kikabidze Gürcüstanın xalq, Ukraynanın isə əməkdar artisti adına layiq görülüb.

V.Kikabidze 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra Moskvanın “Dostluq” ordenindən  imtina edib. Bundan əlavə, o Moskvadakı yubiley konsertlərini ləğv edərək, rus xalqına hörmət etdiyini, lakin Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatları səbəbindən mükafatları qəbul edə və konsertlər verə bilməyəcəyini bildirdi.

2020-ci il parlament seçkilərində o, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasının siyahısına rəhbərlik edib, seçkilərin nəticələrinə görə Gürcüstan parlamentinin deputatı seçilib.

2022-ci ilin fevralında V.Kikabidze Rusiyanın Ukraynaya təcavüzünü pisləyib.

Ana səhifəMədəniyyət“Mimino” filmindəki Valiko – Vaxtanq Kikabidze vəfat edib