Milli şüuraltımızda allah və şeytan nələrin prototipidir?

Arvad şeytana papış tikər – Göydə allah, evdə ər…

Source:

Universuma, olanlara, insanlararası münasibətlərə “yaxşı-pis”, “biz və başqaları”, “haqlı-haqsız” kimi dilemmatik mövqelərdən yanaşmaq teorik olaraq çoxdan dəbdən düşsə də, xalqımız belə dualist bölgü və ölçülərə hələ ki, sadiqdir.

Belə bölgü və ölçülərin tətbiq sahələrindən biri də qadın və kişi anlayışlarına verilən mənalardır.

Digər türk dilləri kimi Azərbaycan dilinin sistemi də cinsiyyətçi deyildir. Yəni biz, məsələn almanlar, yaxud ruslar kimi, əşyaları qadın, kişi və orta cinsə bölmürük. Hətta bir az dərinə getsək görürük ki, Hind dillərindən olan sirmouri dilində böyük həcmli predmet və canlılar kişi, kiçik həcmdə olanlar isə qadın cinsində hesab edilir. Yeni Qvineyada alambik dilində isə uzun, sivri və böyük ölçülü əşya və canlılar (məsələn, timsah, ox, ilan) kişi cinsində; qısa, yumru və kiçik ölçülü əşya və canlılar isə (məsələn, qurbağa, qalxan, tısbağa) qadın cinsində adlandırılır.

Qeyd etdiyim kimi bizim dildə əşyalar, predmetlər cinsiyyətsizdir. Amma əvəzində elə anlayışlar var ki, şüurumuzda qadını, elə anlayışlar var ki, kişini assosiasiya edir. Məsələn, qəhrəmanlıq, mərdlik, mübarizə, iradə, azadlıq və s. kimi anlayışlar kişini göz önünə gətirdiyi kimi, bər-bəzək, makiyaj, zəiflik, namus, qorxaqlıq və s. kimi anlayışlar isə qadını göz önünə gətirir.

Qadın-arvad və kişi-ər anlayışı hansısa ontoloji funksiya daşımaqdan çox, etik funksiya daşıyır. Diqqət etsək, az qala bütün xeyir dolu əxlaqi və fəzilətli anlayışlar kişi kəlməsinin (mərdlik, sözübütövlük, dürüstlük, aktivlik, fəallıq, təşəbbüskarlıq, qətiyyət, düzgünlük, etibarlılıq, birsifətlilik, kamillik) onların əksi isə qadın kəlməsinin (namərdlik, passivlik, qətiyyətsizlik, yalan, ikiüzlülük, yarımçıqlıq, qorxaqlıq, zəiflik, şər, etibarsızlıq) məzmununa yerləşdirilib. Biri allaha bənzər, o biri isə şeytana bənzər duruma gətirilib. Birini öyərkən “kişi”, söyərkən “arvad” deyilməsi təsadüfi deyil.

Milli düşüncəni, yaxud mentaliteti güzgü kimi əks etdirən ən yaxşı vasitələrdən biri də atalar sözləridir. Yeri gəlmişkən, bu deyimlərin zaman-zaman həm kişilər, həm də qadınlar tərəfindən yaradılması şəksizdir, amma onlara, məsələn, analar sözü deyil, məhz atalar sözü deyilməsi, “ibrətamiz deyimləri ancaq kişilər deyə bilər, qadının buna zəkası çatmaz” mesajını verir.


Qadının şeytanlaşdırılması


Beləlliklə atalar sözlərimizdə və deyimlərimizdə qadın, daha doğrusu, el ağzıyla desək arvad necə təqdim olunur:

Arvad şeytana papış tikər.

Arvad kişini yoldan çıxardar.

Arvad yıxan evi şeytan da yıxa bilməz.

Arvada qulaq as, tərsinə elə.

İş ki düşdü arvada, ölən gününü sal yada.

Ərsiz arvad, yüyənsiz at.

Arvad evinə girənin qapısı açıq olar.

Arvadın saçı uzun olar, ağlı qısa.

Arvadın ağlı topuğunda olar.

Gəzəyən arvadın topuğuna daş dəyər.

Dedilər göydə toydu, arvadlar nərdivan axtardılar.

Arvadı əri saxlar, pendiri dəri saxlar.

Arvad ilə at igidin baxtına.

Arvad malı başa toxmaq kimi dəyər.

Arvad malı alçaq qapı kimidir, girəndə də başına dəyəcək, çıxanda da.

Kişi çaydı, arvad göldü.

Arvad tutan yolun axırı yoxuşa qalxar.

Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.

Arvadı bəd olanın saqqalı tez ağarar.

Arvadın deyingəni kişini tez qocaldar.

Arvad şeytana papışı tərs geyindirər.

Arvaddan başçı olmaz.

Arvada etibar yoxdur.

Arvad kişi işinə qarışmaz.

Arvadın arvad yeri var, kişinin kişi.

Arvadın arvad işi var, kişinin kişi.

Arvad-arvad danışır.

Arvad kimi gözünün midiyini axıdır.

Arvad nədir, kişiyə cavab qaytardı nədir.

Arvada arvad deyiblər, kişiyə kişi.

Arvad kimi ev işi görür.

Arvad kimi qorxaqdı.

Salıb arvaddığına.

Arvad kimi əzilib-büzülür.

Arvad kimi sözündən qaçandır.

Arvad kimi tor qurur.

Arvad kimi minsifətlidir.

Arvad ağlıynan oturub durur.

Arvaddan qorxan kişidir.

Arvad kimi gəvəzədir.

Arvad kimi etibarsızdır.

Arvadağız kişidir.

Arvad kimi namərddir.

Arvad kimi daldada danışandır.

Arvad kimi çörəyi dizinin üstündədir.

Arvad kimi nankordur.

Arvad kimi uşaq saxlayır.

Arvad kimi bəzənib.

Əlinin xamırıynan kişi işinə qarışma.

Arvadsifətdir.

Arvad kişidən qorxsa yaxşıdır.

Arvad kimi kişidir.

Arvadınn hülqumu olmaz.

Kişi olan yerdə arvad danışmaz.

Arvad kişiyə cavab qaytarmaz.

Arvada sirr verməzlər.

Arvad kimi qeybət qırır.


Kişinin allahlaşdırılması


Göydə allah, evdə ər.

Kişi evin ağasıdır.

Kişi yuxarı başda oturar.

Kişinin sözü bir olar.

Kişinin qabağına kişi çıxar.

Yüz arvad bir kişinin yerini verməz.

Kişiyə qulluq eliyərlər.

Kişi dedi, qurtardı.

Kişi arvada ağız verməz.

Kişi arvadın namusunu qoruyar.

Kişi arvada etibar eləməz.

Kişinin hülqumu olar.

Kişiyə hər şey olar.

Kişi yalan danışmaz.

Kişi mərd olar.

Kişi qorxmaz.

Kişi ağlamaz.

Kişi qaz vurar, qazan doldurar.

Kişi arvadı söyər də, döyər də.

Kişi ev işi görməz.

Kişi pinti olar.

Kişi kobud olar.

Kişi gəzər. (Xəyanət edər.)

Kişi arvadı tək buraxmaz.

Kişi arvad puluynan dolanmaz.

Kişidən tər iyi gələr.

Kişi özünə çay tökməz.

Kişi arvada baş qoşmaz.

Kişi qabağına kişi çıxar.

Kişi meymundan bir az qəşəng olsa yetər.

Kişi kimi arvaddı.

Kişi kimi dediyini elədi.

Kişi kimi pul qazanır.

Kişi gördüyünü deməz.

Kişisən, çıx qabağa.

Kişi içəri girəndə arvad ayağa durar.

Kişidi də…

Kişidi bu.

Adam kişi olar.

Şərhə ehtiyac var, amma yer yoxdur deyə bu yazını burada bitirirəm.

Ana səhifəMənim FikrimcəMilli şüuraltımızda allah və şeytan nələrin prototipidir?