Milli məqsəd

Azərbaycan. Foto: GR.Stocks/shutterstock

Zərdüşt Əlizadə

Bəzi ağzıgöyçəklər milli sərvətin ədalətli bölünməsini milli məqsəd sayır…

Yetkin, ağlı başında olan insan və cəmiyyət öz həyatı üçün hansısa bir məqsəd, amal seçir.
 Kimsə yüksək vəzifə və yağlı tikə şövqü ilə daim qovrulur, yuxarı, daha yuxarı can atır. Kimsə daha təvazökar amal naminə yaşayır, məsələn, ev-eşik, oğul-uşaq sahibi olmaq istəyir. Bir azərbaycanlı var, dünyada hündürlüyü 8 min metrdən yuxarı olan azı 10 dağ zirvəsinə dırmaşıb oraya Azərbaycan bayrağını sancıb və bununla xoşbəxtdir, elə azərbaycanlı var xalqın milyardlarla pulunu oğurlayıb və hələ də gözü doymur.

Sözümün canı odur ki, alma almaya bənzəyər, insan insana bənzəməz. Hər bir kəs özünə həyat amalı seçməkdə azaddır. Fəqət milli məqsəd seçimində bir insanın istək və iradəsi kifayət etmir, gərək millətin əksəriyyəti oxşar tərzdə düşünüb eyni məqsədi seçsin.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Keçən əsrin 20-ci və 30-cu illərində alman xalqı faşizmə pənah aparmışdı, lakin bunun səbəbkarı yalnız Adolf Hitler və onun yoldaşları deyildi, alman xalqının əksəriyyəti ədalətsiz Versal sülh müqaviləsinin alçaldıcı şərtlərindən qəzəblənərək qisas almaq, “böyük rayx” qurmaq yolunu seçmişdi. Nəticə bəlli.

Sovet Rusiyasının milli məqsədi bütün dünya proletarlarını birləşdirib Yer kürəsində cənnətə bənzər xoşbəxt bir cəmiyyət qurmaq idi. Bunu yalnız Lenin-Stalin və yoldaşları deyil, xalqın əksəriyyəti özünə amal seçmişdi. Keçən əsrin 20-ci illərində bolşevik partiyasının özək iclaslarında gündəlik adətən belə olurdu:

1.Taxıl tədarükü tapşırıqlarının yerinə yetirilməsinin vəziyyəti.

2.Dünya inqilabının növbəti vəzifələri”. Həmin milli məqsədin də nəticəsi bəlli.

Erməni xalqının milli məqsədi Böyük Ermənistanı bərpa etmək, bunun naminə əvvəl Qarabağı, sonra Naxçıvanı, sonra Qərbi Ermənistanı geri almaq idi. Yaxşı başlamışdılar, fəqət sonra nə isə anlaşılmaz bir nasazlıq baş verdi və bu gözəl və ülvi məqsədin icra nəqşəsi pozuldu. Nəticə hamıya bəlli.

Amerikan xalqının milli amalı hər insana xüsusi ev, avtomobil və bank hesabı təmin etməkdir. Etiraf etmək lazımdır ki, digər xalqların milli məqsədləri ilə müqayisədə bu məqsəd çox humanist və cazibədar görünür və bu səbəbdən dünyada ABŞ-a rəğbət bəsləyənlərin sayı digər dövlətlərə rəğbət bəsləyənlərin sayından dəfələrlə çoxdur. Lakin onu da etiraf edək ki, amerikan vətəndaşlarının xeyli hissəsinin bu milli məqsədə artıq çatmasına baxmayaraq, bu sahədə xeyli görülməmiş işlər durur, bu səbəbdən ABŞ-da indi hədsiz gur təlatüm müşahidə edilir. Allah axırını xeyirli eləsin.

Kimsə deyir ki, gəlsənə milli məqsəd kimi demokratik və azad cəmiyyət quruculuğunu seçək. Burada həmin qızmış baş sahiblərinə millətimizin dünənə qədər qurduğu “kommunizm”i xatırladıb onların köpünü alırlar.

Gürcü xalqının milli məqsədi, mən bilən, əgər yanılmıramsa, keflə yaşamaq, yaratmaq, ləziz xörəklər yemək, dadlı şərab içmək, gözəl mahnılar oxumaq və kilsəyə gedib ibadət etməkdir. Onlar inadla bu milli məqsədə doğru irəliləyirlər, arada bir-birləri ilə çəkişməyi də unutmurlar.

Yəhudi xalqının milli məqsədi varlanmaq, öz yəhudi kimliyini qorumaq üçün aramsız Tövrat oxumaq, Böyük İsrail dövlətini qurmaq, bunun üçün ilk addım kimi bütün ərəbləri Fələstindən köçürüb dünya yəhudilərini ora toplamaqdır. Hələlik bu istiqamətdə, dünyanın çığır-bağırına, ərəblərin ahu-naləsinə rəğmən, inadla irəliləyirlər.

Ərəb xalqlarının əksəriyyətinin milli məqsədi bir tikə ruzu tapmaq, evlənib oğul-uşaq sahibi olmaq, namaz qılmaq, oruc tutmaq, həccə gedib savaba batmaq və Fələstin torpaqlarını sionistlərdən geri almaqdır. Diqqətlə baxıb başqa məqsəd tapana məbləği hələlik bilinməyən mükafat düşür.

Ə bə Azərbaycan xalqının milli məqsədi nədir? Dünənə qədər bu məqsəd bilinirdi: Qarabağı erməni işğalından azad etmək xalqın ən əziz, bir nömrəli arzusu idi. Xub, Qarabağ azad edildi. Sonra?

Təbii ki, köçkünlərin yurduna-obasına qayıdışı məqsəd sayıla bilər. Qayıtmış əhalinin işlə təminatı milli məqsəd sayıla bilərmi? Bilər, lakin çox çətin, əlçatmaz məqsəd sayılacaq, zira bu “iş yerləri ilə təmin etmək” nağılını artıq 30 ildir hakimiyyətdən eşidirik, gözgörəsi nəticə yoxdur. Bu nağılın çin olması üçün gərək hakimiyyət zəhmət çəkib millətin yağır olmuş belindən düşsün, lakin bu təklifi verən, deyərdim ki, “erməni”dir, milli müqəddəsata əl uzadır.
Bəzi ağzıgöyçəklər milli sərvətin ədalətli bölünməsini milli məqsəd sayır. Mənə burada “ayıb olsun sizə” demək qalır. Böylə səfeh, milli mentalitetlə uzlaşmayan çiy təklifi hətta bişmiş toyuq yuxusunda belə görə bilməz.

Kimsə deyir ki, gəlsənə milli məqsəd kimi demokratik və azad cəmiyyət quruculuğunu seçək. Burada həmin qızmış baş sahiblərinə millətimizin dünənə qədər qurduğu “kommunizm”i xatırladıb onların köpünü alırlar.

Kimsə deyir ki, Turan, yəni türk xalqlarının birliyini   quraq. Əhli-hal sahibləri deyir ki, bu nəcib məsələdə növbə tutmaq lazımdır, növbədə bizdən əvvəl ərəb xalqlarının birliyini quranlar durub, onlardan də əvvəl slavyan xalqlarının birliyini quranlar dayanıb, növbədə onlardan da əvvəl duranlar tarixən o qədər uzaqdırlar ki, kimlikləri bilinmir. Amma çoxdurlar, zira bəşər tarixi xam xəyalla yaşayanları çox görüb.

Kimsə deyir ki, özünüzə əziyyət verməyin, milli məqsədi millətə çoxdan agah ediblər. Gəlsənə adam balası kimi yaşayaq, sərvət və hakimiyyət naminə boğuşmayaq, bir-birimizin payını əlimizdən qapmayaq,  qonşuya badalaq gəlməyək, baxaq möhtərəm babalarımızın nəsihət və vəsiyyətlərinə, oxuyaq görək xalqımıza Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyirbəy Hacıbəyov, Cəfər Cabbarlı , Səməd Vurğun, Çingiz Hüseynov nə deyib…

Cəmiyyətdən cəmi iki söz eşidirik: “Get hoppan”.

Ana səhifəMənim FikrimcəMilli məqsəd