Zərdüşt Əlizadə
Heç nəyi vecinizə almayın, hamının axırı eynidir
Qarabağlılar tədricən yurdlarına qayıdır. Qarabağın azarkeşi olan qeyri-qarabağlılar 30 illik yağı əsirliyindən qurtulmuş “vətənin dilbər güşəsi”nə baş çəkib həmvətənlərimizin “Qayıdış” səadətinə şərik olmaq istəyirlər. Sevinmək üçün kifayət qədər əsas var: rahat yollar, körpülər, tunellər, təzə ictimai təyinatlı və yaşayış evləri…
Di gəl ki, bu gözəl “Qayıdış”ın öz eybi var. Hansı ki, bizim ümummilli eybin yerli təzahürü sayıla bilər. O da ibarətdir bu “Qayıdış”ın icad və icra edilməsi zamanı geniş müzakirənin yaddan çıxmasından.
Yaddan çıxmaq deyəndə, günaha batmış olarıq, zira bizim məmləkətdə rəiyyətlə məsləhətləşmək heç bir padşahın ağlına gəlməyib. Hətta rəiyyətə yaxınlığı iddia edilən müasir “Yusif Sərrac” Kələkiyə əkiləndə belində hakimiyyətə gəldiyi AXC ilə heç bir məsləhət etmədi, qalsın ki, halalca hakimiyyəti dədəsindən almış indiki padşaha. Odur ki, məsləhət söhbətini edəndə, əstəğfiru-l-lah, heç bir istək-təmənnamız yoxdur, elə-belə gap edirik. Necə deyərlər, “sözdür də, deyirik”.
Müxtəsər, hökumət nəqşəsi ilə inşa edilən Qarabağ kəndlərində kəndli gərək heyvan saxlamasın. Niyə? Hüzurunuza ərz edim ki, ot yeyən faydalı ev heyvanı təbii ki, təzək istehsal edir, özü də, bizi bağışlayın, dünyada elə inək, öküz və qoyun yoxdur ki, müasir tualetdən istifadə edə bilsin. Necə deyərlər, harada tutdu, orada da mədəsini boşaldır. Sadə dillə desək, müasir kəndin asfaltlı-tametli küçəsini öz təzəyi ilə bulaya bilər. Bu zamansa, Allah eləməsin, hansısa xarici qonaq bunu görə və qüsursuz Azərbaycan barəsində qüsursuz təsəvvürünə qara xal düşə bilər. Belə arzuedilməz hadisənin qarşısını almaq üçün “Qayıdış” nəqşəsi yeni tikilən kəndlərimizdə hər kəndli evinin yanında tövlə nəzərdə tutmayıb.
Tutmayıbsa, heyvan saxlamayan kəndli südü-qatığı-yağı haradan almalıdır? Supermarketdən. Dükan sözü dəxi yoxdur, boşlayın bu kif iyi gələn köhnəliyi! Supermarket necə də dilimizə yatan gözəl sözdür! Hiss olunur ki, bu sözü icad edənin ulu babası türk olub.
Kəndlini heyvan saxlamaq mərəzindən xilas etmək ənənəsinin banizi bizim məkanda Nikita Sergeyeviç Xruşşov olmuşdur. Amma o bu tədbiri tövlələri sökmək və ya tikməmək yolu ilə deyil, fərdi təsərrüfatlarda saxlanan ev heyvanlarına yüksək vergi tətbiq etmək yolu ilə həyata keçirmişdi. Lap elə bil bizim indiki hakimiyyətin yüksək cərimələr tətbiqi kimi, insanları nədənsə uzaqlaşdırmaq istəyirsənsə, yüksək vergi və ya cərimə tətbiq et. Bəli, onda yüksək vergidən yaxa qurtarmaq istəyən kəndlilər ev heyvanlarını dəyər-dəyməzinə satdılar, sata bilmədiklərini kəsib yedilər. Hətta o zaman vaxtilə əhliləşdirilmiş eşşəklər başsız çöllərə buraxıldıqlarından tədricən vəhşiləşib gura çevrilməyə başlamışdılar. Bir neçə aydan sonra SSRİ-də ərzaq qıtlığı başladı. Sonrası məlum, əziz Nikita Sergeyeviçi “volyuntarizm” ittihamı ilə təqaüdə göndərdilər.
Mən demirəm ki, bizim hakimiyyəti rəiyyət, Allah eləməsin, təqaüdə göndərə bilər. Əsla yox, bizim rəiyyət belə hünər sahibi deyil. Bizim rəiyyət dözüm sahəsində dünya çempionudur. Dözəcək! Pul tapıb gedəcək supermarketə.
Di gəl ki, Qarabağda tikilən kənd evləri bir-birinə o qədər yaxın tikilib ki, elə bil azad edilmiş ərazidə yer qəhətdir. İç içə, evlər dürtülüb böyür böyürə, sanki
Londonun və ya Vaşinqtonun küçələridir. Niyə?
Niyənin çox fərziyyəsi var, ən ağlabatanı odur ki, kəndi tikmək üçün dövlət sifarişini qazanmış sahibkar kommunikasiya xərclərini azaltmaq məqsədilə boruların və naqillərin uzunluğunu azaltmağa çalışıb və buna görə evləri yaxın tikib.
Ha indi istəyirsiniz gülün, istəyirsiniz, ağlayın, evlər artıq tikilib, kəndlər artıq salınıb, deməyin xeyri yoxdur, çünki bizdə donu biçəndə də, kəsəndə də, tikəndə də, heç kəs heç vaxt rəiyyətlə məsləhətləşmir. Sabir demişkən, “fəhlə, sən də özünü bir insanmı sayırsan”? Və ya, “ayə, əkinçi”… Ağanın sizə verdiyi donun genişliyinə və ya darlığına baxmaq azı ədəbsizlikdir və milli mentalitetə uyğun deyil.
Millətin donunun darlığı hər addımda özünü göstərir. Paytaxtda hədsiz tıxacdır, maşın maşına dirənib tərpənə bilmir. Sıravi rəiyyət deyinir, sıravi olmayan bəndə acı-acı gülür. Bəndə niyə gülür? Çünki bu tıxacların labüd olacağını 25-30 il bundan əqdəm görüb demişdi. Hələ müftə neft pulları sel kimi gəlib əyan-əşrəfin və onların naib-nökərinin ciblərinə dolmamışdan bu biçarə və bədbəxt bəndə yazıb demişdi ki, ölkənin idarəsini ifrat təmərküzləşdirməyin, bütün maliyyə qaynaqlarını paytaxtda cəmləsəniz, pul istəyən əhali buraya axışacaq, paytaxtda məskən salacaq, ev və maşın alacaq, sonra isə bu qədər əhali üçün nəzərdə tutulmamış şəhərdə ifrat sıxlıq, küçələrdə tıxac yaranacaq.
İllah ki, nəqliyyat sahəsini bu işdən əsla başı çıxmayan, fəqət ali və ülya-həzrətə sadiq yaxınlara və doğmalara tapşıranda, ucaldılmış yol körpüsünün üstü boş, altı tıxac olur, yağış yağanda qədeşlər batıb boğulur, camaat da İspaniyada leysan vaxtı həlak olan 200 insanın tələfatına məhəl qoymadan həmin iki qədeşin faciəsindən ağız dolusu qeybət edir.
Bütün bunlar millətin zindəganlığının xoş əlamətləridir. Əvvəla, ona görə ki, sübut edir, millət sağdır və dünyanı milli qüsurlarla doldurmaqda amadədir, ikinci, ona görə ki, dünya dağılsa da, bu rəiyyət dəyişən deyil. Qaya kimidir, heç kim, lap Fərhad olsa belə, onu çapa, dağıda bilməz.
Bu münasibətlə hamını sidqi-ürəkdən təbrik edirəm. Heç nəyi vecinizə almayın, hamının axırı eynidir.