Aprelin 3-də hökumətyönlü mediada Nizami Kino Mərkəzinin divarına qraffiti çəkdiyi iddia olunan dörd şəxsin saxlanılması barədə məlumatlar yayıldı.
Xəbərlərdə üçü yeniyetmə olmaqla dörd nəfərin kinoteatrın divarına müxtəlif təsvirlər çəkdiyi və ifadələr yazdığı qeyd olunurdu. Hadisə ictimaiyyətə ölkə əhəmiyyətli memarlıq abidəsinə qarşı qəsdən müdaxilə kimi təqdim edildi. Proses ciddi hüquq pozuntuları ilə müşayiət olundu, saxlanılan yeniyetmələrin üzləri və ailə üzvlərinin şəxsi məlumatları mediaya sızdırıldı.
Bir sıra media orqanları təqsirsizlik prezumpsiyasını pozaraq həmin şəxsləri “cinayətkar”, çəkilən təsvirləri isə “vandallıq” adlandırdı. Rəsmilər, deputatlar və hökumətə yaxın vətəndaş cəmiyyəti nümayəndələri iddia edilən hadisəni pisləyən açıqlamalar verdilər. Bundan sonra məsələ cinayət müstəvisinə keçdi. Hadisə ilə bağlı əslən iranlı olan Belarus vətəndaşı, 20 yaşlı tələbə Ardeshir Seyfpour Saad Abadi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. Rəsmi qurumlar cinayət işinin konkret hansı maddə ilə başlanması barədə məlumat vermədilər.
Tələbənin kimliyi və şübhəli məqamlar
Hökumətyönlü media 4 ay müddətinə həbs edilən Ardeshir Seyfpour-un Azərbaycana yalnız 2024-cü ildə təhsil üçün gəldiyini iddia edirdi. OC Media 20 yaşlı tələbənin “Linkedin” hesabına istinadla yazır ki, o, 2013-2024-cü illərdə Bakıdakı 160 nömrəli liseydə təhsil alıb və daha sonra ADA Universitetinin tələbəsi olub. Abadinin adını açıqlamayan dostu bildirib ki, o hadisə zamanı evdə olub və digər saxlanılanlarla heç bir əlaqəsi yoxdur.
“Divarlarda qoyulmuş etiketlər millətçi, radikallara məxsusdur, buna baxmayaraq, polis bu əlaqələri tamamilə görməzdən gəlib, Ardeshir -in bədii mənşəyi və İran irsinə görə diqqətini ona yönəldib”.
Dostu Seifpour-un həbsdə olarkən pis rəftara məruz qaldığını da qeyd edib. O, həmçinin bir sıra hökumətyönlü xəbər saytları tərəfindən yayılan Seifpour-un şəkillərinin fərqli bir şəxsə aid olduğunu vurğulayıb. Seifpour-un “Linkedin” profilindəki fotolarda hökumətyönlü media tərəfindən müəyyən edilən şəxsdən fərqli bir şəxs təsvir olunur.

Hüquqi qiymətləndirmə: “Mesaj, yoxsa zərurət?
Hüquqşünas Fariz Namazlı hesab edir ki, mediada “tarixi abidəyə zərər vurulması” mövzusunun bu qədər qabardılması işin Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə araşdırılma ehtimalını artırır. Bu maddə dövlət tərəfindən qorunan mədəniyyət obyektlərini qəsdən məhv etmə və ya zədələmə hallarını tənzimləyir. Hüquqşünasın fikrincə, hadisənin bir qrup şəxs tərəfindən törədildiyi iddia olunarsa, 246.4.3-cü maddənin tətbiqi gündəmə gələ bilər. Bunun üçün isə dəyən ziyanın 3 min manatdan artıq olması sübuta yetirilməlidir:

“Binaya qraffiti çəkilməsi nəticəsində 3 min manatlıq ziyanın yarandığını iddia etmək çətindir. Hər halda, ziyanın məbləği ekspertiza ilə müəyyən edilməlidir. Digər tərəfdən, hadisənin mediada geniş və ittihamedici şəkildə təqdim olunması hüquqi zərurətdən çox, ictimaiyyətə mesaj vermək və bu tipli halların qarşısını profilaktik üsulla almaq məqsədi daşıyır”.
Fariz Namazlı əlavə edir ki, şəxslərin görüntülərinin yayılması və onlara qarşı aparılan kampaniya həm şəxsi həyata hörmət hüququnu, həm də təqsirsizlik prezumpsiyasını pozur.
Qorunan fasad, dağıdılan Bayırşəhər

Baş verənlərin fonunda isə Bayırşəhərdə tarixi abidələrin sökülməsi davam edir. Təzəpir məscidi ətrafındakı qədim tikililərin dağıdılmasına qarşı sakinlərin və memarların etirazları, minlərlə imzanın toplanması artıq sənədləşmiş bir ictimai faktdır. Paradoksal məqam isə odur ki, bütün bunlar 2026-cı ilin rəsmi olaraq “Şəhərsalma və Memarlıq İli” elan edildiyi bir dövrə təsadüf edir.
Memar Dilqəm İsmayılov Azadlıq Radiosu-na bildirib ki, qraffiti çəkilən divarı yenidən boyamaq texniki cəhətdən çox sadə bir prosesdir və artıq icra edilib. Onun sözlərinə görə, Nizami Kino Mərkəzinə qraffitidən daha böyük zərərlər rəsmi səviyyədə vurulur:
“Binanın üzərində qeyri-estetik afişalar və konstruksiyaya ziyan vuran avadanlıqlar var. Xüsusilə, ikinci mərtəbədəki terrasda şüşədən artırılma restoran tikilib ki, bu da binanın ilkin memarlıq üslubuna tamamilə ziddir və abidənin görkəmini pozur”.
Tarixi abidələrin qorunmasında ikili standart
“Tarixi-mədəni və Təbii İrsi Qoruma” İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova abidələrin qorunmasında açıq-aşkar ikili standartların olduğunu vurğulayır:

“Nizami Kino Mərkəzinin yaxınlığında, Qış Parkı ərazisində onlarla tarixi abidə buldozerlərlə yerlə-yeksan edildi və bu proses hələ də davam edir. Bir abidəni (qraffitiyə görə) belə sərt qoruyub, digərlərini dağıtmaq hansı məntiqə sığır? Mədəni irsə cavabdeh olanlar özləri bu tarixin qənimi kəsiliblər”.
Ekspert binaların reyestrdən çıxarılması prosedurunu da kəskin tənqid edib. O bildirib ki, istədikləri binanı gizlicə siyahıdan çıxarıb sökürlər və qanunvericiliyə ictimaiyyətdən xəbərsiz dəyişikliklər edilir:
“Milli Məclis isə real qoruma tədbirləri görmək əvəzinə, yalnız cərimələri artırmaq yolu ilə büdcə doldurmaqla məşğuldur”.
Güc nümayişi üçün yeni qurbanlar
İctimai fəal Rüstəm İsmayılbəyli sosial media hesabında bu hadisəni hakimiyyətin xalqa güc nümayiş etdirmək cəhdi kimi qiymətləndirib. O, son aylarda bəzi “TikTok” istifadəçilərinin canlı yayındakı davranışlarına görə həbsini də buna misal olaraq göstərir:
“Azərbaycan hakimiyyəti ictimai məkanı tamamilə təmizləyib. Vətəndaş cəmiyyəti və müxalifəti bitirəndən sonra ona tez-tez güc nümayiş etdirmək üçün növbəti qurbanlar lazım olur. Hansı qurbanlar xalqın qarşısında oda atılmaq üçün daha uyğundursa, o gün onları seçirlər”.
Dünyada və qonşu ölkələrdə vəziyyət necədir?
Avropada və qonşu ölkələrdə qraffitiyə yanaşma, bir qayda olaraq, əmlakın qorunması ilə gənclərin özünüifadəsi arasındakı balansın tapılmasına yönəlir. Məsələn, Almaniya və Britaniyada icazəsiz qraffiti çəkmək əmlaka ziyan vurmaq sayılsa da, şəhərlərdə gənclər üçün xüsusi sərbəst divarlar ayrılır. Qonşu Gürcüstan və Türkiyədə tarixi abidələrə müdaxilə cərimələnsə də, bu, nadir hallarda uzunmüddətli həbs qətimkan tədbirləri ilə nəticələnir. Rusiyada isə analoji əməllər “vandalizm” maddəsi ilə tənzimlənir, lakin orada da sərt cəzalar daha çox siyasi xarakterli mesajlara görə tətbiq edilir. Bir sözlə, inkişaf etmiş ölkələrdə məqsəd gəncləri ağır cinayət maddələri ilə həbsə atmaq deyil, həm şəhərin görkəmini, həm də gənclərin özünüifadə haqqını qorumaqdır.