Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Bakıda İtaliyanın Baş naziri Corciya Meloni ilə əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə görüş keçirib. Görüşdən sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, İtaliya Azərbaycanın əsas strateji tərəfdaşlarından biri olmaqla yanaşı, ölkənin bir nömrəli ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi ötən il təxminən 12 milyard dollar təşkil edib.
“İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir”, – Əliyev deyib.
Görüşdə əsas diqqət enerji əməkdaşlığına yönəlib.O bildirib ki, Azərbaycan ötən il xaricə 25 milyard kubmetr qaz ixrac edib, bunun 9,5 milyard kubmetri İtaliyaya gedib.
Prezidentin sözlərinə görə, Azərbaycan hazırda İtaliyanın həm neft, həm də qaz təminatında ikinci yerdədir.
Əliyev bildirib ki, qaz ixracını artırmaq üçün Trans Adriatik Boru Kəməri (TAP) genişləndirilməlidir.
“Bu həcmi artırmaq istəyirik. Bunun üçün TAP-ın genişlənməsi lazımdır”, – o deyib.
İtaliyanın Baş naziri Corciya Meloni də çıxışında Azərbaycanın İtaliya üçün enerji təhlükəsizliyində mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi başlayandan sonra Azərbaycan qazı və nefti İtaliyanın enerji təhlükəsizliyi üçün “müəyyənedici amil” olub.
“İtaliyaya qaz və neft ixracı ölkəmizin enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır”, – Meloni bildirib.
Tərəflər enerji əməkdaşlığının təkcə həcmlərlə yox, sənaye tərəfdaşlığı və yeni investisiyalarla genişləndirilməsi məsələsini də müzakirə ediblər.
İlham Əliyev deyib ki, Azərbaycan Dövlət Neft Fondu son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Onun sözlərinə görə, bu investisiyaların yeni layihələrə yönəldilməsi imkanları da gündəmdə olub.
Prezident, həmçinin İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunaraq bildirib ki, hazırda ölkədə 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri tərəfindən 23 layihə həyata keçirilməkdədir.
Meloni isə bildirib ki, İtaliya 2026-cı ilin ikinci yarısında Bakıda biznes forum keçirməyi planlaşdırır. Baş nazirin sözlərinə görə, məqsəd siyasi əməkdaşlığı konkret iqtisadi imkanlara çevirməkdir.
Tərəflər Azərbaycanla Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin vacibliyini də qeyd ediblər. Meloni bildirib ki, enerji və nəqliyyat sahələrində Avropanın Azərbaycana daha çox dəstək verməsi vacibdir.
Corciya Meloni bildirib ki, İtaliya Azərbaycanla münasibətləri “uzunmüddətli strateji tərəfdaşlıq” kimi görür.
“İtaliya Azərbaycanla həyata keçirdiyi mühüm tərəfdaşlığı uzunmüddətli tərəfdaşlıq kimi görür və bundan sonra da uzunmüddətli olmasını istəyir”, – İtaliya Baş naziri deyib.
Görüşdə enerji ilə yanaşı, infrastruktur, bağlantı, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlıq, eyni zamanda regional məsələlər – İranla bağlı gərginlik, Ermənistanla normallaşma prosesi və Ukraynadakı müharibə də müzakirə olunub.